📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Zelenski hakimiyyətinin monolitliyini qorumaqda çətinlik çəkir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2023-11-22 15:46:05

"Əgər Ukrayna prezidenti komandasında və cəbhədə dönüş yaratmasa, onda Vaşinqton tərəfindən hakimiyyətdən uzaqlaşdırılacaq"

"Ukraynada hakimiyyət böhrani cəbhədə döyüşlərə mənfi təsir edir. Belə ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın "Meydan-3" etiraz aksiyası təşkil edəcəyini və onu devirmək istədiyini xüsusi vurğulayıb. Həmçinin, hakimiyyət daxilində müəyyən fikir ayrılıqlarının, generalların siyasətə qarışmaq kimi istəklərini dilə gətirib". Hurriyyet.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloq hesab edir ki, Zelenski hakimiyyətinin monolitliyini qorumaqda çətinlik çəkir və özünün hərbçilər tərəfindən devrilməsindən ehtiyatlanır: "Qeyd edim ki, Zelenski komandasında ciddi korrupsiya halları mövcuddur və vahid komanda problem olaraq qalır. Bu da Qərbin verdiyi maliyyə dəstəyin korrupsiyaya məruz qalmasına gətirib çıxarır. Ümumiyyətlə, Kiyevdə güclü hakimiyyət sistemi olmayıb. ABŞ prosesi idarə edir və Ukrayna dövlət məmurlarına qalsaydı, ölkəni çoxdan Vladimir Putinə təslim edərdilər".

Məhəmməd Əsədullazadənin sözlərinə görə, hazırda Ukraynanın iki problemi var: "Birinci korrupsiya və monolit komandanın olmaması, ikincisi isə Rusiya işğalıdır. Əgər Zelenski korrupsiyanın qarşısını almaqda çətinlik çəkəcəksə, Qərbin verdiyi pullar cəbhə üçün deyil, dövlət məmurlarının cibinə gedəcəksə, o zaman Vaşinqton onunla vidalaşacaq. Onu da nəzərinizə çatdırım ki, Ukrayna prezidentinin məlum çıxışından sonra Almaniya və ABŞ müdafiə nazirləri Kiyevdə olublar. Beləliklə, növbəti dəfə Zelenskiyə şans verdilər. Hesab edirəm ki, əgər Ukrayna prezidenti komandasında və cəbhədə dönüş yaratmasa, onda Vaşinqton tərəfindən hakimiyyətdən uzaqlaşdırılacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az