Yaxın Şərqdə baş verənlərin Azərbaycanın siyasətinə də təsiri ola biləmi?
Yaxın Şərqdə baş verənlərin Azərbaycanın siyasətinə də təsiri ola biləmi? Tehran Azərbaycan-İsrail hərbi əməkdaşlığından narahatlığını gizlətmirdi. Tehran Həmas vasitəsilə Azərbaycana tərəfdaş olan dövlətə zərbələr endirib. Rəsmi Bakı bu və digər formada İsrailə hücumu pisləyəcək. İsrail Həmas qruplaşmasının silahlandırılmasından şübhəli bildiyi İran mövqelərinə zərbələr endirəcək. Bundan sonra Tehran İsrailin Cənubi Qafqazdakı varlığına qarşı daha sərt açıqlamalar verəcək. Bu açıqlamalar rəsmi Bakının İsraillə tərəfdaşlıq siyasətinə təsir etməyəcək.
Bunu politoloq Elxan Şahinoğlu bildirib.
"Bu halda İranda Azərbaycan əleyhinə təbliğat güclənəcək. Türkiyə üçün də çətindir. Ankara Həmas qruplaşması ilə təmasda olub, bu təşkilatın liderləri dəfələrlə Türkiyədə səfərlərdə olub və Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla fikir mübadiləsi aparıblar. Ancaq Həmas qruplaşmasının İsrailə hücumu Ərdoğanı da çətin vəziyyətə salıb. Türkiyə Cumhurbaşqanı Fələstinin müstəqillik ideyasını dəstəkləsə də, Həmas qruplaşmasının İsrailə hücumuna haqq qazandıra bilməz. Digər tərəfdən Ankara son vaxtlar İsraillə münasibətlərin normallaşması siyasətinə üstünlük verirdi, baş nazir Benyamin Netanyahunun Türkiyəyə səfəri nəzərdə tutulurdu. Digər tərəfdən Ankara İsraillə yaxınlaşarkən bu ölkənin Azərbaycana hərbi dəstəyi amilini də hesaba qatırdı", - o qeyd edib. \\Pravda.az