📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yanvar qətliamının 32-ci ili...

2022-01-25 14:04:00

Yanvar qətliamının 32-ci ili...

 

Nə üçün Bakını qana bələyənlərə “rus hərbçiləri” yox, “sovet ordusu” deyirik?

32 il keçdi, nə bir cəllad cəzalandı, nə də bir “qəssabxana keçisi”

İqtidar əgər xalqı ağ günə çıxartmaq istəyirsə, avropasayağı demokratiya oyununa tüpürüb, fövrən “beşinci kolanna”nın bütün başbilənlərini, onların nökər-naiblərini zərərsizləşdirməlidir. Yaxşı məqamdır, millət qələbə əhvali-ruhiyyəsi ilə yaşayır, xalq Prezidentə Müzəffər deyir, göz dəyməsin ordu formalaşıb, daha nələr, nələr...

 

32 il keçdi, Yanvar qətlamında rus cəlladlarının üzəngi titanlarının, qəssabxana keçilərinn birinə də güldən ağır söz deyilmədi. Böyük məharətlə hakimiyyəti təzədən qamarlamış kommunist nomenklatura ona lakeylik etmiş “pambuq bəylərnin” birini də cəzalandırmadı.

Niyə də cəzalanmalı idilər? Onlar boyunlarına düşən bütün öhdəlikləri canla-başla yerinə yetirdilər. İqtisadiyyat bərbad oldu, ölkənin az qala yarısı düşmən tapdağına düşdü, xalqın olan-qalan inamı qırıldı, xaos, başıpozuqluq da öz yerində. Sovet hakimiyyəti dövründə məmləkətdə hakimi mütləq olan partiya xadimləri əsl fatehlər kimi köhnə kabinetlərinə qayıtdılar. Nə qan tökdülər, nə tərə batdılar, nə dualıq oldular, içərilərində bir burnu qanayan da olmadı. Kimin ağlına gələrdi ki, Ramiz Mehdiyev kimi partokrat bir azdan əsl diktatora çevriləcək və ulu öndərin xəstəliyindən istifadə edərək, hər yerə öz sədaqətli səhabələrini təyin edəcək. Əlqərəz, indi bu söhbətin daha yeri deyil, inşallah vaxt gələcək, bu barədə ətraflı danışacağam.

...Günahsız həlak olanların şəninə söylənmiş, qələmə alınmış şeirlərin, bəstələnmiş musiqi əsərlərinin yaratdığı ab-hava da əsl günahkarları xalqın haqq qəzəbindən qorudu. Acınacaqlısı o idi ki, bəzi ayran vətənpərvərləri Bakını qana bələyənlərə rus hərbçiləri yox, çox vaxt sovet ordusu deyirlər. Nə Baltikyanı ölkələrdə, nə də İrəvanda, Tiflisdə Moskva bizdəki qədər qan tökməyə cürət etməzdi. Əvvəla ona görə ki, səlib dünyası bunu qoymayacaqdı, ikincisi, heç bir xalq buna dözməzdi.

Amma Azərbaycan dözdü, nə Yanvar qətlamından, nə də Xocalı dəhşətindən sonra bu ölkədə rusa güldən ağır söz deyilmədi. Yadınıza başqa əhvalatı salıram, 88-89-cu illərdə orduya çağırış planı bizdə yüz faizdən çox yerinə yetirildi. Belə gəda canfəşanlığına görə bizim hərbi komissarı Moskva mükafatlandırdı, Azərbaycana gələn əsgər tabutlarının sayı-hesabı yox idi. Bakıda yürüşlər, mitinqlər başladı, getdikcə güclənən xalq cəbhəsinin liderləri pərdə arxasında hökumətlə razılaşaraq ümumi etiraz dalğasını çox da qalxmasına imkan vermədilər. Yenə də azərbaycanlı gənclərini Rusiyanın ən ucqar regionlarına apardılar. Gələn tabutların sayı isə birə on artdı...  Milləti göz qabağında satanlar qətlam gecəsi qaçıb gizləndilər. Bu avantürist liderlərin həmin məşum gecədə harada gizləndiklərini, kimlər ilə durub-oturduqlarını bütün dəqiqliklə mətbuatda göstərmişdim. Bu işdə əlbəttə ki, mən tək deyildim.

Sözümün canı bu deyil. Sadəcə onu demək istəyirəm ki, Yanvar qətlamında nə qədər soydaşlarımız şəhid oldu, amma biz rusa, istər hərbçi olsun, istərsə də şəhər sakini, heç kim tərs nəzərlə baxmadı da!

Erməni köpək oğlu isə bir təhqir üstündə Rostovda ordunun Baş qərargahının yüksək rütbəli zabitini evinin içində güllələmişdi. Mənim əlimə isə qətlamda canfəşanlıq etmiş 36 erməni hərbçinin siyahısı düşmüşdü. Həmin siyahıda bu cəlladlar barədə səhih məlumatlar vardı, yəni iş yerləri, ünvanlar. Siyahını Sabir Rüstəmxanlıya verib dedim: - Sabir, özün bilirsən ki, mən Əbülfəz Elçibəy və İsa Qəmbərin rəhbərlik etdiyi dəstəni görməyə gözüm yoxdur. O ağalarla durub-oturursan, ver bu siyahını onlara, gör bir şey edə bilərlər. Əlləri xalqımızın qanına batmış cəlladları elə-belə unutmaq olmaz...

... Bir azdan hər şey unuduldu. Bəzən soruşurlar ki, biz Qarabağı itirməyə bilərdikmi? Bilərdik! Sadəcə olaraq Yanvar qətlamında qəssabxana keçisi rolunu oynayanlar, on ilə yüz əlli qrankalıq bir axmaq dissertasiyanı yaza bilməyən laborantlar, təfəkkürləri çayxanalarda formalaşanlar, kütlükləri ucbatından düşmən əlində marionetə döndüklərini qanmayanlar, marginalların qiyə-qışqırığı altında vəzifə kreslolarına dırmaşanlar fövrən cəmiyyətdən təcrid olunmalı idilər. Bu edilmədi! Moskvaya da, ermənilərə də bu əl verirdi. Özlərini əsl millətçi sayan qibləsini unutmuş qəzet zinakarlarının əlləri ilə millətin içinə pərxaşlıq salındı, bu talışdır, bu tatdır, bu da kürddür, xülasə bunlar türk deyillər, bu isə partokratdır, qanı halaldır. Bu nadanlar hələ başa düşməmişdilər ki, lider saydıqları şəxslərin özləri başda oturmuş böyük partokratın iradəsini yerinə yetirirlər.

Qətlam gecəsi gözə görünməyənlərin hakimiyyətə gəlməsi Moskvanın karına gəlirdi. Bunların özləri kim idilər ki, dörd tərəfdən hücuma məruz qalmış naxələf övladlarının əlləri ilə bəla girdabına sürüklənən Azərbaycanda Ordu da yaradaydılar?

Rusiyada orduda qulluq edin yüzlərlə peşəkar zabit vətənlərinin dadına çatmaq üçün Azərbaycana dönmüşdü. Əksəriyyətinin ürəklərini qırdılar... Pənah Hüseynov, Fəhmin Hacıyev kimi odioz fiqurların “atamanlıq” etdiyi məkanda peşəkar zabitin qədrini bilərlər? O bölgə yox idi ki, orada vətəni üçün ölümə getməyə hazır olan oğullar, qızlar olmasın. Özlərinə cəbhəçi deyən marginallar və onların iplərini dartan “bəylər” bu qədər qüvvəni nə əməlli vuruşmağa qoydular, nə də vahid qüvvəyə dönməyə.

Məəttəl qalınasıdır, ümumi qətlamdan sonra hökumət cəlladların qulluğunda durmuş, üsul-idarəyə canla başla qulluq etmiş zabitlərimizin rütbələrini qaldırdı. İndi bunlar bizim aramızda saymaz-saymaz gəzirlər...

Ayın 20-də yenə də Şəhidlər Xiyabanına ziyarətə gələnlərin ardı-arası kəsilmədi. Axşam da bütün telekanallarda bacarıqla çəkilmiş kliplər göstərildi. Hadisələrin canlı şahidi kimi, 32 il keçməsinə baxmayaraq, hər dəfə bəzi lentlərə baxa bilmirəm, mənim üçün çox ağırdır. Telekanallarda, maşallah, çıxış edənlərin sayı-hesabı yoxdur. Amma Yanvar qırğını ərəfəsində şəhərin müxtəlif yerlərində, Azadlıq meydanında getmiş mitinqlərdə mütamadiyən ən kəskin çıxışlar etmiş, xalqı rus şovinizminə, kommunist diktaturasına qarşı mübarizəyə səsləmiş Mənsur Əlisoy, Məhəmməd Hatəmi, Seyid Tahir Qarabaği yada düşmür. Xəlil Rza Ulutürkün odlu-alovlu çıxışları unudulandır? Onun hər dəfə “Qalx ayağa Vətənim, canım Azərbaycanım!” deyərək hayqırması meydanı lərzəyə gətirərdi.

Sovet hakimiyyətinin süqutu yaxınlaşırdı. Geo-siyasi mövqeyinə, təbii sərvətlərinin  zənginliyinə görə misilsiz əhəmiyyət kəsb edən Azərbaycan kimi yağlı tikəni nə Qərb, nə də Rusiya əldən vermək istəmirdilər. Noxudu qırx yerdən deşə bilən səlib dünyasının siyasətçiləri gözəl bilirdilər ki, intellektləri daş əsri səviyyəsində olan ədaları yerə-göyə sığmayan “pambuq bəyləri” nə ordu yarada biləcəklər, nə də dövlətin ağır yükünü çəkəcəklər. 20 Yanvarda millətin qeyrətli balalarını cəlladların qarşısına silahsız çıxarıb, sonra da qaçıb gizlənənlərdən nə gözləmək olardı?

...Ölkənin beşdən bir hissəsi viran, minlərlə şəhidin sümükləri sürməyə dönüb, minlərlə ocaq sönüb. Bu dəhşətin təməli 20 Yanvardan əvvəl qoyulmuşdu. Bütün baiskarlar, siyasi avantüristlər, ələlxüsus qəssabxana keçiləri bütün sulardan quru çıxdılar.

İqtidar əgər xalqı ağ günə çıxartmaq istəyirsə, avropasayağı demokratiya oyununa tüpürüb, fövrən “beşinci kolanna”nın bütün başbilənlərini, onların nökər-naiblərini zərərsizləşdirməlidir. Yaxşı məqamdır, millət qələbə əhvali-ruhiyyəsi ilə yaşayır, xalq Prezidentə Müzəffər deyir, göz dəyməsin ordu formalaşıb, daha nələr, nələr...

Firuz HAŞIMOV