Zelenski hakimiyyətdən gedərsə nə olar?
Tramp Ukraynaya yeni prezident istəyir – Kiyevdə hakimiyyət dəyişikliyi müharibəni bitirəcək, yoxsa…
ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından sonra Ukrayna lideri Volodimir Zelenskinin siyasi gələcəyini hədəfə alması və Kiyevə yeni rəhbər lazım olduğunu açıq şəkildə bildirməsi həftəsonunun ən çox müzakirə olunan mövzularından biridir. Trampın sözləri kifayət qədər sərtdir: “Mən təklif edirəm ki, onlar razılaşma əldə edə biləcək yeni lider seçsinlər. Çünki o, dəfələrlə razılaşma əldə edə bilərdi, amma nədənsə bunu etmir”. Ardınca isə əlavə edib ki, Ukraynanın yeni prezidentinin seçilməsinin vaxtı çatıb.
Tramp Rusiya ilə dizel yanacağının tədarükünə dair razılaşma əldə etdikdən sonra Zelenskinin bu addımı tənqid etməsi və ardınca Vaşinqtondan Kiyevə qarşı sərt mesajların gəlməsi bir-biri ilə əlaqəli prosesdir. Trampın Zelenskiyə “getməlisən” mesajını ilk dəfə vermədiyi məlumdur. Onun hakimiyyətinin ilk dövründən yanlış siyasət yürütməsi, Rusiya ilə imzalanmış Minsk razılaşmalarını Qərb sponsorlarının təsiri altında yerinə yetirməməsi, üstəlik, “Ukrayna tezliklə NATO-ya və Avropa İttifaqına üzv olacaq” kimi vədlərə inanaraq Putini müharibəyə vadar etməsi barədə fikirlər mövcuddur. Bunlar yalnız ehtimallar da deyil, həqiqət payı var. Ancaq Zelenski getsə, müharibənin doğrudanmı bitəcəyinə, Rusiya ilə anlaşmanın əldə olunacağına ümid azdır. Trampın Putinlə son telefon danışığından sonra səsləndirdiyi fikirlər də Zelenskinin hakimiyyətdən getməsinin Rusiyanın müharibə məqsədlərini avtomatik dəyişməyəcəyini düşünməyə əsas verir. Putin Ukraynada kimin prezident olmasından asılı olmayaraq, Moskvanın irəli sürdüyü şərtlərin qəbul edilməsini istəyir.
Zelenskinin yerinə Rusiyanın “kukla”rından birinin(məsələn, Medvedçuk) gətirilməsi real görünmür. Belə olan halda, Trampın yeni və sözəbaxan rəhbər arzulaması da xəyaldan başqa bir şey deyil. Ağ Ev sahibi bir qədər dərindən düşünsə, Ukraynanın gələcəyinin Zelenskinin siyasi taleyindən daha qlobal məsələ olduğunu anlayar. Zelenskinin hakimiyyətdən yapışması da müzakirə mövzusudur. Çünki o da gələcəyindən narahatdır. İndi onu bağrına basan avropalı liderlərin heç biri vəzifəsindən ayrıldıqdan sonra da onu himayə edəcəyinə təminat verə bilməz. Amma yenə fərz edək ki, Zelenski çıxılmaz vəziyyəti anlayıb vəzifədən getdi. Bəs Ukraynanın taleyində nə dəyişəcək? Tramp Konqresdə və Senatda siyasi dayaqlarını itirərsə, ABŞ-ın müharibəyə münasibəti necə olacaq? Avropalı liderlərin çox danışdıqları “təhlükəsizlik arxitekturası” necə dəyişəcək? Rusiya istədiklərinə nail olarsa, bundan sonra necə davranacaq? Bunlar cavabı mürəkkəb olan suallardır.
Zelenski, Kərbəlayi İsmayılın sözləri ilə desək, Abbasqulu ağanın (Trampın) düşündüyü qədər aciz adam deyil. Ukraynada hərbi vəziyyət davam edir və seçkilərin keçirilməsi ilə bağlı hüquqi məhdudiyyətlər mövcuddur. Seçki prosesinin təşkili təhlükəsizlik, cəbhədəki hərbçilərin səsverməsi, milyonlarla qaçqının iştirakı və ölkə daxilində siyasi sabitliyin qorunması kimi məsələləri gündəmə gətirəcək. Amma seçkilər keçirilərsə, Zelenskinin qalib gələcəyinə də və ya mütləq məğlub olacağına da hökm vermək olmaz. Yəni Trampın istədiyi nəticə ilə Ukrayna xalqının seçimi üst-üstə düşməyə bilər.
Digər tərəfdən, yeni prezident dağıdılmış ölkə iqtisadiyyatının bərpasından tutmuş Qərbin dəstəyinin saxlanılmasına və Rusiya ilə danışıqlarda ölkənin maraqlarının qorunmasına qədər bir sıra çətin vəzifələri öz boynuna götürməli olacaq. Bu yük, məsələn, adı yeni prezidentliyə namizədlər arasında ən çox hallanan Zelenskidən çox sağlam və cüssəli Valeri Zalujnı üçün belə ağır ola bilər.
Tramp da sadəlövh deyil. O, Zelenskinin arxasında hələ də güclü dəstəkçilərinin-”dayı və bibilərinin (bu siyahıda Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas kimi fiqurlar da var) dayandığını və onların onun vəzifədən çəkilməsinə mane olduğunu anlayır. Çünki bu və ya digər səbəbdən, Ukrayna liderinin hakimiyyətdən getməsi avtomatik olaraq Putinin mövqelərini gücləndirə bilər. Hətta Zelenski xəstələnsə və ya cəbhədə aldığı ağır travmaya görə vəzifəsini tərk etməli olsa belə, bu, Qərb liderlərinin siyasi gündəliyinə “2” qiymət və uğursuzluq kimi yazıla bilər. Mümkün hakimiyyət dəyişikliyi Ukraynanın siyasi parçalanmasına, ordunun idarə edilməsində problemlərə və Qərbin Kiyevə dəstəyinin azalmasına səbəb olarsa, bu da Moskvanın xeyrinə işləyəcək. Bunu avropalı lotular yaxşı anlayırlar və riskə getmirlər. Aydındır ki, Trampın Zelenskiyə hakimiyyətdən çəkilmək çağırışı da təkcə Ukrayna liderinə deyil, həm də onu dəstəkləyən Avropa liderlərinə ünvanlanmış mesadır.
Trampın əsas arqumenti Zelenskinin razılaşmaya getməməsidir. Lakin razılaşmanın əldə olunması üçün Moskvanın hansı şərtlərə razı olacağı da eyni dərəcədə vacibdir. Sülh yalnız Kiyevin güzəştləri hesabına mümkün olacaqsa, bu, davamlı sülh deyil, yeni münaqişəyə zəmin yaradan müvəqqəti razılaşma ola bilər. Amma Ukraynanın gələcəyini yalnız Ağ Evdə verilən bəyanatlar müəyyən etmir. Burada Ukraynanın müharibədən yorğun və üzgün cəmiyyətinin iradəsi də həlledici rol oynayacaq...
Nazim SABİROĞLU