“Yarasa” Şuşa istiqamətində hansı oyunlardan çıxmadı ki? - ERMƏNİ HƏRBİ EKSPERT
“Səhər tezdən döyüş gedən günü xatırlayıram. Şuşada necə döyüş olmayıb? Tankı vurmuşdular və onun top qülləsi partlayaraq 20 metr aralıya düşmüşdü. Döyüş olub, bu faktdır. Əsgərlərdə hətta bəzilərinin başlarında güllə yaraları olub!”
Hürriyyet.az xəbər verir ki, bunu ermənilərin populyar “SisMasis” Telegram kanalında təşkil edilən diskussiyada Van Ambartsumyan adlı tanınmış erməni hərbi ekspert bildirib. Van Ambartsumyan Şuşanın necə ələ keçirildiyindən danışaraq, Azərbaycan xüsusi təyinatlı qüvvələrini tərifləməkdən belə, çəkinməyib:
“Azərbaycan Dövlət Təhlükəsizlik Qüvvələrinin Xüsusi Təyinatlı qrupu olan “Yarasa” bizim döyüşçülərin təminatını kəsdi. Bizim döyüşçülər isə gözləmirdilər ki, azərbaycanlılar keçilməz hesab olunan sıldırım qayalardan hücum edəcəklər. Panika vardı, erməni qüvvələri nə edəcəklərini bilmirdilər, başıpozuqluq yaranmışdı! Mən həqiqəti deməyi sevirəm. Azərbaycan Silahlı Qüvvələrinin unikal piyada qoşunları var. Əgər siz də həqiqəti bilmək istəyirsinizsə, deyim. Mən ekspert kimi danışıram, millətindən və dinindən asılı olmayaraq, deməliyəm ki, onların super xüsusi təyinatlıları var. Onlar Kanadadan, İtaliyadan və hətta Fransadan ən müasir avtomatlar alıblar. Məsələn, “Yarasa” bütün dünya miqyasında unikal qoşun növüdür. Onlar müharibədən 12 saat əvvəl arxamıza keçərək, ordunun təminatını kəsdilər. “Yarasa” qrupunun döyüşçüləri erməni forması geymişdi və heç kim bunu başa düşmədi. “Yarasa” Şuşa istiqamətində hansı oyunlardan çıxmadı ki? Onlar Ermənistan xüsusi təyinatlılarının ovuna çıxmışdılar. Xüsusi təyinatlılarımıza qarşı unikal, təkrar edirəm, unikal əməliyyatlar keçirirdilər”.
YƏHYA