Zaur Mikayılovun oğlu hansı biznesdən pul qazanır?
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılovun oğlu Kənan Mikayılov onlayn ticarət sahəsində biznes fəaliyyətinə başlayıb.
Hurriyyet.net Musavat.com istinadən xəbər verir ki, bu barədə xaricdə yaşayan jurnalist Cavanşir Həsənli məlumat yayıb.
Məlumata görə, İstanbul Texniki Universitetinin məzunu olan Kənan Mikayılov ötən il “Alvery.az” adlı onlayn ticarət platforması yaradıb.

“Alvery.az” Azərbaycan biznesləri üçün onlayn mağazaların yaradılması və idarə olunmasını təmin edən SaaS (Software as a Service) əsaslı elektron ticarət platformasıdır. Sistem sahibkarlara ayrıca proqram təminatı hazırlatmadan öz onlayn mağazalarını qurmaq və idarə etmək imkanı verir.
Jurnalistin yaydığı məlumata əsasən, “Alvery.az” Məhdud Məsuliyyətli Cəmiyyəti 1507316841 VÖEN-i ilə dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi kimi göstərilib.
Platformanın kommersiya modeli abunə və satışlardan tutulan komissiya üzərində qurulub. Belə ki, onlayn mağaza xidmətindən istifadə üçün aylıq ödəniş 39-199 manat arasında dəyişir. Bununla yanaşı, platforma üzərindən həyata keçirilən hər satışın dəyərindən əlavə olaraq 0,5-2 faiz komissiya tutulur.
Platforma sahibkarlara onlayn satış infrastrukturu təqdim etməklə yanaşı, abunə haqları və satış komissiyaları vasitəsilə gəlir əldə etməyi hədəfləyir.