Zelenski bu gün Baydenlə görüşəcək – ABŞ lideri Ukraynaya 375 milyon dollar hərbi yardım elan edəcək
Ukrayna Prezidenti Volodimir Zelenski G7 sammitində iştirak etmək üçün Yaponiyaya gəlib. O, Fransa hökumətinin təyyarəsi ilə Xirosima hava limanına enib.
"Yaponiya. G7. Ukraynanın tərəfdaşları və dostları ilə mühüm görüşlər. Qələbəmiz üçün təhlükəsizlik və əməkdaşlığı gücləndirmək. Bu gün dünya yaxınlaşacaq", - Zelenski teleqramında yazıb.
Xirosimada Ukrayna liderinin ABŞ Prezidenti Co Baydenlə görüşü nəzərdə tutulub. “Reuters” və “Politico” mənbələri Baydenin Xirosimada Kiyevə 375 milyon dollarlıq hərbi yardım elan edəcəyini bildiriblər. Bu, Zelenski ilə görüşdən sonra baş verə bilər.
Cümə günü axşam “Associated Press” və CNN hökumətdəki mənbələrə istinadən xəbər veriblər ki, ABŞ Prezidenti Co Bayden ukraynalı pilotların Amerika “F-16” qırıcılarında təlim keçməsini təsdiqləmək niyyətindədir. KİV-in məlumatına görə, pilot təlimləri Avropada keçiriləcək və yaxın həftələrdə başlaya bilər.
Dünən Zelenski Ərəb Liqasının Ciddədə keçirilən iclasında iştirak edib. Bu, Ukrayna Prezidentinin Səudiyyə Ərəbistanına ilk səfəri idi. Zelenski çıxışında görüş iştirakçılarını Kiyevin 10 bəndlik sülh planı və Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoyması təkliflərini dəstəkləməyə çağırıb. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman sammitdə bildirib ki, onun krallığı Rusiya və Ukrayna arasında vasitəçilik etməyə hazırdır.
AzPolitika.info