Zaporojyeyə DƏHŞƏTLİ ZƏRBƏ: Binalar dağıldı, yaralananlar var - FOTOLAR
Rusiya silahlı qüvvələri Zaporojye şəhərinə altı aviabomba ilə dəhşətli zərbə endirib. Qanlı hücum nəticəsində 1 nəfər həlak olub, 16 dinc sakin isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hurriyyet.net xəbər verir ki, Vilayət Hərbi Administrasiyası rəhbərinin vəzifəsini icra edən Mixail Semikinin verdiyi məlumata görə, yaralılardan 3 nəfərinin vəziyyəti orta-ağır qiymətləndirilir və onlar intensiv həkim nəzarəti altındadır.
"Zərbələr nəticəsində hündürmərtəbəli yaşayış binalarından biri qismən dağılıb, daha 20 binaya ciddi ziyan dəyib. Həmçinin şəhərin Uşaq və Gənclər Yaradıcılıq Sarayı da hava hücumunun hədəfinə çevrilərək zərər çəkib", - deyə M.Semikin vurğulayıb.
Hadisə yerinə dərhal cəlb olunan xilasedicilər mənzillərdə bloklanaraq köməksiz vəziyyətdə qalan 12 sakini xilas edərək təxliyə ediblər. Zərbə endirilən ünvanlardan birində baş verən güclü yanğın nəticəsində isə 5 minik avtomobili yanaraq külə dönüb.



