📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Yəhudilər və xristianlar xoşbəxtdirlər ki, bir yerdə yaşayırlar” - ƏRDOĞAN

2023-10-24 15:35:08

“Yəhudilər və xristianlar xoşbəxtdirlər ki, bir yerdə yaşayırlar” - ƏRDOĞAN

Ötən həftə İstanbulda Türkiyə Cümhuriyyəti ərazisində 1923-cü ildən bəri açılan ilk kilsədə xristian ibadəti mərasimi keçirilib. Bu yaxınlarda Türkiyə prezidenti Ərdoğanın iştirakı ilə açılan “Müqəddəs Efrayim” kilsəsi xristianlıq daxilində nadir təriqətə - Şərqin qədim Assur kilsəsinə aiddir.

“Müqəddəs Efrayim” kilsəsi boğazın Avropa tərəfində, suriyalı xristianların əksəriyyətinin yaşadığı Yeşilköy bölgəsində yerləşir. Onlar eramızın I əsrində müasir Türkiyə və Suriya ərazisində yaranmış ən qədim xristian icmalarından birinin varisləridir. İstanbuldan başqa Şərqin qədim Assur Kilsəsinin davamçıları əsasən Türkiyənin cənub-şərqində, Suriya sərhədi yaxınlığında yaşayırlar.

İstanbulda açılan kilsə 17 min nəfərlik icma tərəfindən maliyyələşdirilir. Yaşıl blokun ortasında yerləşən böyük ağ binada 750 ziyarətçi eyni zamanda ibadər edə bilər.

“Yəhudilər və xristianlar xoşbəxtdirlər ki, ölkəmizdəki bütün icmalar bir yerdə yaşayırlar”, - deyə ölkə prezidenti Ərdoğan dini icmalar və rəsmilər qarşısında deyib.

"Bu gün dünyada çoxlu problemlər var. Türkiyə bir neçə dindar icmanın əsrlər boyu sülh şəraitində yaşadığı bir ölkədir", deyə prezident əlavə edib.

“Biz həmişə məzlumu zalımdan müdafiə etmişik, bu, bizim borcumuzdur” deyən Ərdoğan, iyirmi il əvvəl hakimiyyətə gəldikdən sonra ölkə daxilində daha iyirmi kilsənin bərpa edildiyinə diqqət çəkib. İstanbul Süryani Vəqfinin prezidenti Sait Susin açılış ərəfəsində dindarlar qarşısında çıxışında coşqusunu dilə gətirib: "Türkiyə Cümhuriyyəti qurulandan bəri tikilən ilk kilsə öz qapılarını açır. Biz çox xoşbəxtik", deyə Sait Susin “Frans-Press” xəbər agentliyinə bildirib.

Bir vaxtlar 2019-cu ilin avqustunda keçirilən mərasimdə tikintinin təməlinə ilk daşı qoyan Ərdoğan İstanbul bələdiyyəsinə yeni kilsə üçün boş torpaq sahəsi tapmağı tapşırmışdı. Bir il sonra, 2020-ci ilin iyulunda dindar və mühafizəkar müsəlman olan prezident Ərdoğan İstanbulun baş tacı olan Ayasofyanı məscidə çevirdi.

“Müqəddəs Efrayim” kilsəsinin təntənəli açılışı fevral ayında keçirilməli idi, lakin ölkənin cənubunda azı 50.000 insanın ölümünə və Antakyanın dağılmasına səbəb olan güclü zəlzələ səbəbindən təxirə salınmışdı.

Şərqin qədim Assur Kilsəsinin ziyarətçiləri İsanın danışdığı güman edilən dil olan arami dilində dua edirlər. 1932-ci ilə qədər onların kilsəsinin kanonik mərkəzi Türkiyənin cənub-şərqində Mardində yerləşirdi və bu gün isə Şam şəhəri hesab olunur.

“1923-cü ildə Türkiyə Cümhuriyyətinin qurulmasından sonra Türkiyədə tikilən ilk kilsə olan Müqəddəs Efrayim kilsəsidir”, deyə Sait Susini xatırladır. Keçən əsrdə var olan kilsələr bərpa edildi və digər kiçik binalara möminləri istədikləri kimi yerləşə bildilər.

"İlk dəfədir ki, rəsmi olaraq kilsə tikilir. Bu, böyük qürur mənbəyidir", deyə Susin əlavə edib və ölkənin hər yerindən və hətta xaricdən çoxlu ziyarətçi gözlədiyini bildirib.

Göründüyü kimi, Türkiyə dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşını ağuşuna alır və hər kəs dinini azad şəkildə yaşayır.

Ülviyyə ŞÜKÜROVA

Hurriyyet.az