📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xəstəxana qəzalı vəziyyətdə imiş - Nazirlik məlumat yaydı

2026-11-12 19:26:28

Xəstəxana qəzalı vəziyyətdə imiş - Nazirlik məlumat yaydı

Səhiyyə Nazirliyi təmirə bağlanan  Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ilə bağlı məlumat yayıb.

Hurriyyet.net xəbər verir ki, məlumatda institutun binasının texniki vəziyyəti ilə əlaqədar korpuslardan birinin fəaliyyətini dayandırdığı qeyd olunub.

Bildirilib ki, uzun müddət istismarda olan binanın texniki vəziyyətinin qiymətləndirilməsi zamanı onun bəzi hissələrinin qəzalı vəziyyətdə olduğu müəyyən edilib. Tibbi personalın və pasiyentlərin təhlükəsizliyini əsas götürülərək müvafiq korpusun fəaliyyətinin dayandırılması qərara alınıb.

Pasiyentlərə göstərilən xidmətlərin fasiləsizliyinin təmin edilməsi məqsədilə müvafiq tibbi yardımın Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyində fəaliyyət göstərən ixtisaslaşmış tibb müəssisələrində təşkili nəzərdə tutulur.

Bu çərçivədə pasiyentlərin tibbi göstərişlərinə və müalicə ehtiyaclarına uyğun olaraq müvafiq profilli tibb müəssisələrinə yönləndirilməsi təmin ediləcək.

Həyata keçirilən tədbirlərin əsas məqsədi pasiyentlərin və tibb işçilərinin təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda əhaliyə göstərilən tibbi xidmətlərin davamlılığının qorunmasıdır.