📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zaxarova: “Son qərarı İrəvan verəcək”

2023-04-05 22:24:00

Zaxarova: “Son qərarı İrəvan verəcək”

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, RF XİN mətbuat katibi Mariya Zaxarova bütün maraqlı tərəflərin KTMT missiyasının Ermənistana göndərilməsinə hazır olduğunu bildirib. Onun sözlərinə görə, indi İrəvan qərarını bildirməlidir.

Zaxarova KTMT missiyasının Ermənistana nə vaxt yola düşməsinin İrəvandan asılı olduğunu, Moskvanın öz mövqeyini artıq səsləndirdiyini söyləyib.

Mariya Zaxarovanın sözlərinə görə, təşkilatın Ermənistandakı sülhməramlı missiyası Cənubi Qafqazda vəziyyəti sabitləşdirə bilər. Diplomat qeyd edib ki, Rusiya da, onun digər müttəfiqləri də missiyanın göndərilməsinə hazırdılar. Zaxarova bununla yanaşı, belə məsələlərdə son qərarın KTMT Şurası tərəfindən verildiyini də xatırladıb.

Rusiya Xarici İşlər Nazirliyinin təmsilçisinin sözlərinə görə, bu missiyanın işə başlamasının zamanının müəyyənləşdirilməsi İrəvandan asılıdır. Ermənistan hakimiyyəti hazır olanda gələcək missiyanın konkret detallarının müzakirəsi prosesi başlanacaq. Zaxarova deyib: “Beləliklə, top artıq İrəvanın meydanındadır”.

Hürr Tərcüman