“Xəzərdə sahil xəttindən 800 metrə qədər geriçəkilmələr var”
“Bu gün Xəzərin mövcud sahil xəttindən faktiki dənizin sahilə təmas xətti arasında bəzi hallarda 800 metrə qədər geriçəkilmələr var”.
Hurriyyet.net xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin İdarə Heyətinin sədr müavini Fərid Cəfərov bu gün keçirilən mətbuat konfransında bildirib.
“Bu gün Xəzər dənizinin geri çəkilməsi aktual bir məsələdir. 24 avqust 2016-cı ildə Nazirlər Kabineti tərəfindən Xəzər dənizinin sahilboyu zolağı müəyyən olunmuşdu. Biz ora sıfır xətt deyirik, yəni dənizin sahil ilə təmasının sıfır xətti və ona uyğun olaraq da mühafizə zolaqları 20 və 50 metr sahil xəttindən quruya doğru mühafizə zolaqları müəyyən olunmuşdu və mövcud qanunvericiliyə əsasən, həmin ərazi də müstəsna dövlət mülkiyyətidir.
Sözügedən Fərmanda o tapşırıq da var ki, biz mövcud vəziyyət nəzərə alınmaqla sahil zolağı, sahilboyu ərazilərin xəritələşdirilməsi prosesini aparacağıq. Bu xəritələr hazırlandıqdan sonrakı zonalaşma prosesi və qeyd olunan geriçəkilmə zamanı kadastr məlumat bazasına əsasən bu gün mövcud sahil xəttindən faktiki dənizin sahilə təmas xətti arasında bəzi hallarda 800 metrə qədər geriçəkilmələr var ki, bu da kifayət qədər böyük ərazidir. Amma mövcud qanunvericiliklə həmin ərazilər onsuz da Xəzər dənizinin akvatoriyasına aid torpaqlardır və bu gün də o hüquqi statusunu saxlayır. Sadəcə olaraq digər müvafiq orqanlarla həmin ərazilərin statusu Ekologiya və Təbii Sərvətlər Nazirliyidir, Su Ehtiyatları Dövlət Agentliyidir, Xəzər Dəniz Gəmiçiliyidir, Fövqəladə Hallar Nazirliyidir və bir sıra sahə Dövlət Sərhəd Xidməti ilə birlikdə bu məsələnin həmin ərazilərin statusuna və onların istifadə vəziyyətinə dair aydınlıq gələcək. Amma qısa olaraq qeyd etmək istəyirəm ki, onlar hazırda Xəzər dənizinin akvatoriyasına aid dövlət mülkiyyətində və istifadəsi qadağan olunan ərazilərdir”, - o əlavə edib.