Zaxarova Vardanyanla bağlı açıqlama verdi
Vardanyan taleyi Moskvanı narahat etmir
Hurriyyet.az xəbər verir ki, RF XİN mətbuat katibi Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina etdiyini və onun taleyinin rəsmi Moskvanı maraqlandırmadığını bildirib.
Bəlli olduğu kimi, Ruben Vardanyan Qarabağdakı separatçıların "dövlət naziri" olub və hazırda törətdiyi əməlləri ilə əlaqədar həbsdədir.
Bu gün keçirilən brifinq zamanı erməni jurnalisti Azərbaycan həbsxanasında olan Vardanyan barəsində Zaxarovaya sual verib, onun "əziyyətlərə məruz qaldığını" iddia edib və Moskva ilə Bakının təmasları zamanı onunla bağlı məsələnin qaldırılıb-qaldırılmadığını soruşub.
Zaxarova cavabında deyib: "Sualınıza sual ilə cavab vermək istəyərdim. Bəlkə də siz bilərsiniz, amma mən görməmişəm ki, Bakı ilə İrəvan arasındakı təmaslarda Ruben Vardanyanın Azərbaycanda həbsdə olması məsələsi qaldırılsın. Əgər mənə belə bir informasiya təqdim eləsəniz, zənnimcə bu barədə öyrənmək maraqlı və faydalı olardı. Bir daha xatırladıram ki, Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edib. Bunu aşkar şəkildə edib və heç kim üçün sirr deyil. Ona görə də, belə sualları Bakı ilə İrəvana ünvanlamaq lazımdır".
Hürr Tərcüman