📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yaxın Şərqdə yeni müharibə! ABŞ Yəməndəki husilərə qarşı savaş elan etdi

2023-12-19 08:34:14

Yaxın Şərqdə yeni müharibə! ABŞ Yəməndəki husilərə qarşı savaş elan etdi

“Koalisiya xüsusi əməliyyat keçiriləcək”

Pentaqon başçısı: “Rifah Mühafizəçisi” əməliyyatı başlanır”                  

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Pentaqon “Qırmızı dənizdə azad naviqasiyanın təmin edilməsi üçün əməliyyat keçiriləcəyini” elan edib.

Bu barədə açıqlamanı ABŞ-ın müdafiə naziri Lloyd Ostin verib.

Əməliyyatda Böyük Britaniya, Bəhreyn, İspaniya, İtaliya, Kanada, Niderland, Norveç, Fransa, Seyşel adaları iştirak edəcəklər.

ABŞ Prezidenti Cozef Baydenin təhlükəsizlik məsələləri üzrə köməkçisi, Ceyk Sallivan dekabrın 15-də, İsraildə səfərdə olarkən, Tel-Əviv şəhərindəki mətbuat konfransında çıxışı zamanı husilərin fəaliyyətinə görə İranın məsuliyyət daşıdığını bildirmiş, Birləşmiş Ştatların öz tərəfdaşları ilə birlikdə Yəməndəki qiyamçı husilərə – “Ənsar Allah” hərəkatına qarşı koalisiyanın formalaşdırılması üçün çalışdığını bəyan etmişdi.

Sallivan husiləri “Qırmızı dənizdə və Babül-Məndəb boğazında gəmiçilik üçün real təhdid” adlandıraraq demişdi: “ABŞ beynəlxalq ictimaiyyət ilə, regiondakı və dünyadakı tərəfdaşları ilə birlikdə bu təhdidə qarşı tədbir görülməsi üzərində çalışır. Biz koalisiya yaradılması ilə məşğuluq”.

Qeyd edək ki, “Ənsar Allah” hərəkatının üzvləri Qəzza bölgəsində döyüş əməliyyatları dayandırılana qədər İsrail ərazilərinə zərbələr endirəcəklərini və onunla əlaqəsi olan gəmilərin Qırmızı dənizin və Babül-Məndəb boğazının sularından keçməsinə yol verməyəcəklərini bəyan ediblər.

Pentaqon rəhbəri Lloyd Ostinin açıqlamasında deyilir: “Gəmilərin Qırmızı dənizdən azad şəkildə keçməsi beynəlxalq ticarət üçün fövqəladə dərəcədə mühümdür”.

Beləliklə, Yaxın Şərqdə İsrail-Fələstin münaqişəsi ilə paralel şəkildə yeni bir müharibənin alovlanması gözlənilir – İranın dəstəklədiyi husilər ilə ABŞ-ın rəhbərlik elədiyi koalisiya Qırmızı dənizdə toqquşacaq. Rusiyanın Ukraynadakı savaşı “xüsusi hərbi əməliyyat” adlandırdığı kimi, ABŞ da bu müharibəni “hərbi əməliyyat” adı altında aparmağa hazırlaşır.

Ostinin bəyanatında deyilir: “Naviqasiya azadlığının əsas prinsipini qorumağa çalışan ölkələr səylərini birləşdirməli, bir çox ölkələrin beynəlxalq sulardan qanuni şəkildə keçən ticarət gəmilərini ballistik raketlərin və dronların hədəfinə çevirən qeyri-dövlət subyektlərinin çağırışlarına cavab verməlidirlər. Bu, kollektiv addımlar tələb edən beynəlxalq çağırışdır. Bununla əlaqədar “Rifah Mühafizəçisi” (“Prosperity Guardian”) əməliyyatının keçirildiyini elan edirəm. Bu, Birləşmiş Dəniz Qüvvələrinin himayəsi və onun 153 saylı operativ qrupunun rəhbərliyi ilə mühüm yeni beynəlxalq təşəbbüsdür və Qırmızı dənizdə təhlükəsizliyin təmin edilməsini hədəfə alıb”.

Hürr Tərcüman