“Yekə kişidir, şıllaq atır, şüşəni sındırıb içəri soxulur” – Aydın Kazımzadə
“Bir ara məktəblərdə hamının eyni formada və geyimdə olması məsələsi qaldırılanda bir balaca narazılıq hiss olundu. Sonradan bu məsələ səngidi. Çünki başa düşdülər ki, Azərbaycanda yeni qaydaya əsasən məktəblərdə hamı vahid geyim formasında olmalıdır. Lakin məsələ orta məktəb şagirdinin başını bağlamamasına, eləcə də müəllimin müvafiq geyiminin olmasına gələndə təkrar narazılıq baş qaldırdı. Daha doğrusu, bunu bizimkilər yox, xarici ölkələr ortaya atdı. Əllərinə fürsət düşən kimi Azərbaycanda qarışıqlıq yaratmaq istədilər. Bunu elədilər, amma qarşısı çox gözəl alındı”.
Bunu “Yeni Sabah”a kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə deyib. O bildirib ki, bütün müəllimlər şagirdlərə nümunə olmalıdırlar:
“İnsan xəcalət çəkir. İndi hansı zamandır ki, məktəbin qapısına təpik vurursan? Cavan uşaqları ortaya salıblar. Televiziyada göstərirlər ki, enlikürək, pəhləvana oxşayan bir adam orada qayda-qanunu qoruyan cavan oğlana şillə vurur. Bu, sənə necə yaraşır? Əvvəla, o boy-buxununla, gücünlə belə hərəkət edəndə xəcalət çəkmədin? Şüşəni sındırıb içəri girməklə uşaqlara nümunə göstərdin? Sonra da başladılar içəri soxulmağa, orada hər şeyi sındırmağa. Bu masaların, oturacaqların nə günahı var?
Dünən baxıram ki, uşağın əlinə plakat veriblər. Bu uşağın valideynləri kimdir görəsən? Onlar xəcalət çəkmirlər? Sənin övladın bu məktəbdə böyüyür. Görünür, özün də məktəb, kitab görməmisən.
Mən belə hesab edirəm ki, bəzi insanlar Azərbaycanın böyük olmasa da, çox güclü bir məmləkət olduğunu, Şərqlə Qərbin qovşağında yerləşdiyini anlamırlar. Şərqdən də, Qərbdən də yaxşı nə varsa, götürülüb. Ona görə də paytaxtımıza gələn qonaqlar Bakıda Şərqlə Qərbin necə birləşdiyinə heyran qalırlar. Xaricilər buna heyran olduğu halda, bizimkilər bəhanə edirlər ki, “mən müəlliməyəm, forma geyinmərəm, gərək sırğa taxım, boğazımda, başımda nəsə olsun”. Sən toya getmirsən. Qız uşaqları səndən, oğlanlar da kişi müəllimlərdən nümunə götürürlər. Bunları nəzərə almaq lazımdır. Dövlətimiz, hökumətimiz də bunu nəzərə alaraq qayda qoyub”.
Kinoşünas qeyd edib ki, məktəbdə hamının eyni formada olduğunu görəndə insanın ürəyi açılır:
“Yadıma Hacı Zeynalabdin Tağıyev düşdü. Onun haqqında dördseriyalı film çəkilmişdi, seriyalardan birinin adı “Məktəb” idi. Tağıyev orada azərbaycanlı balalarını bir yerə yığmışdı, hamısı eyni formada idi. Adamın ürəyi açılırdı. Gör, üstündən neçə il, hətta əsr keçib. Amma yenə də bəzi adamlar ağıllanmayıblar. Belə olmaz.
Azərbaycan İslam dövləti deyil, müstəqil, tolerant müsəlman ölkəsidir. Bütün dünya Azərbaycanın tolerant ölkə olduğunu qəbul edib. Burada müxtəlif millətlər yaşayır, hamı eyni şəkildə məktəbə gedir. Hətta mən bir dəfə televiziya kanallarının birində müsahibə verəndə dedim ki, Cəfər Cabbarlıya bağlı adamam, onu özüm üçün mənəvi insan hesab edirəm. Onun şəkillərindən birində institutda oxuyarkən forma geyindiyini görmüşəm. Yəni bu, əvvəllər də olub. Hətta Ərəblinskinin dövründə institutda oxuyanlar da forma geyinərdilər.
Bu forma hamıya lazımdır. Burada nə var ki, təpik atırsan, şıllaq atırsan? Yekə kişidir, şıllaq atır, şüşəni sındırıb içəri soxulur. Qəhrəmandır bu? Sənin nəyin qəhrəmandır? Bizi düşmənlərimizə güldürürsünüz. Belə olmaz”.
A.Kazımzadə bildirib ki, məktəblərdə vahid geyimlə bağlı tələb düzgün qoyulub və hamı eyni formada olmalıdır:
“Balaca uşaqların başını bağlamaq haradan çıxdı? Analar, atalar nə istəyirlər, etsinlər, onlara qadağa qoyulmayıb. Elə qızlar var ki, küçəyə çıxanda yalnız gözləri görünür, hətta qara eynək taxırlar ki, gözləri də görünməsin. Onlara söz deyən var? Özləri bilər. Başdan ayağa qara geyinirlər. Qara ümumiyyətlə rəng deyil, rəngsizlikdir. Rəngsiz geyinirsən, geyin, özün bilərsən. Sənə heç kim demir ki, niyə belə geyinirsən. Amma məktəb dövlətin məktəbidir, oyuncaq yeri deyil. Burada uşaqlar təhsil alırlar.
Məni yandıran odur ki, dünya artıq Marsa uçur, biz burada “Ləbbeyk” deməyə başlamışıq. Yığışdırın bu söhbətləri. Azərbaycanın hansı qayda-qanunları varsa, onlara riayət edin. Hər şeyin bir qaydası var. Dövlətimizin, hökumətimizin qoyduğu qayda-qanunlara, Konstitusiyaya riayət etmək lazımdır. Uşaqlarımızın gələcəyini fikirləşin. Məktəbin qapısına təpik vuranda şəhid olmuş uşaqlarımızı yadınıza salın. Onlar bizim üçün düşmənlə vuruşdular, sinələrini qabağa verdilər. Sən o təpiyi məktəbə yox, bizim uşaqlarımıza vururdun.
Yazıq Cəfər Cabbarlının ürəyi elə belə şeylərdən ötrü partladı. O, Azərbaycan qadınını azad görmək istəyirdi. “Azad qadın” heykəli Cəfər Cabbarlının “Sevil” əsərinin qəhrəmanı olan, çadrasını atan Sevilin obrazıdır. İndi biz yenidən çadraya bürünürük. Olmaz. Biz müsəlman ölkəsiyik və elə də qalacağıq, amma İslam dövləti deyilik. Bunu camaat başa düşməlidir.
Narazılığın varsa, sivil yolla yaz, bildir. Sənə mane olan yoxdur. Amma təpik atmaqla o təpiyi ziyalılarımıza, müəllimlərimizə atmış olursan.
Əvvəllər hər rayonda pionerlər evi var idi. Gedib orada təyyarə modeli düzəldərdik. Mən fotoqrafiyanı da orada öyrənmişəm. Belə yerləri hər rayonda açmaq lazımdır ki, uşaqlar faydalı işlərlə məşğul olsunlar, küçələrdə gəzib ora-bura təpik atmasınlar. Çox işlər görmək lazımdır və dövlətimizin də buna imkanı var. Yəqin ki, edərlər”.