Yunanıstanın Baş naziri Ermənistanla hərbi əməkdaşlıq barəsində açıqlama verdi
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Yunanıstanın Baş naziri Kiriakos Miçotakis bu gün ermənistanlı həmkarı Nikol Paşinyanla görüşdən sonrakı açıqlamasında müdafiə sahəsində Ermənistanla əməkdaşlıq edəcəyini bəyan edib. O, Afinanın İrəvanın qərbə doğru meyllənməsini dəstəklədiyini deyib.
Miçotakis həmçinin iki ölkə arasında ticarəti genişləndirmək, erməniləri yunan müəssisəslərində işə dəvət eləmək niyyətində olduğunu söyləyib.
Miçotakisin çıxışı Yunanıstanın "ERT-news" kanalında canlı efirə gedib.
Yunanıstanın Baş naziri deyib: "İki ölkə arasında artıq neçə əsrlərdir (? Ermənistan 1918-ci ildə meydana çıxıb - red.) ki, gözəl münasibətlər var. Qarşımıza çıxan ümumi problemlərin həllində bu münasibətlər daha da məhsuldar ola bilər. Xüsusilə də indi - Ermənistanın Avropa İttifaqının dəstəyi ilə əldə edəcəyi sabit və şəffaf strukturlar investisiya cəlbinə imkan yaradacaq. Biz bərpa edilən enerji mənbələri və müasir texnologiyalar sahələrində ikitərəfli əməkdaşlığı sonra da davam etdirə biləcəyik".
"Biz həmçinin, müdafiə sahəsində də əməkdaşlıq edirik. 2023-cü ilin dekabr ayında bununla bağlı xüsusi müqavilə imzalamışıq".
"Həmkarım Nikol Paşinyanla birlikdə geniş regionumuzdakı hadisələri də müzakirə eləmişik. Burada da mövqelərimiz üst-üstə düşür. Ölkələrimizin hər ikisi istənilən təhdidə. istənilən zorakılığa qarşıdır. Biz həmişə beynəlxalq hüququn tərəfindəyik, hər bir dövlətin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşırıq, dialoqa və mübahisələrin sülh yolu ilə həllinə inanırıq. 2023-cü il müharibəsindən sonra Ermənisan sülhün dəyərini hər zamankından daha yaxşı anlayır. Möhtərəm Nikol, sizin indi qəbul etdiyiniz qərarlar ölkənizin yaxın illərdəki yolunu formalaşdıracaq".
Hürr Tərcüman