📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Yaxın vaxtlarda Kosovo və Serbiyada ABŞ, Rusiya və Çinin növbəti addımlarına şahidlik edəcəyik" - ZAUR MƏMMƏDOV

2023-12-26 11:41:38

"Çünki Serbiya potensial bombadır və Serbiyaya nəzarət etmək həm Vaşinqton, həm də Moskva üçün hava və su qədər vacibdir"

"Hamının diqqətinin Yaxın Şərqdə baş verənlər və Odessa, Donesk ətrafındakı döyüşlərdə olduğu vaxt Balkanlarda II dünya müharibəsindən bu yana davam edən Qərb-Rusiya qarşıdurması bu dəfə də özünü göstərmiş oldu. Hərçənd Serbiyada baş verənlərin inqilaba cəhd, yoxsa Maydan olması ilə bağlı dünyadakı ayrı-ayrı ekspertlər arasında fikir ayrılığı olsa da, aydındır ki, seçkilərdən sonra Belqradda baş verənlər birbaşa və dolayısı ilə Vaşinqton-Moskva siyasi və təhlükəsizlik institutlarının izləri ilə müşayət olundu". Hurriyyet.az-ın məlumatına görə, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib.

Politoloq hesab edir ki, Belqradda etirazlar nəticə verməyəcək: "Çünki "Serbiyada hakimiyyət yalnız seçkilər yolu ilə dəyişir". Ölkə prezidenti Aleksandr Vuçiçin bu sözlərindən sonra “Serbiya zorakılığa qarşı” müxalifət blokunun tərəfdarları seçki komissiyası qarşısında nümayişə toplaşıblar. Etirazçılar özləri ilə Serbiya və Avropa İttifaqının bayraqlarını gətirib, hökumət əleyhinə şüarlar altında aksiya keçirib, administrasiya binasına daş atıb və ora basqın etməyə cəhd ediblər. Aleksandar Vuciç təcili olaraq xalqa müraciət edərək vurğulayıb ki, Belqrad administrasiyasını ələ keçirmək cəhdi ölkənin suverenliyinə hücumdur, lakin inqilab deyil. Vəziyyət tam nəzarət altındadır. O, həmçinin bildirib ki, hakimiyyət iğtişaşların hazırlanması barədə əvvəlcədən xarici kəşfiyyat xidmətlərindən öyrənib.( Rusiya hadisədən əvvəl Belqrada məlumat ötürüb). Baş nazir Anna Brnabiç bəyan edib ki, Rusiya kəşfiyyat xidməti Belqraddakı etirazlar zamanı baş verə biləcək insidentlər barədə əvvəlcədən onlara məlumat verib. O, həmçinin "bir neçə xarici səfir" ilə məlumatı paylaşdığını iddia edir, lakin onlar "bizi dezinformasiya, yalanlar yaymaqda, Rusiya xidmətinə güvəndiyimizi və bütün bunların cəfəngiyyat olduğunu" ittiham etdilər".

Zaur Məmmədov qeyd edib ki, yüzlərlə tələbə Özünüidarə Nazirliyinin qarşısına toplaşaraq seçici siyahılarındakı pozuntuların və səslərin oğurlanması ilə bağlı şübhələrin araşdırılmasını tələb edib: "Müxalifət Serbiya prezidenti Aleksandr Vuçiçi və onun hakim partiyası olan Serbiya Tərəqqi Partiyasını (SPP) bülletenləri kütləvi şəkildə qutulara atmaqda, seçicilərə rüşvət vermək və digər vasitələrlə seçkilərin nəticələrini saxtalaşdırmaqda ittiham edir. SPP, rəsmi məlumatlara görə, parlament seçkilərində səslərin 47%-dən çoxunu toplayıb və hakimiyyətdə qalıb. Belqrad uğrunda seçkilərdə isə, vəziyyət daha qəlizdir. Belqradda ilkin nəticələrə görə, prezidentyönlü koalisiya 39,34%, “Serbiya zorakılığa qarşı” müxalifət bloku isə 34,27% səs toplayıb. Belqradın meri şəhər məclisi tərəfindən seçilir. Müxalifət xüsusilə Belqrad Şəhər Şurasına seçkilərin nəticələrini qəbul etmək istəmir. Onların fikrincə, hakimiyyət kütləvi şəkildə regionlardan qanunsuz şəkildə seçiciləri Belqrada gətirib. Hakimiyyət isə öz növbəsində, müxalifətin arxasında xarici qüvvələrin dayandığını və əsas məqsədin Serbiyanın azad və müstəqil siyasət aparmasına qəsd olduğunu bəyan edir".

Politoloqun fikrincə, hadisələr göstərir ki, Serbiyada və Macarıstanda siyasi hakimiyyətlər inqilab, maydan və ya dövlət çevrilişindən sığortalanmayıblar və hər iki liderin son addımlarına Qərbdə həssaslıqla yanaşılır: "Vuçiçin Rusiya və Kosovo ilə bağlı tutduğu mövqe ABŞ və Aİ tərəfindən xoş qarşılanmır. O da faktdır ki, Serbiya hakimiyyəti iğtişaşlara hazır idi və hətta bu gün Qərbin qeyd-şərtsiz dəstəyi ilə yeni parlament seçkiləri keçirilsə belə, yeni seçki fərqli nəticələrə gətirib çıxarmayacaq , ölkə səviyyəsində həm Vuçiçə, həm də onun partiyasına dəstək verilir. Görünür, müxalifət gələcəkdə situasiyanı sarsıtmaq, növbəti raundda təkcə paytaxt səviyyəsində deyil, həm də bütün ölkədə "şübhədə olan seçiciləri" öz tərəfinə çəkmək uğrunda savaşa başlayır. Beləliklə, yaxın vaxtlarda da, Kosovo və Serbiyada ABŞ, Rusiya və Çinin növbəti addımlarına şahidlik edəcəyik. Çünki Serbiya potensial bombadır və Serbiyaya nəzarət etmək həm Vaşinqton, həm də Moskva üçün hava və su qədər vacibdir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az