Zelenski Nevzorovla yoldaşına Ukrayna vətəndaşlığı verdi
Təcavüzü pislədiyinə görə Rusiya dövləti onu “xarici agent” adlandıraraq axtarışa verib
Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı jurnalist Aleksandr Nevzorov ilə onun həyat yoldaşı Lidiya Nevzorova Ukrayna vətəndaşlığı verib. Bu məlumatı Ukrayna Xarici İşlər Nazirliyi təsdiqləyib.
Nevzorov Rusiyanın Ukraynaya hərbi təcavüzünü pislədiyinə görə Rusiyada “xarici agent” elan edilib.
Bəlli olduğu kimi, televiziya aparıcısı Aleksandr Nevzorov Rusiyanın Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib.
Bu ilin mart ayında Nevzorova qarşı Rusiya Silahlı Qüvvələri haqqında saxta məlumatların yayılması maddəsi ilə cinayət işi açılıb. O, martın 9-da instaqram və martın 19-da isə “Yutub” hesabında Mariupolda doğum evinin Rusiya hərbçiləri tərəfindən qəsdən atəşə tutulması barədə məlumat yaydığı üçün ittiham edilir. Aprel ayında isə RF Ədliyyə Nazirliyi jurnalisti xarici agentlər siyahısına əlavə edib.
“Həyatımda gördüyüm ən cəsur insan Vəzir (Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucov – red.) adlı azərbaycanlıdır” deyən Nevzorov Birinci Qarabağ Müharibəsində Rusiyadan olan Pskov desantlarının Ermənistan tərəfində döyüşdüyünü aşkara çıxarmaqla haqq-ədalətə həmişə sadiq qaldığını göstərən şəxsiyyətdir.
Hürr Tərcüman