Zelenski: “Ay ərzində Rusiyanın 233 “Şahed” dronu ilə onlarla raketi vurulub”
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski ötən bir ay ərzində Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın (İran istehsalı olan) 233 ədəd “Şahed” kamikadze dronunu və onlarla raketini vurduğunu bəyan edib.
Bu barədə açıqlamanı Vladimir Zelenski özünün 19 oktyabr tarixli ənənəvi videomüraciətində söyləyib. Zelenski deyib: “Bu gün Prezident Ofisində Andrey Yermakın Fransa, Almaniya, İtaliya, Niderland və İspaniya səfirliklərinin nümayəndələri ilə bizim HHM və raket hücumundan müdafiəmizi gücləndirmək məsələsi ilə bağlı görüşü olub. Ukrayna səmasının tam təhlükəsizliyini təmin etmək üçün çalışırıq. Bizim artıq mühüm nəticələrimiz var: bir ay ərzində 233 “Şahed” və onlarla raket vurulub”.
Zelenski təkcə Kiyev səmasında onlarla İran dronunun vurulduğunu qeyd edib. Ukrayna Prezidenti 11 ədəd “Şahed”in vurulduğu üçün “Cənub” Hava Komandanlığına ayrıca təşəkkürünü bildirib: “Uşaqlar, əla işinizə görə, çox sağ olun! Başqa istiqamətlərdə də nəticələr var. Lakin, təəssüf ki, hədəfə dəyənlər də olur. Kritik infrastrukturda yeni zədələnmələri var. Bu sutkalar ərzində üç enerji obyekti düşmən tərəfindən məhv edilib”.
Əlavə edək ki, Zelenskinin dünənki çıxışından sonra, oktyabrın 19-dan 20-nə keçən gecə Nikolayevski vilayətində Rusiyanın daha 14 ədəd “Şahed-136” dronu məhv edilib.
Hürr Tərcüman