Yaponiya Rusiyaya qarşı savaş açır?
Ukraynadan sonra Kuril adaları növbəti münaqişə ocağı ola bilərmi?
“Rusiya Cənub Kuril adalarını işğal edib”.
Bunu Yaponiya Xarici İşlər Nazirliyinin Avropa Departamentinin direktoru Hideki Uyama söyləyib.
“Şimal ərazilər işğal olunub və biz hesab edirik ki, bu, hazırda Rusiyanın Ukraynaya qarşı etdiyi hücum kimi, beynəlxalq hüquqa ziddir”, - o vurğulayıb.
Qeyd edək ki, Kuril adalarının cənub qrupu Yaponiyanın şimalında yerləşir. Yaponiya hesab edir ki, onun suverenliyi Kuril adalarının cənub hissəsinə qədər uzanır. Moskva və Tokio ötən əsrin ortalarından İkinci Dünya Müharibəsinin nəticələrindən sonra sülh müqaviləsi hazırlamaq üçün məsləhətləşmələr aparırlar. Bunun üçün əsas maneə Kuril adalarının cənub hissəsinə hüquqlarla bağlı fikir ayrılığı olaraq qalır. Müharibə bitdikdən sonra bütün arxipelaq Sovet İttifaqının tərkibinə daxil edilib, lakin Yaponiya İturup, Kunaşir, Şikotan və ona bitişik kiçik, yaşayış olmayan adalar qrupunun onların ərazisi olduğunu iddia edir. Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyi müvafiq beynəlxalq hüquqi formaya malik olan bu ərazilər üzərində Rusiyanın suverenliyinin şübhəsiz olduğunu dəfələrlə vurğulayıb.
Görəsən, Rusiya-Ukrayna münasibətlərinin gərginləşdiyi vaxtda Yaponiyanın bu məsələni gündəmə gətirməkdə hansı məqsədləri ola bilər?
Politoloq Samir Hümbətov Yaponiyanın indiki məqamda Kuril adaları ilə bağlı fikir səsləndirməsinin heç də təsadüfi olmadığını deyib. O, yaxın vaxtlarda Rusiya üçün yeni münaqişə ocağının Kuril adaları ola biləcəyini ehtimal edir:

"Ümumiyyətlə, Yaponiya ilə Rusiya arasında diplomatik əlaqə olsa da, onlar arasında sülh sazişi imzalanmayıb. Birinci və ikinci dünya müharibəsi arasında və ondan sonrakı mərhələdə Rusiya dəfələrlə Kuril adalarının özünə məxsus olduğunu qəbul elətdirməyə çalışdı. Lakin Yaponiya bunu qəbul etmədi. Artıq vəziyyət dəyişibdir. Hazırda Rusiya iqtisadi baxımdan Avropa və Qərb tərəfindən küncə sıxışdırılıb. Ciddi sanksiyalar tətbiq edilir. Artıq Çin də bir müddət Rusiyadan neft almayacağı ilə bağlı qərar qəbul edib. Təbii ki, bu da "nəbz yoxlanması" kimi qəbul edilə bilər. Eyni zamanda, Ukrayna cəbhəsində ciddi itkilər verməsi vəziyyəti tamam başqa istiqamətə yönəldir. Çin də bir qədər ehtiyyatlı davranır. Ukrayna cəbhəsində Rusiyanın ağır itkilər verməsi, vəziyyəti tamam başqa istiqamətə yönəldir. Rusiyanın digər ərazilərdə olan iddiaları yavaş-yavaş ikinci plana düşməyə başlayır. Bu gün Rusiya Ukraynada uğur əldə edə bilmirsə, bu artıq Rusiyanın beynəlxalq nüfuzunun düşməsi deməkdir. Digər ərazilərdə isə böyük güclərin marağının artmasına gətirib çıxara bilər.
Yaponiyanın indiki məqamda Kuril adaları ilə bağlı fikir səsləndirməsi heç də təsadüfü deyil. Bayden bildirdi ki, sanksiyaları tətbiq etmişik. Qeyd etmişdi ki, Yaponiya pulu ilə də ticarət Rusiyada dondurulur. Bu o deməkdir ki, ABŞ Yaponiyanı da müttəfiq bilir. Görünür ki, ABŞ hökümətinin Yaponiyaya da təlimatı olub. Yaponiya da öz növbəsində Kuril adalarını gündəmə gətirib. Sanki ara qarışmışkən hərə öz payını götürməyə, Kuril adaları məsələsində gücünü möhkəmləndirməyə çalışır. Bununla bağlı artıq siqnallar ötürür. Yəni Ukrayna daha çox dalana dirənərsə, yaxın vaxtlarda Rusiya üçün yeni münaqişə ocağı Kuril adaları ola bilər. Hesab edirəm ki, bu ABŞ-ın verdiyi təlimat əsasında Rusiyaya verilən siqnaldır. Bununla da Rusiyanın gücünü tükətməyə çalışırlar. Əslində, bu yeni münaqişə ocağının yaranması kimi də qiymətləndirilə bilər".
YƏHYA