📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenski: “Rusiyaya etibar eləmək olmaz. Sülh danışıqlarına yalnız o vaxt başlamaq olar ki...”

2022-08-19 14:18:00

Zelenski: “Rusiyaya etibar eləmək olmaz. Sülh danışıqlarına yalnız o vaxt başlamaq olar ki...”

“Hədəflərimizin reallaşdırılması Ukrayna ilə Türkiyə Respublikasını daha güclü edəcəkdir”.

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski sülh danışıqlarının yalnız Rusiyanın Silahlı Qüvvələrinin Ukrayna ərazisini tərk etməsindən sonra mümkün olacağını söyləyib.

Dünən Ukraynanın Lvov şəhərində Türkiyə Prezidenti R.T.Ərdoğan və BMT-nin Baş katibi Antoniu Quterrişin iştirakı ilə keçirilən üçtərəfli görüşdən sonra mətbuat konfransında çıxış edən Zelenski deyib: “Cənab Quterriş ilə cənab Ərdoğana xüsusilə Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri üçün təşəkkürümü bildirmək istəyirəm”.

O, Rusiyanı ölkəsinə təcavüsdə ittiham edib və qeyd edib ki, Ərdoğan ilə Quterrişin Ukraynada olması beynəlxalq hüququn bərpası baxımından mühümdür.

Üçtərəfli görüşdə Ukrayna taxılının ixracı məsələsinin də müzakirə edildiyini söyləyən Zelenski deyib: “Taxıl dəhlizi barəsində razılaşma dünya ərzaq böhranının qarşısının alınması baxımından çox mühümdür”.

Zelenski Rusiyanı Zaporojye AES-i ilə bağlı şantaj cəhdləri təşkl eləməkdə suçlayıb və rus hərbçilərinin dərhal, qeyd-şərtsiz oranı tərk eləməli olduğunu bildirib.

Zelenski Ukraynanın müharibədən sonra bərpasında iştirak prosesində Xarkov şəhəri ilə vilayətinin bərpasını öz üzərinə götürdüyü üçün, Türkiyəyə xüsusi minnətdarlığını bildirib.

Ukrayna Prezidenti Türkiyənin Ticarət Nazirliyi ilə Ukraynanın İnfrastruktur Nazirliyi arasında memorandum imzalanmasından danışarkən deyib: “Hədəflərimizin reallaşdırılması Ukrayna ilə Türkiyə Respublikasını daha güclü edəcəkdir”.

Vladimir Zelenski deyib: “Rusiya Federasiyasına güvənmək olmaz. Ona görə də Rusiya ilə danışıqlar yalnız Rusiya hərçilərinin müvəqqəti olaraq işğal edilmiş Ukrayna ərazilərindən çıxmasından sonra aparıla bilər”.

Hürr Tərcüman