📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zəfər günü ilə bağlı əfv sərəncamı və amnistiya aktı gözlənilir?

2021-10-05 00:09:00

Zəfər günü ilə bağlı əfv sərəncamı və amnistiya aktı gözlənilir?

Əliməmməd Nuriyev: "Zəfər bayramı ərəfəsində amnistiya aktı qəbul edilə bilər"

Uzun illərdir ki, azadlıqdan məhrum edilmiş şəxslərlə bağlı bir qayda olaraq bayramlar ərəfəsində əfv sərəncamı imzalanır. Qarşıdan 8 noyabr tarixində qeyd ediləcək Zəfər bayramı gəlir. İlk dəfədir qeyd edəcəyimiz əlamətdar gündən bəzi vətəndaşlarımızın da gözləntiləri var. "Hürriyyət"in redaksiyası ilə əlaqə saxlayan vətəndaşlar Zəfər günündə Əfv sərəncamı və ya amnistiya aktının olacağıyla bağlı suallar ünvanlayırlar.

Biz də redaksiya olaraq mövzunu araşdırmaq üçün Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevlə əlaqə saxladıq. Komissiya üzvü Zəfər gününə qısa vaxt qaldıyı üçün bu müddət ərzində nəhəng işi həyata keçirməyin o qədər də asan olmadığını qeyd etdi: "Yaxın vaxtlarda əfv sərəncamının olacağına pessimist yanaşıram. Çünki bu il Azərbaycan Respublikasının Prezidenti tərəfindən əfv sərəncamı imzalanmışdır. O zaman 500-dən artıq məhkum ya cəzalarının qalan hissəsindən azad olunmuş, ya da cəzaları yarıya endirilmişdir. Yəni bu il ərzində əfv sərəncamı baş tutub.

Bilirsiniz ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, əfv hüququ cənab Prezidentin müstəsna səlahiyyətidir. Hər il bu qərarı tətbiq etmək səlahiyyəti cənab Prezidentə Konstitusiyaya əsasən verilmişdir. Bu il ikinci dəfə əfv sərəncamının verilməsi nəzəri baxımdan mümkündür. Amma praktiki baxımdan diqqət etsək görərik ki, ötən illərdə əfv sərəncamından əvvəl Əfv Komissiyasının iclası toplanır. Çoxsaylı müraciətlər müzakirə olunur. Sonda Əfv Komissiyası tərəfindən siyahı Prezidentə təqdim edilir. Cənab Prezident tərəfindən kimlərin əfv edilib-edilməməsi ilə bağlı qərar qəbul edilir. Nəzərə alaq ki, Zəfər gününə artıq bir aya yaxın müddət qalıb, bu müddət ərzində nəhəng işi həyata keçirmək o qədər də asan deyil. Amma bu cənab Prezidentin müstəsna səlahiyyətində olan məsələdir".

Əliməmməd Nuriyev amnistiya aktının qəbul ediləcəyini istisna etmədiyini deyib: "İstisna etmirəm ki, Zəfər bayramı ərəfəsində amnistiya aktı qəbul edilə bilər. Amnistiya aktı sonuncu dəfə 2016-cı ildə Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, həmin vaxtı Milli Məclisin deputatı olan Mehriban xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülüb. Son 4 amnistiya aktının müəllifi Mehriban xanım Əliyevadır. Praktikaya baxsaq görərik ki, hər 4-5 ildən bir amnistiya aktı qəbul edilib. İstisna etmirəm ki, Zəfər bayramı ərəfəsində amnistiya aktı qəbul edilsin. Ümid edirəm ki, amnistiya aktı qəbul ediləcək".

YƏHYA