"Yaxın qohumların ailə qurmalarına qadağa qoymaq beynəlxalq hüquqla qoyulan həddlərə uyğun deyil" - FƏRHAD MEHDİYEV
"Bəzi əməllər uğursuz olsa da, ictimai qaydanı, ictimai sağlamlıq və ictimai əxlaqı pozmadıqları təqdirdə məhdudlaşdırıla bilməz"
"Əmi/bibi/xala/dayı uşaqlarının, başqa bir sözlə, 3-cü dərəcəli yaxın qohumların bir-biriləri ilə ailə qurmalarına qadağa qoymaq, elə bir qanun qəbul etmək konstitusiyada göstərilən və beynəlxalq hüquqla qoyulan həddlərə uyğun deyil. Şəxsən mən yaxın qohumların nikah münasibətlərinə daxil olmalarına müsbət baxmasam da, bu məsələ qanuni qadağalarla deyil, aqitasiya və yaxın qohumların evlənməsini çətinləşdirməklə (məsələn irsi xəstəliyin olub-olmadığının müəyyən edilməsi tələbi kimi) mümkün ola bilər". Hurriyyet.az xəbər verir ki, bunu beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev deyib.
Professorun fikrincə, şəxsi və ailə həyatına dövlətin müdaxilə etməsi üçün müəyyən səbəblər olmalıdır: "Bunları Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 8-ci maddəsində də görmək mümkündür. Məsələn, sağlamlığın qorunması (inter alia) üçün belə bir müdaxilə mümkün ola bilər, amma müdaxilənin PROPORSİONAL olması üçün bunda zərurət, son çarə olmalıdır. Bu səbəblə 1) yaxın qohum evliliklərində ciddi nisbətdə qüsurlu uşaqların doğulması, 2) ancaq yaxın qohumların irsi xəstəlik daşıyıcısı olmaları halında, belə bir nikaha "olmaz" demək mümkün ola bilər. əgər yaxın-qohum evliliklərində qüsurlu doğulan uşaqların nisbəti o qədər yüksək deyilsə (mən rəqəmləri bilmirəm) hər hansı məhdudlaşdırmadan söz edilə bilməz. Digər tərəfdən, fərz edilsə ki, post-modern dünyada dayıoğlu-dayıqızı münasibət qursalar, birlikdə yaşasalar, hələ hələ kəbin kəsib övlad sahibi olsalar, qanun bunların arasında rəsmi nikahı necə qadağan, batil saya bilər?"
Fərhad Mehdiyev hesab edir ki, parlamentin qanun qəbul etmə səlahiyyəti hədsiz, sonsuz deyil: "Onun sərhədləri 1-ci nəsil, ya da təbii, əsas insan hüquq və azadlıqlarıdır. Bəzi əməllər uğursuz olsa da, ictimai qaydanı, ictimai sağlamlıq və ictimai (ümumi) əxlaqı pozmadıqları təqdirdə məhdudlaşdırıla bilməz".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az