📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Yaxın Şərq və Cənubi Qafqaz Rusiyanın deyil, Türkiyənin siyasi diktəsi ilə şəkillənir" - POLİTOLOQ

2023-09-22 11:34:32

"Rusiya həmən Rusiyadır, amma imkanları Ukraynada tükənir və qarşısında güclü Türkiyə durub"

"Azərbaycan Qarabağda anti-terror əməliyyatını Türkiyənin siyasi dəstəyi ilə uğurla həyata keçirdi. Rusiya Ukrayna müharibəsində zəifləməsəydi, Moskva belə bir əməliyyata imkan verməyəcəkdi". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.

Milli Cəbhə Partiyasının sədr müavininin qənaətincə, Rusiya Türkiyə və Azərbaycanla əlaqələri böhranlı vəziyyətə gətirməmək üçün neytral qaldı: "Bu ölkəyə iqtisadi sanksiyalar Kremli Türkiyə ilə siyasi-iqtisadi əlaqələri inkişaf etdirməyə sövq edir. Türkiyə kifayət qədər regional güc olaraq, beynəlxalq nizamın formalaşmasına təsir edir. Yaxın Şərq və Cənubi Qafqaz Rusiyanın deyil, Türkiyənin siyasi diktəsi ilə şəkillənir. Son dörd il ərzində Türkiyə Cənubi Qafqazda Rusiyanı neytrallaşdıra bildi. Çünki Cənubi Qafqazın Türkiyənin beynəlxalq müstəvidə mövqeyinin güclənməsinə və regionl güc olmağında müstəsna yeri var. Əgər Azərbaycan öz ərazilərini işğaldan azad etməsəydi, bu, mümkün deyildi. Məhz anti-terror əməliyyatının keçirilməsi prorseslərin sona çatmasının məntiqi nəticəsi idi".

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin sözlərinə görə, Türkiyə Rusiyaya imkan verməzdi ki, Cənubi Qafqazda başlayan geosiyasi nizamı Qarabağda tormozlasın: "Ona görə də bu əməliyyat Türkiyə və Azərbaycan tandeminin birgə hərəkəti ilə Rusiya-İran tandemini küncə sıxışdırdı. Azərbaycanın bu qələbəsi və separatizmə son verməsi Cənubi Qafqazda yeni geosiyasi şərtlər yaradacaq. Proseslər Ermənistanla sülhə, Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılması ilə nəticələnəcək. Rusiya və İranın birgə hərəkəti isə bloklandı. Qeyd edim ki, ikinci Qarabağ müharibəsindən əvvəl Rusiya prezidenti ilə Türkiyə prezidenti arasında keçirilən görüşdə Kreml Qarabağ məsələsini Ərdoğanla müzakirə etməmişdi. Rusiya Türkiyənin proseslərə qoşulmasına razı deyildi. Bu anti-terror əməliyyatında Rusiya məmnun deyildi. 2016-cı il aprel döyüşlərində bizim qarşımızı alan Rusiya idi. Rusiya həmən Rusiyadır, amma imkanları Ukraynada tükənir və qarşısında güclü Türkiyə durub. O Türkiyə ki, Suriyada Rusiyanı boğmağa qadirdir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az