📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Yaxın 10 ilə təqribən, 150 mlrd. manata ehtiyacımız olacaq, hardan alacağıq o pulları?!" - NATİQ CƏFƏRLİ

2023-12-06 11:22:59

"Böyük hərbi qələbəmizi, tarixi uğurumuzu qalıcı etmək, işğaldan azad edilən bölgələrimizi iqtisadi inkişafın motoruna çevirmək istəyiriksə, "oyun qaydaları" dəyişməlidir"

"İndiki sərt vertikala söykənən sistemdə ən mənasız və səlahiyyətsiz vəzifə baş nazir postudur. Dünən baş nazir Əli Əsədov Milli Məclisdə çıxış edib, çıxışı oxuyanda sovet vaxtı "Kommunist" qəzetinin redaksiya yazıları yada düşür – dil-üslubdan "kommunist" qəzetinin qoxusu gəlirdi. Hörmətli Əli müəllim deyib ki, 44 günlük böyük qələbəmizdən sonra işğaldan azad edilmiş bölgələrimizə 12 mlrd. xərclənib, 2024-cü ildə də 4 mlrd. xərclənəcək, ümumən isə 2026-cı ilə qədər 30,5 mlrd. manat xərclənməsi nəzərərdə tutulur". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli deyib.

Politoloqun sözlərinə görə, baş nazir onu da deyib ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Proqramına uyğun olaraq ümumilikdə 987 ailənin (3932 nəfər) köçürülməsi təmin olunub: "Yəni, tərcüməsi budur ki, 12 mlrd. manata 3932 nəfər köçürülüb. Tamam, anlayıram, ilk illər kommunikasiyalara, yollara, infrastruktura daha çox pul gedib, amma bu işlər də hələ başa çatmayıb axı, davam edir. Əli müəllim deyib ki, 2026-cı ilə 140 min insan köçürüləcək. Yəni, 31 mlrd. manata yaxın pul xərcləyəcəyik, 140 min vətəndaş köçəcək. İşğaldan azad edilmiş regionlarımızın gələcəyi, təhlükəsizliyi və iqtisadi effektivliyi üçün ora azı 1,5 mln. vətəndaşımızı köçürməliyik. İndiyədək xərclənən vəsaiti gələcəyə proyeksiya etsək, yaxın 10 ilə təqribən, 150 mlrd. manata ehtiyacımız olacaq. Baş nazir çıxış edəndə məhz bundan danışmalı idi. Hardan alacağıq o pulları?! Ölkə necə pul qazanacaq?! Əhalinin ora orqanik, təbii, qalıcı köçü üçün nə addımlar atılacaq?! Bu günə qədər köçürülənlərə aylıq pul verib orda saxlayırlar, hələ ki, sayları 4 mindür. Yaxşı, 150 min, 1,5 mln. olanda nə edəcəklər, pul verəcəklər ki, Bakıya geri köçməsinlər?!"

Natiq Cəfərlinin fikrincə, ölkənin qarşısında böyük çağırışlar var: "Böyük hərbi qələbəmizi, tarixi uğurumuzu qalıcı etmək, işğaldan azad edilən bölgələrimizi iqtisadi inkişafın motoruna çevirmək istəyiriksə, "oyun qaydaları" dəyişməlidir, bu sistemlə olmayacaq, sadəcə mümkün deyil, iqtisadiyyat elmdir, əmrlə, “dəyənəklə” idarə olunmur".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az