Yeniyetmələr arasında keçirilən idman yarışında ƏDALƏTSİZLİK - NAZİRLİK AÇIQLAMA VERDİ
Binəqədi rayon Gənclər şəhərciyində yaşayan Xəyalə Abdullayeva redaksiyamıza müraciət edərək, Azərbaycan Kyokuşinkaykan Karate və Ciyutaido Federasiyasının nəzdində fəaliyyət göstərən X.F idman klubundan narazılığını dilə gətirib. O qeyd edib ki, övladı bir il olar ki, Faiq Xosrovlunun rəhbərlik etdiyi kluba Kyokuşinkaykan idman növü üzrə gedir. Xəyalə Abdullayeva qeyd edib ki, Faiq Xosrovlu onun övladını bilərəkdən özündən yaşca böyük uşaqla yarışa yazıb. Məqsəd isə süni olaraq qarşı tərəfə birincilik vermək olub.
Şikayətçinin sözlərinə görə, yarışlardan əvvəl valideynlərə nə qol çəkdirilib, nə də onların razılığı alınıb. Sonuncu yarışda isə o Faiq Xosrovludan bunu tələb etdikdə, Xəyalə Abdullayevanı və övladını zaldakı insanların içində təhqiredici formada zaldan kənarlaşdırmağa cəhd edib.
Yazını daha ətraflı qeyd etdiyimiz linkdən oxuya bilərsiniz: (https://hurriyyet.az/az/post/valideynin-raziligi-olmadan-sagirdi-yarisa-cixaran-idman-muelliminden-biabrciliq-366481).
Məsələylə bağlı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən "Hürriyyət"ə bildirilib ki, şikayətçinin oğlu 2011-ci il təvəllüdlü rəqiblə qarşılaşıb:
"Yeniyetmələr arasında Respublika kuboku əsasnaməyə uyğun olaraq, 2009-2010 və 2011-2012-ci il təvəllüdlü idmançılar arasında keçirilib. Araşdırma nəticəsində məlum olub ki, şikayətçinin oğlu, 2012-ci il təvəllüdlü Mirzəlizadə Ömər əsasnaməyə uyğun olaraq, 34 kq çəki dərəcəsində, 2011-ci il təvəllüdlü rəqiblə qarşılaşıb".
YƏHYA