Zelenskinin Rusiya vətəndaşlarına müraciəti: “Siz müharibə istəyirsinizmi?”
Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski dünən gecə saatlarında rus dilində Rusiya vətəndaşlarına müraciət edərək, onların müharibə istəyib-istəmədiklərini soruşub. Zelenski Ukrayna xalqının sülh istədiyini bəyan edib, Avropa qitəsində böyük müharibə təhdidi barəsində xəbərdarlıq edib, müharibənin bəşəriyyət üçün necə bir faciə olmasından danışıb.
Zelenski Rusiya ilə Ukrayna arasında 2 min kilometrdən artıq sərhəd xətti boyunca 200 min nəfərdən artıq rusiyalı əsgərin Ukraynaya hücuma hazır vəziyyətdə durduğunu, hücum baş verəcəyi təqdirdə, ukraynalıların mərdliklə müdafiə olunacaqlarını deyib.
Ukrayna Prezidenti fevralın 23-də Rusiya Prezidenti Vladimir Putin ilə telefonla danışmaq istədiyini, lakin təklifinin cavabsız qaldığını bildirib: “Nəticə - lal sakitlikdir. Hərçənd, həmin sakitlik Donbassda olmalıdır”.
Zelenski Ukraynaya “nə soyuq, nə odlu, nə də hibrid müharibənin” lazım olmadığını söyləyib.
“Ukrayna xalqı nasizmi dəstəkləmir, o, nasistlər üzərində qələbə üçün 8 milyon həyat qurban verib. Mən necə nasist ola bilərəm? Bu barədə mənim babamdan soruşun. O, bütün müharibə boyunca sovet ordusunun piyada qoşununda xidmət edib və müstəqil Ukraynada polkovnik kimi vəfat edib”.
Zelenski deyib: “Rusiyanın xəbərlərindəki Ukrayna ilə real həyatdakı Ukrayna – iki tamamilə fərqli ölkədir. Onlar arasındakı başlıca fərq, bizim olanın həqiqi olmasıdır...
Sizə deyirlər ki, biz rus mədəniyyətinə nifrət edirik. Mədəniyyətə necə nifrət eləmək olar? İstənilən mədəniyyətə? Qonşular hər zaman mədəniyyət cəhətdən bir-birini zənginləşdirirlər. Lakin, bu, onların eyniləşdirilməsi, bizim sizdə əriməyimiz demək deyil. Biz fərqliyik. Lakin bu, düşmən olmaq üçün səbəb deyil. Biz öz tariximizi özümüz müəyyənləşdirib qurmaq istəyirik. Dinc. Sakit. Dürüstlüklə...
Bizi eşidin. Ukrayna xalqı sülh istəyir. Ukrayna hakimiyyəti sülh istəyir. İstəyir və belə edir. Sülh üçün bacardığı hər şeyi edir...
Ruslar müharibə istəyirlərmi? Bu suala cavab verməyi çox istəyərdim. Lakin cavab yalnız sizdən asılıdır, Rusiya Federasiyasının vətəndaşları”.
Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin bu gün səhər saatlarında Rusiyanın Ukraynanın Donbass bölgəsində hərbi əməliyyatlara başladığını bəyan edib.
Hürr Tərcüman