📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

2026-11-05 14:35:01

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublika stadionunun qarşısında yerləşən nəqliyyat mübadilə mərkəzində yaradılmış vəziyyət artıq dözülməz həddə çatıb.

Belə ki, BakuBus və AYNA-nın təşkil etdiyi sistem çərçivəsində həmin ərazidə sərnişinlərin qarşısına xüsusi baryerlər qurulub və insanlar avtobusa minmək üçün növbəyə düzülməli olurlar. Təsəvvür edin, insan işdən çıxır, 9-10, bəzən 12 saat işlədikdən sonra evinə qayıtmaq istəyir, lakin bunun üçün əvvəlcə onlarla, bəlkə də yüzlərlə insanın dayandığı növbəyə qoşulmalıdır. Bəzən 40-50 dəqiqə, hətta bir saat gözləmək lazım gəlir. Bu, ictimai nəqliyyatdır, yoxsa sərnişinlərin səbrini sınağa çəkən bir sistem?

XXI əsrdə, texnologiyanın inkişaf etdiyi, dünyanın bir çox şəhərində ictimai nəqliyyatın daha əlçatan və rahat olması üçün müxtəlif həllərin tətbiq edildiyi bir dövrdə Bakıda insanlar avtobusa minmək üçün baryerlərin arxasında növbəyə düzülürlər. Bu mənzərə hansı dövrün nəqliyyat sistemini xatırladır? Məgər paytaxt sakinlərinin avtobusa rahat minməsi üçün normal şərait yaratmaq bu qədər çətindir?

Günün 9-10, bəzən 12 saatını işləyərək keçirən insanın işdən sonra bir saat da avtobus növbəsində dayanması nə deməkdir? İnsanların ailəsi, istirahəti, şəxsi həyatı yoxdurmu? Onsuz da gün ərzində iş yükündən yorulan vətəndaş evinə çatmaq üçün əlavə saatlarını küçədə keçirməli olur. Bəzən saat 18:00-da işdən çıxan bir insanın evə çatması saatlarla uzanır. Bu, sadəcə vaxt itkisi deyil, insanların gündəlik həyatından, istirahətindən və sağlamlığından alınan zamandır.

Vəziyyəti daha da ağırlaşdıran məqam isə növbəni təşkil edən Rüstəm adlı dispetçerin sərnişinlərlə davranışıdır. Belə ki, bu absurd növbə sisteminə haqlı olaraq etiraz edən vətəndaşlar dispetçerin kobud rəftarı ilə qarşılaşdıqlarını bildirirlər. Sərnişinlərin narazılığını dinləmək, onların nə üçün etiraz etdiyini anlamaq əvəzinə, onlarla sərt və kobud danışılır. Sanki saatlarla növbədə gözləmək tamamilə normaldır, bu vəziyyətə etiraz etmək isə qəbuledilməzdir.

Daha dəhşətlisi odur ki, mövcud vəziyyət adi və normal bir qayda kimi qəbul etdirilməyə çalışılır. İnsanlar baryerlərin arxasında növbəyə düzülməli, gözləməli, narazılıqlarını bildirdikdə isə kobud münasibətlə üzləşməlidirlər. Bu nə yanaşmadır? Sərnişin ictimai nəqliyyatdan istifadə etmək üçün niyə belə münasibətə dözməlidir? Dispetçer vətəndaşlarla mübahisə etmək üçün deyil, sərnişinlərə xidmətin düzgün təşkilinə kömək etmək üçün oradadır.

Ən vacib suallardan biri də budur: Niyə M5 marşrutu üzrə sərnişin tələbatına uyğun sayda avtobus xəttə buraxılmır? Niyə əlavə avtobusların ayrılması əvəzinə insanlar üçün baryerlər qurulur və növbə sistemi yaradılır? Baryerlərin arxasında növbəyə düzülən yüzlərlə insan ictimai nəqliyyatın inkişaf göstəricisidir, yoxsa sistemdəki çatışmazlığın açıq sübutu?

Üstəlik, qarşıdan qış mövsümü gəlir. Hazırda insanlar nisbətən mülayim hava şəraitində 40-50 dəqiqə, bəzən bir saat növbədə gözləyirlərsə, qışda nə olacaq? Yağışın altında, güclü küləkdə, şaxtada, soyuqda insanlar yenə də baryerlərin arxasında dayanıb avtobus gözləyəcəklər? Gün ərzində işləyib evinə qayıtmağa çalışan vətəndaşlar qışın sərt havasında da bu əziyyətə qatlaşmalıdırlar? Bəs yaşlı insanlar, uşaqlı valideynlər və digər sərnişinlər necə?

Bu vəziyyətə indidən müdaxilə edilməsə, qış aylarında sərnişinlərin qarşılaşacağı çətinliklər daha da ağırlaşa bilər. AYNA və BakuBus MMC bu mənzərəni görmürmü? Problemin həlli üçün niyə indidən konkret addımlar atılmır?

AYNA və BakuBus MMC qarşısında cavablandırılmalı ciddi suallar var:

* M5 marşrutu üzrə Tofiq Bəhramov adına stadionun qarşısında sərnişinlərin baryerlər arxasında növbəyə düzülməsinə hansı zərurət səbəb olub?

* İnsanlar niyə 40-60 dəqiqə avtobus gözləməli olurlar?

* Sərnişin tələbatını qarşılamaq üçün niyə əlavə avtobuslar ayrılmır?

* Bu növbə sisteminin yaradılması hansı əsaslandırmaya söykənir?

* Növbəni təşkil edən dispetçer Rüstəmin sərnişinlərlə kobud davranışına kim nəzarət edir?

* Vətəndaşların etirazlarına kobud münasibət göstərilməsi qurumların xidmət prinsiplərinə uyğundurmu?

* Qış gəlməmiş bu vəziyyətin aradan qaldırılması üçün hansı tədbirlər görüləcək?

İctimai nəqliyyat insanların həyatını asanlaşdırmalı olduğu halda, niyə onların gündəlik həyatını daha da çətinləşdirir? İnsanlar işdən çıxıb evlərinə rahat şəkildə qayıtmaq əvəzinə, niyə avtobus növbəsində saatlarını itirməlidirlər?

AYNA və BakuBus MMC, sərnişinlər baryerlərin arxasında növbəyə düzülmək üçün deyil, rahat şəkildə avtobusdan istifadə etmək üçün ictimai nəqliyyata üz tuturlar! XXI əsrdə paytaxt sakinlərini avtobus növbəsinə məhkum etmək nə müasir nəqliyyat anlayışına, nə də sərnişin hüquqlarına uyğundur. Bu absurd vəziyyətə nə vaxt son qoyulacaq? İnsanlar daha nə qədər gözləməlidirlər?
XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sonxeber.az-a açıqlamasında bildirdi ki, mən hesab edirəm ki, burada əsas problem ictimai nəqliyyatın sərnişin tələbatına uyğun təşkil edilməməsi və idarəetmədə ciddi nöqsanların olmasıdır. İnsanlar avtobusdan istifadə etmək üçün 40-50 dəqiqə, hətta bir saata yaxın növbədə gözləməli olurlarsa, bu, artıq adi sıxlıq deyil, nəqliyyat xidmətinin təşkilində ciddi uğursuzluqdur. Sərnişin daşımaq insanların saatlarla növbədə saxlanılması demək deyil. Əgər M5 marşrutuna tələbat bu qədər yüksəkdirsə, deməli, həmin istiqamətdə avtobusların sayı artırılmalı, pik saatlarda interval qısaldılmalı və sərnişin axınına uyğun çevik qrafik tətbiq edilməlidir.

Digər tərəfdən, dispetçer xidmətinin fəaliyyəti də ciddi araşdırılmalıdır. Heç bir dispetçerin sərnişinlərlə kobud davranmağa, özünü insanların qarşısında toxunulmaz şəxs kimi aparmağa haqqı yoxdur. Vətəndaş nəqliyyat xidmətindən istifadə etmək üçün pul ödəyirsə, əvəzində normal münasibət və keyfiyyətli xidmət tələb etmək hüququna malikdir. Sərnişinlərin narazılığına məhəl qoyulmaması, onların saatlarla növbədə saxlanılması və üstəlik kobud rəftarla üzləşməsi qəbuledilməzdir.

Məncə, aidiyyəti qurumlar bu məsələyə formal yanaşmamalıdır. İlk növbədə, həmin məntəqədə real sərnişin axını öyrənilməli, avtobusların sayı artırılmalı, dispetçerlərin fəaliyyəti nəzarətə götürülməli və sərnişin şikayətləri əsasında araşdırma aparılmalıdır. Əks halda, müasir nəqliyyat infrastrukturu qurmaqla iş bitmir. Əgər vətəndaş həmin infrastrukturdan istifadə edərkən saatlarla gözləməyə və kobud münasibətə məruz qalırsa, deməli, xidmətin keyfiyyətindən danışmaq mümkün deyil. İctimai nəqliyyat insanların həyatını asanlaşdırmalı olduğu halda, onların vaxtını və əsəblərini alan əlavə problemə çevrilməməlidir.

Müəllif: İlkin Məmmədkərimov