Zelenski: Ukraynanın NATO-ya üzvlük perspektivi...
Ukraynanın NATO-ya üzv olub-olmayacağı məsələsi Rusiya-Ukrayna müharibəsinin necə başa çatacağından asılıdır. Hələlik bu barədə qəti fikir söyləmək tezdir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski WhatsApp platforması üzərindən keçirdiyi onlayn brifinq zamanı bildirib.
Zelenski qeyd edib ki, Ukrayna NATO-ya üzvlük imkanını nəzərdən keçirir və Alyansda da bu məsələ müzakirə olunur. Onun sözlərinə görə, mövzu hazırda gündəmdədir və noyabrın 19-da Berlində keçirilən “Könüllülər koalisiyası”nın iclasında da müzakirəyə çıxarılıb.
Ukrayna Prezidenti vurğulayıb ki, Fransa və digər müttəfiqlər Ukraynanın təhlükəsizliyinin ən aydın təminatının NATO-ya üzvlük olduğunu anlayırlar.
“Fransa və digər müttəfiqlər başa düşürlər ki, Ukrayna üçün ən aydın təhlükəsizlik təminatı NATO üzvlüyüdür. NATO-nun güclənməsinin ən aşkar yolu isə Ukraynanı Alyansa qəbul etmək və Ukrayna ordusu kimi bir orduya müttəfiqlər arasında sahib olmaqdır. Şübhəsiz ki, bu, hər iki tərəfin – həm Ukraynanın, həm də NATO-nun maraqlarına uyğundur”, – deyə Zelenski bildirib.
Qeyd edək ki, noyabrın 19-da Berlində keçirilən “Könüllülər koalisiyası”nın toplantısında Ukrayna üçün təhlükəsizlik təminatları, müharibənin başa çatdırılması və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi məsələləri də müzakirə olunub.