Yeni “idarəetmə metodu” - Naxçıvanın səlahiyyətsiz “səlahiyyətliləri” - FOTO
Görkəmli filosof Əbu Turxan yazır: “Hər bir adama verilən səlahiyyət onun qabiliyyətlərinə uyğun olmalıdır: səlahiyyət qabiliyyətdən məhdud olanda adamın özü, yüksək olanda ətrafındakılar əziyyət çəkir”.
Yazıya məhz bu müdrik kəlamla başlamağımız təsadüfi deyil. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın əhalisi son 30 ildə müstəsna səlahiyyətlərlə muxtar respublikaya rəhbərlik edənlərin yanlış qərarlarının acı nəticələrini görüb. Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovun səlahiyyəti qabiliyyətindən dəfələrlə yüksək idi. Ona görə də Talıbovun səlahiyyətindən istifadə edərək gördüyü işlərdən, verdiyi qərarlardan təkcə ətrafındakılar deyil, bütün muxtar respublika əhalisi əziyyət çəkib. İnsafən deyək ki, Vasif Talıbovun Naxçıvana rəhbərlik etdiyi dövrdə onun qeyri-qanuni tapşırıqlarını icra edənlər rəsmi vəzifə daşıyan səlahiyyət sahibləri idi. Yəni Vasif Talıbov dövlət aparatına aid olmayan, heç bir vəzifə daşımayan şəxsləri dövlət işinə qarışdırmırdı. Rəsmi vəzifəsi olmayan adamlar muxtar respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə tapşırıq verə, Naxçıvanın idarəçiliyində iştirak edə bilməzdi.
Təəssüf ki, bu gün Naxçıvanda fərqli bir mənzərənin şahidi oluruq. Son vaxtlar muxtar respublikada səlahiyyətsiz səlahiyyətlilər meydana çıxıb. Yeni “idarəetmə metodu”nun nəticəsi olaraq, Naxçıvan əhalisi Vasif Talıbovun rəhbərliyi dövründən daha çox əziyyət çəkir. Heç bir rəsmi vəzifəsi olmayan bu səlahiyyətsiz səlahiyyətlilər Naxçıvanın idarəçiliyində iştirak edir, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə tapşırıqlar verir, hökumət üzvlərinin onlara tabe olmasını tələb edirlər. Onlardan birini – İsmayıl Əhmədovu oxucularımız yaxşı tanıyır. “Tikilməkdə olan layihələrin idarə ediləməsi” adlı Məhdud Məsuliyyətli Cəmiyyət yaradaraq Naxçıvanda bütün tikinti məsələlərinə nəzarəti əlinə alan İsmayıl Əhmədov barədə son 6 ayda TNS-də silsilə yazılar dərc edilib.
İsmayıl Əhmədov muxtar respublikada dövlət orqanlarının işinə kobud şəkildə müdaxilə edir, özünü xüsusi mandat verilmiş şəxs kimi aparır.
Fakt odur ki, bu şəxs muxtar respublikada istənilən tikinti obyektinin tikintisini dayandırır, istədiyi obyekti sökdürürdü.
Bu məsələ dəfələrlə gündəmə gətirilsə də hələ heç bir rəsmi şəxs “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin hansı statusla və səlahiyyətlə bu işləri gördüyünə aydınlıq gətirməyib.
Apardığımız araşdırmalar nəticəsində aydın olmuşdu ki, adıçəkilən MMC-nin rəhbəri təkcə Naxçıvanın yüksək vəzifəli şəxslərinə tapşırıqlar vermirmiş, eyni zamanda xüsusi səlahiyyətli şəxs kimi mütəmadi olaraq, muxtar respublika hökumətinin müşavirələrinə, iclaslarına da qatılırmış. Deməli, bir özəl qurumun rəhbəri muxtar respublikada dövlət idarəçiliyinin iştirakçısına çevrilib. Nə qədər absurd və təəccüblü olsa da, bu, belədir.
Doğrudur, biz bu məsələni ictimailəşdirdikdən sonra İsmayıl Əhmədov bir az kölgəyə çəkilib. Ancaq o, hələ də Naxçıvan Ali Məclisinin binasının koridorlarında görünür, gizli də olsa, muxtar respublikanın idarəçiliyində iştirak edir. Ali Məclis sədrinin müavini Anar İbrahimova təklif edirik ki, aparat rəhbəri Ülvi Hüseynlidən soruşsun görək, onun İsmayıl Əhmədovla nə əlaqəsi var? Fəaliyyəti muxtar respublika prokurorluğu tərəfindən araşdırılan, haqqında xüsusi ittiham qaydasında məhkəməyə şikayət verilən, həbs edilmək təhlükəsi olan İsmayıl Əhmədov tez-tez Ülvi Hüseynli ilə niyə görüşür? Ülvi müəllim prokurordur, yoxsa məhkəmə hakimi? Naxçıvan Dövlət Universitetinin “Hüquq” fakülstəsinə yenicə qəbul edilən Ülvi Hüseynli İsmayıl Əhmədova “hüquqi məsləhətlər” verir? Ali Məclisin aparat rəhbəri İsmayıl Əhmədovla kimin tapşırığı ilə nəyi müzakirə edir? Hesab edirik ki, Ali Məclisin rəhbərliyi bu məsələni araşdırmalıdır. Əgər belə bir tapşırığı rəhbərlik özü verməyibsə...
Naxçıvanın xüsusi səlahiyyət verilmiş qeyr-rəsmi şəxsi təkcə İsmayıl Əhmədov deyilmiş. Sən demə, İsmayıl Əhmədovdan daha çox səlahiyyətə malik olan onun “xaç atası” Anar Həsənov imiş.
Anar Həsənov kimdir? Anar Həsonov Prezidentin sabiq köməkçisi Əli Həsənovun qardaşı oğludur. Onun atası İsa Həsənov uzun illər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini olub.
Polkovnik Anar Həsənov əvvəllər Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsində Əməliyyat idarəsinin rəis müavini vəzifəsində çalışıb. Yerli mediada onun Dövlət Gömrük Komitəsindən biabırçı şəkildə qovulduğu ilə bağlı çoxsaylı xəbərlər dərc edilib. Polkovnikin Gömrük Komitəsindəki fəaliyyəti barədə araşdırma yazısını yaxın zamanlarda oxuculara təqdim edəcəyik.
Naxçıvandakı mənbələrdən aldığımız məlumata görə, Anar Həsənov bir ilə yaxındır ki, muxtar respublikada fəaliyyət göstərir. O, Ali Məclisin binasında oturur, hökumətin qapalı iclaslarında iştirak edir. Naxçıvandakı bir sıra mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri Anar Həsənovdan tapşırıq alırlar. Polkovnik Həsənov əsasən iqtisadi sahəni və yerli icra hakimiyyətlərini “kurasiya” edir. Onun tez-tez Şərur, Kəngərli və Sədərək Rayon İcra hakimiyyətlərinə getdiyinə, icra başçılarına göstərişlər verdiyinə dair təkzibolunmaz faktlar var. Bu fəaliyyətinə görə, yerli orqanların rəhbərləri obrazlı şəkildə onu rayonların ikinci icra başçısı adlandırırlar. Anar Həsənov muxtar respublikada kadrların seçimində iştirak edir, təkliflər verir. Onun xüsusilə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyətinin işinə kobud şəkildə müdaxilə etdiyi bildirilir.
Təkcə kadrların deyil, müxtəlif şirkətlərin də seçilərək Naxçıvana dəvət edilməsi ona həvalə edilən “vəzifələrdəndir”. O, eyni zamanda dostları vasitəsilə Naxçıvanda bir neçə şirkət yaradaraq tenderlərdə iştirak edib və “qalib olub”.
Anar Həsənova bağlı olan şirkətlərdən biri “Batika Global Group” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Şirkətin qanuni təmsilçisi Hüseynov Nihad Əli oğludur. Bu MMC Naxçıvan şəhərinin Qoçüstü məhəlləsində qeydiyyata alınıb.
Bu şirkətlə bağlı açıq informasiya mənbələrində heç bir məlumat yoxdur. MMC-nin nə işlə məşğul olduğu, hansı sektorda fəaliyyət göstərdiyi bilinmir. Amma şirkət bahalı əmlaklar, avtomobillər alır.
Eyni şəxsin təsis etdiyi digər şirkət isə “Bizim evlər” Mənzil Kooperatividir. Şirkətin hüquqi ünvanı Naxçıvan şəhəri, “Qoçüstü” məhəlləsi, ev 5, mənzil 29-dur. Kooperativin nizamnamə kapitalı 100 manatdır. “Bizim evlər” 12 iyun 2023-cü ildə dövlət qeydiyyatına alınıb. Yəni Anar Həsənovun Naxçıvanda fəaliyyətə başlamasından cəmi bir neçə ay sonra. Bu şirkət də bahalı əmlaklar, avtomobillər alır. Kooperativ ötən ilin sentyabr ayında “Lexus ES300” markalı bahalı avtomobil alıb. Həmin avtomobilin nömrəsi 75 AA 070-dir. Naxçıvanda hər kəs bilir ki, bu nömrəni hər adama verməzlər. Gərək muxtar respublikada xüsusi səlahiyyətə sahib olasan ki, belə bir avtomobil nömrəsini əldə edə biləsən. 3-4 ayın şirkətinin belə bahala avtomobil və nömrə alması ciddi suallar yaradır, şirkətin gerçək sahibinin Anar Həsənov olduğu iddialarını qüvvətləndirir.

Anar Həsənov Naxçıvanda elə bir müstəsna səlahiyyətlərə malikdir ki, ötən il atasının və əmisinin arzularından birini gerçəkləşdirib. Onun xahişi və tapşırığı ilə Şərur rayonunun Tənənəm kəndində kompleks quruculuq işləri aparılıb. Yeri gəlmişkən qeyd edək ki, 2023-cü ildə Naxçıvanda cəmi 2 kənddə kompleks quruculuq işləri həyata keçirilib, onlardan biri Tənənəmdir. Bu barədə növbəti yazıda bəhs edəcəyik.
Göründüyü kimi, Naxçıvanda səlahiyyətsiz səlahiyyətlilər dövrü başlayıb. Maraqlıdır, Anar Həsənov, İsmayıl Əhmədov kimi adamları kim himayə edir, onlara qeyri-rəsmi şəkildə bu müstəsna səlahiyyətləri kim verib? Daha bir maraqlı sual. Niyə keçmişi qaranlıq olan adamlar seçilib? Anar Həsənovun əmisi Əli Həsənov Prezident Administrasiyasından, özü isə Dövlət Gömrük Komitəsindən biabırçı şəkildə qovulub. Prezidentin işləmək istəmədiyi köməkçisinin Gömrük Komitəsindən qovulan qardaşı oğlu kimlərsə üçün niyə bu qədər önəmli şəxsə çevrilib? Azərbaycanın strateji bölgəsi olan Naxçıvanın taleyi niyə xaricdəki hansısa mərkəzlərə bağlı olan adamların qohumlarının əlində olmalıdır? Bunlar ciddi suallardır və biz bu sualların cavablarını tapmaqda israrlıyıq. Ulu Öndər Heydər Əliyevin vətəni olan Naxçıvanı səlahiyyətsiz səlahiyyətlilərin darmadağın etməsinə imkan verməməliyik.
Mövzunu davam etdirəcəyik.