Zelenski nədən Reznikovu VƏZİFƏSİNDƏN AZAD ETDİ?
Şahin Cəfərli: "Bu qərar Ukraynanın Krımı azad etməklə bağlı iradəsinin ifadəsi və bunun bir daha bütün dünyaya elanıdır"
Zaur Məmmədov: "Hakan Fidanın Zelenski ilə görüşündən sonra məhz Umerov soyadının müdafiə naziri postuna namizəd göstərilməsi, yəqin ki, təsadüfi deyil"
Ukrayna prezidenti Volodimir Zelenski Aleksey Reznikovun müdafiə naziri vəzifəsindən azad edilməsi haqda qərar qəbul edib. Bununla bağlı axar.az-da yer alan informasiyaya görə, Zelenski Reznikovun yerinə Krım tatar türkü Rüstəm Umerovu müdafiə naziri postuna gətirib. Belə ki, "Bu həftə parlamentdən də kadr qərarının qəbulu ilə bağlı təklif olacaq. Mən Ukraynanın müdafiə nazirini əvəz etmək qərarına gəldim. Aleksey Reznikov bu 550 gündən çox genişmiqyaslı müharibədən keçdi. Hesab edirəm ki, nazirliyin həm ordu ilə, həm də bütövlükdə cəmiyyətlə yeni yanaşmalara və digər qarşılıqlı fəaliyyət formatlarına ehtiyacı var", deyən Zelenski Ukrayna Müdafiə Nazirliyinə Rüstəm Umerovun rəhbərlik etməsinin vacibliyini vurğulayıb.
Aleksey Reznikov isə öz növbəsində, istefa ərizəsini Ali Radaya təqdim edib və gördüyü işlər barədə hesabat verməyə hazır olduğunu bildirib: "Ukrayna prezidenti Volodimir Zelenskinin qərarına uyğun olaraq istefa ərizəmi Ukrayna Ali Radasına təqdim etdim. Çətin yol oldu. "Stingers" Ukraynaya 2021-ci ilin noyabrında, mən yenicə Ukraynanın müdafiə naziri vəzifəsinə təyin olunanda, aviasiya koalisiyasının yaradılmasından, müasir tanklarla təmin olunmasından qəti şəkildə imtina etdi. Həmçinin hava hücumundan müdafiə, raket əleyhinə texnika, uzaqmənzilli raketlər, zirehli texnika, artilleriya, MLRS, müasir Qərb tipli silahların digər növlərindən".
"Rüstəm Umerovun Ukraynanın müdafiə naziri postuna təyinatının simvolik əhəmiyyəti var"
Beləliklə, "Hürriyyət" xəbər verir ki, Krım tatarı Rüstəm Ənvər oğlu Umerovun Ukraynanın müdafiə naziri təyin olunduğunu vurğulayan siyasi şərhçi Şahin Cəfərlinin fikrincə, Umerovun təyinatının simvolik əhəmiyyəti var: "1982-ci il təvəllüdlü Rüstəm Umerov hazırda Dövlət Əmlak Fondunun sədridir. O, müharibə başladıqdan sonra Ukrayna nümayəndə heyətinin tərkibində Rusiya təmsilçiləri ilə aparılan danışıqlarda iştirak edib. Düşünürəm ki, Rüstəm Umerovun təyinatının simvolik əhəmiyyəti var. Bu qərar Ukraynanın Krımı azad etməklə bağlı iradəsinin ifadəsi və bunun bir daha bütün dünyaya elanıdır".
"Bəziləri Reznikovun kürsüdən getməsini, həm də nazirliyin adının korrupsiyada hallanması ilə əlaqələndirirlər"
Aleksey Reznikov amilinin Kiyevdə artıq birmənalı qarşılanmadığını qeyd edən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovun sözlərinə görə, bəziləri Reznikovun kürsüdən getməsini, həm də nazirliyin adının korrupsiyada hallanması ilə əlaqələndirirlər: "Aleksey Reznikovun istefaya göndərilməsi rəsmi səviyyədə Ukraynanın Rusiya ilə müharibədə yeni taktiki yanaşması ilə əlaqələndirilir, yenilik və novator yanaşmanın lazım olduğu qeyd edilir. Bəziləri, Aleksey Reznikovun kürsüdən getməsini, həm də nazirliyin adının korrupsiya ilə hallanmasına görə qeyd edirlər. Cari ilin yanvar ayında böyük bir rüşvət sxemi mediada yayılsa da, sonradan bir müddət sakitlik idi. Avqustun 10-u Müdafiə Nazirliyinin adı yenidən korrupsiya qalmaqalında hallanır. Həmin gün "Zerkalo Nedeli" Türkiyənin “Vektor Avia” şirkətinin Silahlı Qüvvələr üçün qış gödəkçələri adı altında yay gödəkçələri satdığını bildirib. Oxşar əhvalatı avqustun 25-də “Ukrayinska pravda” da verib. Ali Radanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin iclası zamanı bildirilib ki, bu təchizatçı şirkət xüsusi olaraq bu növ tədarük üçün yaradıla bilərdi. Alqı-satqıları Xalqın Qulluqçusu Partiyasından olan deputat Gennadi Kasainin qardaşı oğlu Oleksandr Kasai həyata keçirib. Reznikov cavabında bildirib ki, Ukrayna Silahlı Qüvvələri üçün qış gödəkçələrinin alınması ilə bağlı qanunsuz sxem təsdiqlənərsə, istefaya getməyə hazırdır".
"Reznikovun istefası daha dərin və qəlizdir, ümumiyyətlə onun başı üzərində duman ilin əvvəlindən var idi"
Bu versiyanın son bəhanə olduğunu düşünən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşavirinin fikrincə, görünür avqustun 10-u mediaya sızdırılan məlumat bir növ təsadüf deyildi: "Çünki ancaq sadəlöhvlər Ukrayna-Rusiya kimi qlobal bir müharibədə heç də pis təsir bağışlamayan müdafiə nazirinin istefaya göndərilməsini rüşvət amili ilə bağlaya bilər. Məsələ daha dərin və qəlizdir. Ümumilikdə isə Zelenskinin bu addımı başa düşüləndir. Qeyd edim ki, Rusiya mətbuatı avqust ayındakı bəzi analitik yazılarında Aleksey Reznikovu guya Ukraynada mümkün çevriliş edə bilənlər siyahısında göstərirdi. Bu xəbərin doğru və ya psixoloji təzyiq və feyk olub-olmamasından asılı olmayaraq müdafiə nazirinin başı üzərində duman ilin əvvəlindən var idi. Artıq fevral ayında Reznikovun hakim qrupda qalmasının vacibliyi, lakin müdafiə sahəsinin başqasına həvalə ediləcəyi qeyd edilirdi. Onun Britaniyaya səfir göndəriləcəyi və ya kabinetdə hansısa sahənin ona həvalə ediləcəyi gözlənilir. Bu vəzifəyə əsas namizəd kimi ilin əvvəlindən başlayaraq ölkənin birinci kəşviyyatçısı Kiril Budanovun adı hallanırdı. Hətta, avqust ayındakı proqnozlar arasında 2-3 namizədin adı hallansa da, onlar arasında Umerov yox idi. Qeyd edim ki, Rüstəm Umerov 1982-ci ildə Özbəkistanda anadan olub. Daha sonra Ukraynaya köçüb, Krım tatarıdır. ABŞ-dakı fondlarla sıx əlaqələri mövcuddur, eyni zamanda Krım tatarlarının hüquqları və səslərinin tanınması üçün əsas aktivistlərdən biri olub. Krım tatarlarının lideri Mustafa Cəmilin köməkçisi olub. Avqustun sonunda Hakan Fidanın Zelenski ilə görüşündən sonra məhz Umerov soyadının müdafiə naziri postuna namizəd göstərilməsi, yəqin ki, təsadüfi deyil".
Vazeh BƏHRAMOĞLU