Yoluxanların sayı sürətlə artır, məktbələrin açılmasına hazırlıq gedir… - EKSPERT RƏYLƏRİ
Kamran Əsədov: "Sentyabrın 15-də məktəblər bağlanacaqsa, o zaman bütün ictimai obyektləri də bağlamalıyıq. Tədrisin onlayn qaydada davam etməsi təhsilimizə mənfi təsir göstərir"
Könül İsmayılova: "Ümumtəhsil müəssisələrində də müəllim-texniki heyət vaksinasiyaya cəlb olunub. O baxımdan, ciddi fəsad yaranması ehtimalının az olacağını güman etmək olar"
Sentyabrın 15-dən etibarən məktəblərin açılması gözlənilir. Bununla bağlı hazırlıqların getdiyini də müşahidə edirik. Məktəblər dezinfeksiya olunur və tibbi məhlullarla təmin edilir. Amma son günlər yoluxma sayının artması bu cür vasitələrin heç də virusun tam qarşısının alınmasında rol oynamadığını göstərir. Statistik göstəricilərə nəzər yetirdiyimizdə məlum olur ki, koronavirusa yoluxmada son günlərdə ciddi artım tendensiyası müşahidə edilir. Operativ Qərargah isə ölkə ərazisində Covid-19 virusunun yayılmasının qarşısını almaq üçün həftəiçi ictimai nəqliyyatdan yalnız avtobusların fəaliyyətinə icazə verir, metro və qatarlar işləmir. Həftəsonları isə ictimai nəqliyyatın hərəkətinə tamamilə məhdudiyyət qoyulub, açıq havada maska taxmaq məcburidir və insanların bir yerə toplaşması qadağandır.
Maraqlıdır ki, yoluxmanın sürətlə artdığı dönəmdə məktəblərin açılması nə dərəcədə düzgün qərar ola bilər? Nəzərə alsaq ki, orta məktəblərdə virusdan qorunmaq qeyri-mümkündür, bu halda şagirdlər arasında yoluxma qısa müddətdə arta bilər. Belə vəziyyətdə əyani təhsilə keçmək ciddi fəsadlar yarada bilərmi?
.jpg)
Mövzuyla bağlı təhsil eksperti Kamran Əsədovla həmsöhbət olduq. O bildirdi ki, əgər növbəti tədris onlayn qaydada davam edərsə, bu, təhsilimizə mənfi təsir göstərə bilər: "Yoluxma sayı məktəblərin açılmasına hər hansı maneə törətmir. Çünki ölkənin 4447 orta ümumtəhsil məktəbində çalışan 150 min müəllimin 80 faizə qədəri vaksinasiya olunub. Eyni zamanda, onlar bu sahədə yaşama təcrübəsinə malikdirlər. Yoluxma sayı heç bir halda tədrisin başlanmasına mane ola bilməz. Çünki cəmiyyətimizin üzvləri istirahət və əyləncə mərkəzlərində əylənir, rahat şəkildə gəzirlər. Dənizkənarlarında insan əlindən tərpənmək mümkün deyil. Bu yerlərdə hər hansısa bir problem yaşanmır. Əgər sentyabrın 15-də məktəblər bağlanacaqsa, o zaman bütün ictimai obyektləri də bağlamalıyıq. Tədrisin onlayn qaydada davam etməsi təhsilimizə mənfi təsir göstərir. İstər bilik və bacarıqları öyrətmək, istərsə də psixoloji baxımdan təhsil alan şagirdlərə çox mənfi təsir göstərir. Ona görə də yolxuma sayının artması tədrisin bərpasına təhlükə törətmir. İnsanlar bir-birlərinin evinə qonaq gedir, orda problem olmur, amma xüsusi dezinfeksiya edilən yerlərdə uşaqların məktəbə getməsi narahatlıq yaradır..."
Ekspert hesab edir ki, məktəblər koronavirusa qarşı ən təhlükəsiz yerdir. Çünki dövlət büdcəsi vəsaiti hesabına məktəblər hər gün dezinfeksiya olunur və digər məhlullarla da təmin olunur: "Məktəblər digər ictimai obyektlərə nisbətən mütəmadi olaraq dezinfeksiya olunur. Şagirdlər məktəbə gedən zaman sosial məsafəni də gözləyirlər. Eyni zamanda, təhsil müəssisəsinə gələn şəxslərin hər biri vaksinasiya olunub. Məktəblər virus mənbəyi deyil. Proses məktəbə gələnə qədər baş verir. Uşaqlar bütün gün parklarda gəzir və orda ara məsafəsi belə gözlənilmir. Əgər belə yerlərdə problem olmursa, məktəblərdə də problem yaşanmayacaq. Çünki dövlət büdcəsi vəsaiti hesabına məktəblər hər gün dezinfeksiya olunur və digər məhlullarla da təmin olunur. Ara məsafəsinə də əməl olunur. Eyni zamanda, dərs deyən müəllimlər də tibbi maskadan istifadə edir. Məktəblər koronavirusa qarşı ən təhlükəsiz yerdir. Biz təhlükəsiz yerləri açıq saxladığımız halda, təhlükəli yerləri açıq saxlayırıq. Şagirdlər üçün xüsusi avtobuslar verilməlidir ki, ictimai nəqliyyatdan istifadə etməsinlər. Dediyim kimi, proses məktəbə gələn qədər baş verir. Bu baxımdan, yoluxma hallarıyla bağlı məktəblər bağlı qala bilməz. Birmənalı olaraq məktəblər əyani tədrisə başlamalıdır. Artıq məktəblər tam hazırlıqlı vəziyyətdədir. Bununla bağlı kifayət qədər təcrübə də var. Məktəblərə xüsusi təlimatlar da verilib. Bütün bunlar məktəblərin ənənəvi qaydada tədrisə başlanmasına imkan verir".

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Könül İsmayılova isə "Hürriyyət"ə müsahibəsində dedi ki, ümumtəhsil məktəblərində dərslərin əyani və yaxud distant formada aparılması müəllim və texniki heyətin artıq vaksinasiya prosesində iştirak etməsini nəzərə alaraq, müvafiq qurumların qərarları əsasında verilə bilər: "Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, ümumtəhsil məktəblərində dərslərin əyani və yaxud distant formada aparılması, müəllim və texniki heyətin artıq vaksinasiya prosesində iştirak etməsini nəzərə alaraq, müvafiq qurumların qərarları əsasında verilə bilər. Virusdan qorunmaq mexanizmlərinə gəldikdə, bunlar yenə də dəyişməz olaraq qalır, ümumtəhsil məktəbləri və ali tədris ocaqlarında bunlara riayət olunması mütləqdir. Çünki pandemiyanın davam etməsi, təkcə tibb, iqtisadiyyat sahəsi deyil, eyni zamanda təhsil və elm sahəsinin də inkişafına kifayət dərəcədə mane olur".
Tibb mütəxəssisi hesab edir ki, ümumtəhsil müəssisələrində müəllim-texniki heyət vaksinasiyaya cəlb olunduğundan, ciddi fəsad yaranması ehtimalının az olacağını güman etmək olar: "UNİCEF-in bu ay dərc olunan məlumatına görə, “Delta” ştammı uşaqlar üçün spesifik olmayıb, yoluxma hallarının bütün yaş qruplarında artması bildirilir. Lakin yenə də dünya təcrübəsinə əsaslanaraq demək olar ki, vaksinasiya olunduqda xəstəliyin ağırlaşma və hospitalizasiya riski xeyli azalır. Ümumtəhsil müəssisələrində də müəllim-texniki heyət vaksinasiyaya cəlb olunub. O baxımdan, ciddi fəsad yaranması ehtimalının az olacağını güman etmək olar. Lakin bu yenə də yoluxma dinamikası, mövcud durum və s amillərdən asılı olaraq qiymətləndirilərək, aidiyyəti qurumlar tərəfindən müvafiq qərarların qəbul olunmasına təsir edə bilər".
Sonda onu da qeyd edək ki, Təhsil Nazirliyindən verilən məlumata görə, indiyədək ümumi təhsil müəssisələrində çalışan 220 mindən çox təhsil işçisindən 138 min nəfərə yaxını hər iki dozada vaksin olunub. Bu günədək ümumi təhsil müəssisələri işçilərindən təxminən 60 min nəfərdən çoxu vaksin olunmayıb. Onlardan immuniteti olanlar 16.500, bu və ya digər səbəbdən vaksin olunmayanlar isə 42 min nəfərdən çoxdur. Bildirilib ki, vaksin olunmaq həm də ənənəvi qaydada daha çox saatda dərs demək imkanıdır.
YƏHYA