📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xoşqədəmin, Zaurun və Elgizin ümidinə qalan cəmiyyət - Günahı onlarda yox, özümüzdə axtaraq

2023-11-14 15:31:07

Xoşqədəmin, Zaurun və Elgizin ümidinə qalan cəmiyyət - Günahı onlarda yox, özümüzdə axtaraq

Xoşqədəm cinayətlərin üstünü açır, Zaur əməliyyat-axtarış tədbirləri həyata keçirir, Elgiz də ailə-məişət problemlərini həll edir…

Bu gün cəmiyyətimizin ən böyük problemlərindən biri də insanların ümidini problemləri ilə maraqlanacaq dövlət orqanlarına deyil, telekanallarda yayımlana proqramlara  bağlamasıdır. Belə proqramları insanların pənah yeri kimi görməsi və müəyyən mənada problemlərinin həll edilməsi onlara haqq qazandırır. Onlara haqq qazandırmağına qazandırır, amma qurumların da nüfuzunu aşağı salır. Məsələn, bir müddət əvvəl Zaur Baxşəliyevin və Xoşqədəm Hidayətqızının müvafiq janrlı proqramlarında ayrı-ayrılıqda iki körpənin həyatda qalması üçün yığılan milyonlarla vəsaitdən sonra elə mən də başa düşmüşdüm ki, bu aparıcıların cəmiyyət üçün faydası, o uşaqların haqlarına girənlərdən qat-qat yüksəkdir. Bəli, indiki şəraitdə rüşvətxor məmurlardan, büdcəni talayanlardan, millətini düşünməyən vəkillərdənsə, bizə məhz Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyev lazımdır. Çünki mövcud şəraitdə günümüzün qəhrəmanı onlardır, bu faktı dana bilmərik. Yox, əgər bunun problem olduğunu düşünürksə, günah yenə də onlarda yox, bizdədir.

Əgər belə olmasaydı, Tolik güc strukturları kimi tədbir görərdi? Xoşqədəm Hidayətqızı cinayətlərin üstünü açardı? Zaur Baxşəliyev əməliyyat-axtarış tədbirləri həyata keçirər, Elgiz Əkbər də ailə-məişət problemlərini həll edərdi? Əgər ölkənin ən ciddi problemlərini şou adamları müəyyənləşdirib həll edirsə, deməli, aidiyyəti qurumlar ən azından bundan nəticə çıxarmalıdır.

Bu kimi proqramlara ("Elgizlə izlə", "Səni axtarıram", "Bizimləsən" və.s ) müraciət edən adamların əksəriyyəti ya ağlı başında olmayan əqli qüsurlu, ya da ki, travmalı, dava-dalaşa meyilli insanlar olur. Beləliklə, bu insanları lağlağı obyektinə çevirib sosial şəbəklərdə paylaşılır, onların vasitəsi ilə isə reytinq əldə edilir. Yəni, bu verilişlər sanki insanların hisləri ilə oynamaq bahasına ayaqda qalır. Hər şey bir yana, deyək ki, insani dəyərləri, əqidəni, vicdanı, mənəvi hislərimizi şəxsi maraqlara qurban vermişik, bəs, aidiyyəti dövlət orqanları niyə tədbir görmür? Vallah, onların yerinə biz utanır, biz vicdan əzabı çəkirik.

TNS.az