📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski BMT tribunasından Rusiyaya XƏBƏRDARLIQ etdi: "Qışı sizin üçün də ağrılı edəcəyik"

2026-09-24 12:11:35

Zelenski BMT tribunasından Rusiyaya XƏBƏRDARLIQ etdi:

Ukrayna prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının tribunasından Rusiyaya enerji infrastrukturu ilə bağlı açıq xəbərdarlıq edib. O bildirib ki, Ukraynanın enerji sisteminə zərbələr davam edərsə, Kiyev də Rusiyanın enerji obyektlərinə cavab zərbələri endirəcək.

Hurriyyet.media  xarici agentliklərə istinadən xəbər verir ki, Zelenski bunu Nyu-Yorkda BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

“Ukraynalılar anlayırlar ki, bu qış bizim üçün çox ağır ola bilər. Amma cavab olaraq onu Rusiya üçün də ağrılı etməkdən başqa seçimimiz qalmayacaq”, – Zelenski bildirib.

Ukrayna prezidenti çıxışında Rusiyanın hücumlarının yalnız hərbi obyektlərə deyil, enerji infrastrukturu və insanların gündəlik həyatına təsir göstərən digər hədəflərə yönəldiyini deyib.

Zelenski Rusiyanın Donetsk vilayəti ilə kifayətlənməyəcəyini və müharibə davam edərsə, digər Ukrayna şəhərlərinə də nəzarət etməyə çalışacağını iddia edib.

Ukrayna lideri ölkəsinə qarşı hava hücumlarının miqyası barədə də rəqəmlər açıqlayıb. Onun sözlərinə görə, Rusiya Ukraynaya 2100-dən çox raket atıb və bunların 950-dən çoxu ballistik raket olub.

“Onlar hər saat reaktiv ‘Şahed’lər buraxırlar. Biz onlarla sutkada 24 saat, həftədə yeddi gün mübarizə aparırıq”, – Zelenski deyib.

Ukrayna prezidenti bildirib ki, zərbələr ölkənin iqtisadi vəziyyətinə və insanların normal həyatına da ciddi təsir göstərir. Onun sözlərinə görə, hücumlar uşaqların məktəblərdə təhsilini belə pozur.

“Sizin ölkəniz buna bənzər bir şeyə tab gətirə bilərdimi?” – Zelenski BMT-də iştirak edən dövlətlərin nümayəndələrinə müraciət edib.

O, Ukraynanın bu müharibəni seçmədiyini vurğulayıb.

Zelenskinin çıxışı Ukraynanın qarşıdakı qışa hazırlığının və enerji infrastrukturunun müdafiəsinin Kiyev üçün əsas məsələlərdən birinə çevrildiyi vaxta təsadüf edir. Bir gün əvvəl Ukrayna və ABŞ prezidentlərinin Nyu-York görüşündə də qış öncəsi hava hücumundan müdafiə və enerji təhlükəsizliyi müzakirə olunub.

Ukrayna rəhbərliyi daha əvvəl də Rusiyanın enerji obyektlərinə hücumlarına qarşı cavab imkanlarının olduğunu bildirmişdi. Zelenskinin BMT tribunasından səsləndirdiyi son bəyanat isə bu dəfə xəbərdarlığı birbaşa qarşıdakı qışla əlaqələndirir.