📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Yəqin ki, Siyavuş Novruzovun mandatı şübhə altına düşəcək" - NATİQ CƏFƏRLİ

2024-03-26 12:24:10

"Müəllimin dediyindən belə çıxır ki, əlaqədar orqanlar narkotik satıb qəzet-sayt buraxanlara, partiya saxlayanlara göz yumublar, onlara mane olmayıblar"

"Siyavuş Novruzovdan sitat: "Quru sərhədlərin açılmasını ciddi cəhdlə ortaya atan insanların, yaxud buna çağırış edənlərin bu və ya digər şəkildə narkoticarətlə bağlılıqları ola bilər. Ciddi şəkildə araşdırsaq, görərik ki, mənbəyi buna gedib çıxır. Həmin adamlar arasında siyasət, mətbuat nümayəndələri, ayrı-ayrı partiya rəhbərləri də ola bilər ki, onların vasitəsilə maliyyələşirlər". Siyavuş müəllim bu bəyanatı ilə hökuməti, dövləti ciddi hədəfə alıb, hüquq-mühafizə orqanlarına inanmadığını, onlara güvənmədiyini göstərir". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli deyib.

Politoloqun sözlərinə görə, Siyavuş Novruzovun hökumətə qarşı belə ciddi tənqidi mövqeyi təəccüb doğurur, yəqin ki, mandatı şübhə altına düşəcək: "Adam demək istəyir ki, ölkədə quru sərhədlər açıq olanda narkotacirlər at oynadırmış, onların qarşısını kimsə kəsə bilmirmiş, hamı əlində 2-3 kilo narkotik sərhədi sağa-sola keçirmiş, buna da əlaqədar orqanlar göz yumurmuş və dövlət-hökumət orqanlarına güvən, onlara inam olmadığına görə dibindən bağlayıblar. Müəllimin dediyindən belə çıxır ki, əlaqədar orqanlar narkotik satıb qəzet-sayt buraxanlara, partiya saxlayanlara göz yumublar, onlara mane olmayıblar".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az