Zelenski Trampa ŞƏRT QOYDU: "Hücumları dayandırırıq..." - Vaşinqtonla İPLƏR QOPDU
Ukrayna Rusiyanın ölkənin energetika infrastrukturuna zərbələrini dayandıracağı təqdirdə, Rusiya neft emalı zavodlarına (NEZ) edilən hücumları dayandırmağa hazır olacaq.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski "Telegram" kanalında Rusiyanın həftə ərzində endirdiyi zərbələri şərh edərkən bildirib.
"Avropada müharibənin real səbəbkarı Rusiyadır. Energetika sektoruna endirilən zərbələri məhz indi dayandırmaq tamamilə mümkündür, lakin Putin bunu etməkdən imtina edir. Rusiya bizim energetika infrastrukturumuza zərbələr endirməyi dayandırarsa, Ukrayna da Rusiya NEZ-lərinə zərbələri dayandırmağa hazır olacaq… Gərginliyin azaldılmasına yönəlmiş istənilən tədbir qarşılıqlı olmalı və real təminatlarla dəstəklənməlidir", – deyə o qeyd edib.
Zelenski son bir həftə ərzində rusiyalıların Ukraynaya təxminən 1450 aviabomba, müxtəlif tipli 75 raket və 1640-dan çox zərbə dronu (bunların təxminən 60%-i reaktivdir) ilə hücum etdiyini xatırladıb.
O bildirib ki, Zaporojyedə Rusiya zərbəsi nəticəsində 23 nəfərin (onlardan dördü uşaqdır) həyatını itirdiyi ərazidə axtarış-xilasetmə işləri başa çatıb. Ötən gün Xarkovda Rusiya ordusu tibb müəssisəsinə zərbə endirib. Mülki infrastruktura, yaşayış binalarına və energetika obyektlərinə də kütləvi hücumlar olunub. Slavianskda isə beşmərtəbəli binanın vurulması nəticəsində 7 nəfər yaralanıb.
Zelenski ABŞ prezidenti Donald Trampın Rusiya NEZ-lərinə zərbələri dayandırmaq tələbi barədə heç nə deməyib. ABŞ administrasiyasının fikrincə, bu zərbələr dünyada, o cümlədən Birləşmiş Ştatlarda dizel yanacağının qıtlığına və qiymətinin qalxmasına gətirib çıxarır.
Tramp Zelenskini sərt tənqid edərək, onun müharibəni bitirmək üçün kifayət qədər səy göstərmədiyini və artıq bir neçə dəfə sülh təkliflərini rədd etdiyini bildirib. Trampın xüsusi narazılığına səbəb məhz NEZ-lərə endirilən zərbələr olub: "Biz ona dedik: "Nə istəyirsən et, ama dizel yanacağına zərbə vurma, çünki bu, böyük problemdir, ciddi qıtlıqdır". O nə edir? Gedir və dizel yanacağını vurur. O, istədiyini edə bilər, amma bunu edə bilməz".
Tramp həmçinin vurğulayıb ki, Ukraynaya sövdələşmə bağlaya biləcək yeni lider lazımdır.
Zelenski Trampın "Ukraynaya yeni lider lazımdır" bəyanatını hələlik şərh etməyib.
Bir qədər əvvəl o bildirib ki, müharibə şəraitində seçki keçirmək qeyri-mümkündür və yalnız atəşkəsdən sonra baş tuta bilər.
Tramp ilə Zelenski arasında yeni münaqişə Trampın ABŞ və dünya bazarlarına Rusiya dizel yanacağının tədarükü ilə bağlı Putinlə razılıq əldə olunduğunu elan etməsindən sonra alovlanıb. Zelenski bu addımı ABŞ-də yanacaq qiymətlərini aşağı salmaq naminə Rusiyanın dizelinə qarşı sanksiyaları dayandırmaq kimi zəif bir qərar adlandıraraq tənqid edib. Ukrayna nümayəndə heyəti isə bu elandan sonra Mayamidəki danışıqları yarımçıq saxlayaraq geri qayıdıb.
"Axios" mənbəsi bildirib ki, Tramp Rusiya ilə dizel sövdələşməsini Zelenskinin NEZ-lərə hücumları dayandırmaq barədə ABŞ tələblərini dəfələrlə qulaqardına vurmasından sonra bağlamağa qərar verib. Zelenski isə öz növbəsində dizel sövdələşməsindən sarsıldığını və bunu "ədalətsiz" addım adlandırdığını bildirib.
Lakin "Axios"un məlumatına görə, Tramp Ukraynanın Rusiya NEZ-lərinə hücumları birtərəfli qaydada dayandırmasını istəyir və bunu ABŞ-də yanacaq qiymətlərinin artmasının əsas səbəbi hesab edir.