📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski Moskvanı vuracaq O RAKETDƏN danışdı: "Payızda hazır olacaq!"

2026-10-03 22:15:57

Zelenski Moskvanı vuracaq O RAKETDƏN danışdı:

Ukrayna Rusiyanın aviazərbə taktikasını dəyişməsinə cavab olaraq, bu ölkənin neft emalı zavodlarına (NEZ) endirilən zərbələrin sayını iki dəfə artırmaq niyyətindədir.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski "Reuters" agentliyinə müsahibəsində deyib.

Zelenski müsahibəsində bildirib ki, Ukrayna artıq bu payız uçuş məsafəsi Moskvaya çatmağa imkan verən yerli istehsal "FP-9" balistik raketini arsenalına qatmağı planlaşdırır.

Bu həftə Ukrayna uçuş məsafəsi təxminən 250 km olan yerli "FP-7" balistik raketinin ilk döyüş tətbiqi barədə məlumat yayıb.

Zelenski daha uzaqmənzilli "FP-9" üzərində işlərin tamamlanmasını sürətləndirmək üçün istehsalçı "Fire Point" şirkəti ilə şəxsən əlaqə saxladığını vurğulayıb:

"Mən onların özündən soruşdum: mənim "FP-9"um hardadır? Bizə "FP-9" lazımdır. Əminəm ki, "FP-9" bu payızda hazır olacaq".

Rusiya NEZ-lərinə zərbələrin iki dəfə artırılması qərarını Ukrayna lideri Moskvanın yeni zərbə taktikasına cavab kimi qiymətləndirib.

Onun sözlərinə görə, Ukrayna kəşfiyyatı Kremlin bu qış hədəflər siyahısını genişləndirmək planlarını sübut edən sənədlər əldə edib.

Zelenski iddia edir ki, söhbət sakinləri Kiyev və digər şəhərləri tərk etməyə məcbur etmək məqsədilə mülki infrastruktur, logistika, yollar, məktəblər və xəstəxanalara endiriləcək zərbələrdən gedir.

Ukrayna prezidentinin fikrincə, Rusiyanın taktikanı dəyişməsi Vladimir Putinin cəbhədəki vəziyyət və Rusiya ordusunun artan itkiləri fonunda güc nümayiş etdirmək cəhdi ilə bağlıdır.