Yeni parlament və gözləntilər - yeni tərkib kimlərdən ibarət olacaq?
Azərbaycan çox önəmli taleyüklü bir hadisənin-parlament seçkilərinin ərəfəsindədir. Bir sıra media resursları, saytlar qarşıdan gələn seçkilərdə tam yeni adların parlamentə düşmək ehtimalını, sabiq “boz kardinal” Ramiz Mehdiyevin, oliqarx məmurlar – Kəmaləddin Heydərovun, Bəylər Əyyubovun maraqlarını təmsil edən deputatların artıq yeni parlamentdə olmayacağını bildirirlər.
Hətta yeni parlamentə düşə bilməyəcək “qırmızı kart”ın verildiyi deputatların siyahsı da açıqlanır. Zənn edirik ki, VI-cı çağırış parlamentdə mandat əldə edən deputatların sırasında xeyli şəxsin “rusbaş” qəbilindən olan “kadr”lar olduğu sirr deyildi.
Aydındır ki, dövlət üçün bu səviyyədə önəmli məsələdə oliqarx məmurlar “öz adamları”nı yeni parlamentin tərkibində də görmək üçün əllərindən gələni edəcəklər, müqavimətsiz təslim olmayacaqlar. Böyük ehtimalla oliqarx məmurlar yeni parlamentdə deputat mandatını əldə etmək üçün mübarizə aparırlar. Sözsüz ki, onlar yenə də ciddi-cəhd ilə seçkilərə müdaxilə etməyə çalışacaqlar. Dövlət əhəmiyyətli bu vacib qurumda “təmsil olunmaq” üçün öz sözlərini deməyə çalışacaqlar. Digər tərəfdən də yeni parlamentin tərkibinin milli, dövlətə-dövlətçilik maraqlarına sadiq və yeni idarəçilik təfəkkürü daşıyan şəxslərdən ibarət olması elə milli təhlükəsizlik məsələsidir. Qarşıdan gələn parlament seçkilərinin şəffaf, demokratik qaydalara uyğun keçirilməsi həm vətəndaşlar üçün, həm dövlət üçün bir ümid və zərurətdir.
Azərbaycan beynəlxalq sferada öz sözünü deyən və öz şərtlərini diqtə edən dövlətə çevrilib. Əlbəttə, ölkəmizin bu səviyyəyə gəlməsi və sözükeçən dövlətlər ranqına yüksəlməsində Prezident İlham Əliyevin uzaqgörənliyi və əməyi danılmazdır. Daha bir üst səviyyəyə qalxan dövlətin parlamentinə əvvəlki iş fəaliyyətində ölkə büdcəsini çapıb-talayan bürokratların yenə də “millət vəkili” simasında gəlməsi, yaxud adları sadalanan oliqarx məmurların “adamları”nın qayıdışı yolverilməzdir. Şübhəsiz ki, oliqarx məmurlar qəbilindən olan şəxslərin yenə də öz sözlərini deməyə və diqtələrini yeritməyə çalışması gözləniləndir. Amma inanırıq ki, bu seçkilər şəffaf, demokratik və qaydalara uyğun keçiriləcək. Yeni parlament oliqarxların təmsilçilərinin, "rusbaş"ların yaxud "iranbaş"ların yeri deyil! Əminik ki, Son Sözü Ölkə Prezidenti Deyəcək!
Ülviyyə, Hurriyyet.az