Yardımlı RİH-də qara maskalı İNTİZARI... - İDDİA
Yardımlı rayon icra hakimiyyətində xüsusi təlaş var. Sanki hansısa prosesi gözləyirlər.
Bu barədə Dia.az-a rayondakı mənbədən informasiya daxil olub.
Xəbəri verən qaynaq iddia edir ki, rayon icra başçısı Ayaz Əsgərov kifayət qədər `etibarlı mənbə`dən əldə etdiyi informasiyaya söykənərək EHTİYAT TƏDBİRLƏRİ görməkdədir:
"Sanki onlara kimsə deyib ki, qara maskalılar Yardımlıda əməliyyat keçirəcək. Bütün rayon məmurları bu hadisə ilə bağlı ehtiyatını görür".
Xatırladaq ki, Yardımlının icrab başçısı Ayaz Əsgərovun bir qardaşı - Arif Əsgərov Nəqliyyat Naziri olmuş Ziya Məmmədova müavinlik edərkən də bir çox korrupsiya faktları ilə diqqətə gəlmişdi. Hətta onların adları yerli KİV-də bu gün də müəyyən ittihamlarda hallandırılmaqdadır. Amma buna rəğmən Arif Əsgərov toxunulmazlığını qoruya bilib. Dia.az-a danışan mənbə iddia edir ki, Ayaz Əsgərovu da Arif Əsgərovu həbsdən yayındıran dairələr qorumaqdadır. Və xəbərdarlıq da həmin ünvandan edilib...
***
Qeyd edək ki, Əsgərov Ayaz Nəriman oğlu, 1964-cü ildə Tovuz rayonu, Qovlar qəsəbəsində anadan olmuşdur.
Ali təhsillidir. 1989-cu ildə Moskva Ət və Süd Məhsullarının Texnologiyası İnstitutunu, 2006-cı ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişdir. 1989-2006-cı illərdə müxtəlif vəzifələrdə çalışmışdır.
2006-2011-ci illərdə Bakı şəhəri, Nəsimi rayonu İcra Hakimiyyəti başçısının müavini vəzifəsində, 6 oktyabr 2011-ci il tarixdən 19 may 2016-cil tarixədək Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. 19 may 2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı vardır.