Zelenskidən yeni tələb-Neft pullarını Rusiyaya verməyin
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın neft tədarüklərindən əldə edilən vəsaitlərdən xarici bazarlarda istifadəsini məhdudlaşdırmağa çağırıb. "Avropa Rusiyadan neft tədarükünə embarqo tələbinə daha nə qədər məhəl qoymayacaq? Bu, ekoloji sahədən tutmuş hərbi sahəyə qədər sözün hər mənasında təhlükəsizlik məsələsidir. Sizdən xahiş edirəm ki, bu məsələni Aİ-də hamının qarşısında ucadan qaldırasınız ki, lazımi həll yolları ortaya çıxsın”, deyə Zelenski cümə günü Finlandiya parlamentində video bağlantı vasitəsilə danışarkən bildirib.
Zelenskinin sözlərinə görə, “dünya bunun necə ediləcəyinin formatlarını bilir. Əgər Avropa hazırda tədarükləri fiziki olaraq dayandırmaq istəmirsə, hər halda bu qaçılmaz olsa da buna hazır deyilsə, ilk addım kimi Rusiyaya neft üçün pul axınının məhdudlaşdırılması sxemini tətbiq etmək lazımdır”.
“Qoy bu pullar Rusiyanın girişi olmadan xüsusi hesablarda toplansın. Qoy Rusiya əvvəlcə sülhü təmin etsin və müharibə cinayətlərinə görə məsuliyyət daşısın, sonra neft dollarlarını və neft avrosunu geri alsın. Qoy onlar Helsinkinin ruhunun nə olduğunu xatırlasınlar və Helsinki razılaşmalarını tam bərpa etsinlər. Yalnız bundan sonra iqtisadiyyatı müzakirə etmək mümkün olacaq”, deyə Zelenski bildirib.
Ülviyyə, Hurriyyet.az