“Xəstəxananın qarşısında bir saat izləmək kifayətdir ki…” - Fazil Mustafa
"Hakimlərin əməkhaqqı məsələsinin təcili olaraq həll olunması vacibdir. Biz dövlət qulluqçularının əməkhaqqını artırmışıq və bu, doğru alınan qərardır. Amma hansısa məhkəmənin aparat rəhbəri məhkəmə sədrindən daha yüksək maaş alır".
Musavat.com-un məlumatına görə, bunu Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
"Amma biz istəyiriksə məhkəmə daha ədalətli və şəffaf fəaliyyət göstərsin, qərarlar çıxarsın, onların əməkhaqqı məsələsinə olduqca həssas yanaşmağa borcluyuq", - deyə deputat bildirib.
Fazil Mustafa digər önəmli məsələdən bəhs edərkən həmkarı akademik Əhliman Əmiraslanovun çıxışına toxunub:
"Əhliman müəllimin onkoloji xəstəliklərlə bağlı icbari tibbi sığortanın bu xidmətlərə yönəlməsinin vacibliyini vurğulaması dəfələrlə burada səsləndirilsə də, hələ ki, bu məsələ öz həllini tapmayıb. Bunun həllinin vacib olduğunu görmək üçün təbii ki, xəstəxananın qarşısında durub bir saat izləmək kifayətdir ki, yüzlərlə insanın hansı sıxıntı çəkdiyini görülsün. Böyük əksəriyyətin xaricə müalicə almağa getmək imkanı olmadığına görə özümüzü o insanların yerinə qoyub onların mütləq icbari tibbi sığortanın müəyyən xidmətlərindən istifadə etməsini təmin etməliyik".
F.Mustafa bu sahədəki durumdan bəhs edərkən daha sonra bunları deyib:
“Maraqlıdır ki, MRT və KT adlanan yoxlama qurğularında dövlət xəstəxanalarında minlərlə adam növbəyə durur, amma özəl xəstəxanalarda heç bir növbə olmur. Bu nə deməkdir? Biz heç olmasa oradakı imkanı çatan insanlara yarı qiymətini ödəməklə bu müalicənin təmin olunmasına köməklik göstərməliyik. Özəl xəstəxanaların da yad bir mexanizm kimi görülməsinə artıq son verməliyik. Rayonlarda normal müalicə imkanı əldə edə bilməyib hamının Bakıya axışması bizim xəstəxanaların nə qədər yüklənməsinə səbəb olur. Ona görə biz həm də regionlarda xəstəxanaların maddi-texniki bazasının yüksəlməsinə nail olmalıyıq".