Zelenski: “Rusiya bizi NATO üzvü olmağa məcbur edir”
Hurriyyet.az TRT Haber kanalına istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski 2014-cü ildən bəri Rusiyanın Ukraynanı NATO təşkilatına üzv olmaq məcburiyyəti qarşısında qoyduğunu söyləyib.
NATO-nun Baş Katibi Yens Stoltenberq ilə Brüsseldəki NATO qərargahındakı görüşdən sonra keçirilən birgə mətbuat konfransı zamanı Zelenski deyib: “Bildiyiniz kimi, NATO-da 30 müttəfiqin heç də hamısı Ukraynanın üzvlüyünü dəstəkləmir. Rusiyanın 2014-cü ildən bəri Ukraynanı NATO-ya doğru itələdiyini hiss edirəm. Mənim fikrim belədir. Rusiya Ukraynanın NATO üzvü olmasına yol açır”.
Hazırda Krımda, Qara dənizdə və Azov dənizində baş verənləri Rusiyanın hibrid müharibəsinin bir qismi kimi qiymətləndirmək lazım olduğunu söyləyən Zelenski Stoltenberq ilə birlikdə Rusiyadan gələn təhdid, Ukraynanın müxtəlif təlimlərdə və missiyalarda iştirakı məsələlərini müzakirə elədiklərini deyib.
Stoltenberq isə çıxışında belə deyib: “Ukraynanın NATO üzvü olmaq səylərini dəstəkləməyə davam edirik. Ukraynanın nə vaxt üzv olacağı qərarını 30 NATO müttəfiqi verəcək. İndi mühüm olan Ukraynanın NATO standartlarına uyğunlaşması üçün islahatlara üstünlük verməyimizdir. Zelenskinin bu məsələdəki güclü mövqeyini məmnuniyyətlə qarşılayıram”. Stoltenberq NATO-nun Ukraynanı dəstəkləməsinin təhdid olmadığını, müdafiə xarakterli əməkdaşlıq olduğunu vurğulayaraq deyib: “Buradakı aqressor Rusiyadır. 2014-cü ildə Krımı qanunsuz şəkildə işğal edərək Ukraynaya qarşı hərbi gücdən istifadə edən Rusiyadır”.
Hürr Tərcüman