Zelenskinin sülh şərti Putinin ümidlərini PUÇ ETDİ
Ukraynanı "zorakı sülhə" sürükləmək istəyən, amma rədd cavabı alan Kreml Zelenskini "kimyəvi silahdan istifadə" böhtanı ilə şantaj edir
Görüşün Kiyevdə yox, Lvovda keçirilməsi ona Qərb tərəfindən "dobro" verildiyini deməyə əsas verir
Ötən həftənin ən önəmli hadisələrindən biri Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün böyük səylər göstərən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın avqustun 18-də Ukraynanın Lvov şəhərinə getməsi və prezident Vladimir Zelenski ilə görüşü oldu. Lvovun Potoçki sarayında mətbuata qapalı keçirilən üçtərəfli sammit 40 dəqiqə davam etdi. Görüşdə Türkiyənin XİN naziri Mövlud Çavuşoğlu, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan və prezidentin sözçüsü İbrahim Kalın da iştirak etdi.
BMT-nin baş katibi Antonio Quterreşin də iştirak etdiyi danışıqlarda prezident Ərdoğan, “Hər şey danışıqlar masasına gedən ən qısa və ədalətli yolu tapmaqdan ibarətdir” ifadələri ilə səfərinin niyyətini anlatmış oldu. Əslində, Ukrayna-Rusiya müharibəsi başlayandan bəri müharibənin dayanmaması üçün başda ABŞ olmaqla çalışan ölkələrdən fərqli olaraq, bölgəsəl vəziyyətin daha da qəlizləşməməsi üçün sülhə çalışan tək ölkə Türkiyədir desək, yanılmarıq.
İlk öncə deyək ki, Lvovda keçirilən üçtərəfli sammit dünya mediasında geniş rezonans doğurdu. "AFP" və "AP" kimi beynəlxalq xəbər agentlikləri hadisələri dəqiqəbə-dəqiqə xəbər verərkən, Əl-Cəzirə görüşə “sülh üçün bir şans” şərhini təqdim etdi. “Əl-Cəzirə”nin müxbiri Tereza Bo Lvovdakı görüşün məhz belə bir fürsət yaratdığını qeyd etdi. "Washington Post" isə yazdı ki, üçtərəfli sammitdə liderlər altı aydır davam edən silahlı münaqişəyə son qoymağın yollarını müzakirə ediblər. İngiltərənin "The Independent" qəzeti Türkiyənin Qara dəniz limanlarından 22 milyon ton qarğıdalı və digər taxılların ixracına yol açan razılaşmaya vasitəçilik etdiyini xatırladıb. Nəşr qeyd edir ki, liderlər bölgədəki problemlərin həlli üçün Lvovda görüşüblər. “Politico” nəşri sammitin əhəmiyyətini vurğulamaq üçün öz səhifəsində Türkiyənin “taxıl dəhlizi” açmaq səylərini önə çəkdi. “France 24” (France 24) qəzetinin baş xarici redaktoru Rob Parsons “taxıl dəhlizi”nin Türkiyə prezidentinin səyləri ilə açıldığını vurğulayıb. "Ərdoğanın səyləri sayəsində artıq çox şey əldə olunub", deyə Parsons bildirib.
Sammitdən sonra keçirilən birgə mətbuat konfransındakı çıxışına Zelenski və Quterreşə ünvanladığı salamlama sözləri ilə başlayan Ərdoğan Ukrayna prezidentinin dəvəti ilə Lvovda olmaqdan çox məmnun olduğunu qeyd etdi. Türkiyə lideri Zelenski ilə ikitərəfli görüşdə Ankara ilə Kiyev arasında strateji tərəfdaşlıq səviyyəsində olan münasibətlərin bütün aspektlərinin nəzərdən keçirildiyini ifadə edərək, “Biz hazırkı şərtlərdə əməkdaşlığımızı inkişaf etdirmək imkanlarını, həmrəyliyimizi müzakirə etdik. Əlbəttə, danışıqların mərkəzində təxminən, altı aya yaxındır davam edən silahlı münaqişə var idi. Bu münasibətlə mən Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyimizi bir daha bəyan etdim" sözləri ilə müzakirələrin hansı məsələlər ətrafında cərəyan etdiyini açıqlamış oldu. "Hərbi əməliyyatlar başlayandan bəri biz Ukrayna xalqının təcili humanitar ehtiyaclarını ödəmək üçün 98 yük maşını humanitar yardım göndərmişik və 325 minə yaxın ukraynalını ölkəmizdə müvəqqəti yerləşdirmişik. Ölkəmizdə 1099 yetim uşağı, 408 müşayiət edən şəxslə birlikdə qəbul etmişik. Ukraynada vəziyyət normallaşana qədər Türkiyə ərazisində qalacaq ümumilikdə 1507 nəfər. Görüşümüzdə hərbi münaqişənin törətdiyi fiziki dağıntıların həcmini də müzakirə etdik. Ukraynanın yenidən qurulmasında lazımi dəstəyi göstərəcəyimizi də cənab Zelenski ilə paylaşdıq”, deyə Türkiyə dövlətinin başçısı əlavə edib.
Taxıl müqaviləsinin qüvvəyə mindiyi avqustun 1-dən bu yana ümumilikdə 25 gəmi və təxminən 625 min ton Ukrayna taxılının dünya bazarına çıxarıldığını xatırladan Ərdoğan: “Təmaslarımız zamanı diqqətimizi yaradılmış mexanizmin fəaliyyətinin qorunub saxlanılması və genişləndirilməsi üçün atıla biləcək addımlara yönəltdik. Üçtərəfli görüşümüzdə biz İstanbul sazişinin yaratdığı müsbət atmosferin davamlı sülhə çevrilməsi imkanlarını da qiymətləndirdik.Diplomatik prosesin canlandırılması üçün beynəlxalq ictimaiyyətin daha çox məsuliyyət daşımalı olduğunu vurğuladıq", deyərək görülən işlərini mahiyyətinə aydınlıq gətirmiş oldu.
Əlbəttə, sülh yaratmaq təşəbbüsünü ələ alması Türkiyənin ilk növbədə, regional gücdən qlobal güc səviyyəsinə qalxmaq iddiasına haqq qazandırır. Əslində, sülh Ukraynaya lazım olduğu qədər Rusiyaya da lazımdır. Hətta hansısa mənada Avropaya da. Bundan əvvəl sülh yaratmaq cəhdlərinə yönəlmiş danışıqlar İstanbulda keçirilmişdi. Lvovdakı danışıqlar da az əhəmiyyətli deyildi. Xüsusilə dünyada imitasiyası yaradılmağa çalışılan aclıq, nüvə təhlükəsi fonunda.
Məlum olduğu kimi, prezident Ərdoğan Lvov şəhərinə Polşa üzərindən keçərək varid oldu. Lvov tarixi baxımdan Ukraynanın ən zəngin nöqtələrindən biridir. 13-cü əsrin ortalarında Qalisiya şahzadəsi Daniyel Romanoviç tərəfindən qurulan Lvov tarixən günümüzdə Ukrayna və Polşa arasında bölünmüş bir bölgə olan Qalisiyanın ana mərkəzi olmuşdur. 1349-cu ildə polşalılar tərəfindən işğal edilən şəhər qısa zamanda Şərq ilə ticarətin mərkəzi halına gəldi. 1356-cı ildə Lvov Maqdeburq Qanunu ilə ticari üstünlük əldə edir. Tarixi çaxnaşmaların mərkəzində yer alan şəhər yalnız 1944-cü ildə Sovet Ukraynasına qatılır. Əlbəttə, görüşün Kiyevdə yox, Lvovda keçirilməsi ona Qərb tərəfindən "dobro" verildiyini vurğulayır. Eləcə də Rusiyanın təlqin etdiyi kimi Ukraynanın rus dünyasına yox, Qərb dünyasına məxsus olduğu mesajı verilir. Yeri gəlmişkən, prezident Ərdoğan Lvov görüşünə dair Polşa prezidenti Andjey Duda ilə telefon danışığı apardı. Türkiyə prezidenti administrasiyasının Kommunikasiya şöbəsinin yaydığı məlumatda deyilir ki, danışıqlar zamanı Türkiyə lideri Ukrayna trafikinin Polşadan keçən hissəsindən istifadə edərək səfərini asanlaşdırdığı üçün polşalı həmkarına təşəkkür edib. Polşa prezidenti Duda da öz növbəsində, Rusiya-Ukrayna böhranının həllində konstruktiv roluna və səylərinə, həmçinin taxıl ixracı sazişinə verdiyi töhfəyə görə prezident Ərdoğana təşəkkürünü bildirib və təbrik edib.
Görüşə BMT Baş Katibi Antonio Qutterreşin də qatılması, görüşün ardınca Odessa limanına, sonra Ukraynadan taxıl daşıyan gəmilərin yoxlanılması prosesində iştirak üçün İstanbula getməsi Türkiyənin sərf etdiyi səylərin əhəmiyyətini önə çıxarır. Bu o anlama Türkiyə dünyanın taleyinin həll olunmasında rol oynayır.
"Şəxsən mən əminəm ki, münaqişə nəhayət danışıqlar masası arxasında bitəcək. Əslində, cənab Zelenski və Quterreş də bununla razılaşırlar. Mən danışıqların mart ayında İstanbulda formalaşan parametrlərin əsasınında bərpa olunmasını mtmqümkün hesab edirəm. Biz bu məqsədə nail olmaq üçün bir daha vasitəçi kimi çıxış etməyə hazırıq.Təbii ki, görüşümüzdə hərbi əsirlərin mübadiləsini və bu istiqamətdə təşəbbüslərimizi müzakirə etdik. Bu baxımdan vurğulamaq istəyirəm ki, biz bu məsələyə böyük əhəmiyyət veririk. Düşünürəm ki, hazırda hadisələri izləyən hər kəs əsirlərin mübadiləsi ilə bağlı baş verənlərlə maraqlanır. Bu kontekstdə cənab Putin, Rusiya tərəfi və mən bütün təmaslarımızın nəticələrini qiymətləndirməyə davam edəcəyik", deyə prezident Ərdoğan sözlərini yekunlaşdırdı. Daha sonra Ərdoğan Lvova səfəri zamanı göstərdikləri bütün köməyə görə Ukrayna və Polşa hakimiyyətinə bir daha təşəkkür edib.
Vladimir Zelenski Lvovda Ərdoğanla ikitərəfli görüşdən sonra yazılı açıqlama verdi. Türkiyə liderinin səfərini güclü dəstək siqnalı kimi qiymətləndirən Zelenski qeyd edib ki, "Türkiyə prezidentinin Ukraynaya səfəri belə bir qüdrətli ölkənin əhəmiyyətli dəstək mesajıdır. Lvovda keçirilən görüşdə Rəcəb Tayyib Ərdoğanla müzakirələr apardıq. Ərdoğan taxıl təşəbbüsünün təkmilləşdirilməsi imkanları, Zaporojye AES ətrafında vəziyyət və işğalçıların nüvə şantajı, Rusiya tərəfindən Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində irimiqyaslı taxıl oğurlanması, müdafiə sahəsində əməkdaşlıq məsələlərinə də toxunduq". Zelenski Ukrayna ilə Türkiyə arasında əməkdaşlığın daha da genişləndirilməsinin hər iki tərəfi gücləndirəcəyinə əminliyini ifadə etdi.
Bildiyimiz kimi, bu savaş başlayandan bəri Rusiyanın Ukraynaya endirə biləcəyi nüvə zərbələri də müzakirə mövzusudur. Rusiyaya hazırda qəsb etdiyi torpaq parçalarının ilhaqını legitimləşdirməklə müharibəni yekunlaşdıracaq sülh müqaviləsi gərəklidir. Ola bilsin ki, Lvov görüşündən bu anlaşmanın çıxacağına da ümidli idi. Amma prezident Zelenskinin sülhün başlıca şərti kimi Rusiyanın işğal etdiyi bütün Ukrayna torpaqlarından çıxmasını irəli sürməsi Moskvanın ümidlərini puç etdi. Ukrayna Təhlükəsizlik Şurasının sədri Oleksiy Danilov açıqladı ki, Kiyevin əsas prioriteti Krımın azad edilməsidir. “Krım Ukraynanın suveren ərazisidir. Gündəlikdə olan məsələ bu ərazinin azad olunması və mərhələli şəkildə demilitarizasiyasıdır”, deyə Danilov bildirdi.
Krımın işğaldan azad edilməsi istiqamətində Ukraynanın hərbi planı növbəti aylarda müharibənin həlledici mərhələyə daxil olacağından xəbər verir. Məhz Krımda hərbi bazalarin vurulması, Xersonun azad olunması planıdır. Bununla da növbəti əks-hücum Krıma hərbi müdaxilə ilə nəticələnəcək. Ona görə də Vladimir Putin indiki məqamda Ukrayna ilə danışıqlar da maraqlıdır.
Qeyd edək ki, Böyük Britaniya müdafiə naziri iki ay bundan əvvəl, rusları Krımdan çıxaracaqlarini bəyan etmişdi. Prezident Vladimir Zelenskinin də "müharibənin Krımda başlayıb, Krımda da sona çatacaq"- mesajı məhz yarımadanın azad olunmasına hesablanıb. Yaxın perspektivdə Rusiya və Ukrayna arasında sülh və atəşkəs müqaviləsi gözlənilmir. Artıq bundan sonrakı danışıqlarda Kiyev Rusiyadan 24 fevral sərhədləri deyil, bütövlükdə Ukraynanın bütün ərazilərindən çəkilməsini şərt kimi irəli sürəcək.
Bunun qarşılığında Moskvanın Kiyevi şantaj əlaməti kimi Rusiya Müdafiə Nazirliyinin Ukrayna tərəfindən kimyəvi silahdan istifadə edildiyi açıqlamasını göstərmək olar. Beləliklə, rəsmi açıqlamada deyilir ki, "Rusiya Müdafiə Nazirliyinin iddialarına görə, Donbass və digər bölgələrdəki hərbi məğlubiyyətlər fonunda Zelenski rejimi Rusiya hərbçilərinə və mülki şəxslərə qarşı kimyəvi zəhərlərdən istifadə etməklə terror aktlarına icazə verib. Deyilənə görə, iyulun 31-i Zaporojye rayonunun Vasilyevka kəndi ərazisində tapşırıqları yerinə yetirən rusiyalı hərbçilər ağır zəhərlənmə əlamətləri ilə hərbi hospitala çatdırılıblar. Araşdırmalar nəticəsində hərbi qulluqçuların orqanizmində zəhərli maddə, botulinum toksini “B” növü aşkar edilib. Zəhərlənmənin səbəblərini müəyyən etmək üçün Rusiya Müdafiə Nazirliyinin (Sankt-Peterburq) Hərbi Tibb Baş Elmi-Tədqiqat və Sınaq İnstitutunun mütəxəssisləri süni mənşəli üzvi zəhərin - botulinumun mövcudluğunu birmənalı şəkildə təsdiqləyən əlavə analiz aparıblar. Hazırda Zelenski rejimi tərəfindən sanksiyalaşdırılan kimyəvi terror faktı ilə bağlı Rusiya Federasiyası aparılmış bütün analizlərin nəticələri ilə təsdiqedici sənədlər hazırlayır. Kiyev rejimi tərəfindən kimyəvi terrorizmə dair sübutlar yaxın vaxtlarda Rusiyanın Daimi Nümayəndəliyi vasitəsilə rəsmi olaraq OPCW-ə göndəriləcək. Kiyev rejiminin dövlət terrorizmi ilə bağlı daxil olmuş sübutları nəzərə alaraq, hazırda Xerson vilayətinin müvəqqəti administrasiyasının rəhbəri V.Saldonun kimyəvi döyüş agentləri ilə zəhərlənməsi ilə bağlı əlavə araşdırma aparılır". Göründüyü kimi, rəsmi Kiyevi etdiyi torpaq ilhaqı ilə "fakt" qarşısında qoyaraq "zorakı sülhə" sürükləmək istəyən, amma buna rədd cavabı alan Moskva Zelenskini "kimyəvi silahdan istifadə" böhtanı ilə şantaj edir. Buna rəsmi cavab kimi nüvə silah şantajını dövriyyəyə buraxsın deyə... Əlbəttə nüvə silahından istifadəyə bəhanə qazanmaq üçün əsaslı əks-bəhanə gərəkdir. Xatırladaq ki, prezident Ərdoğanın Zaporojye AES-lə bağlı replikası belə olmuşdu: "Çernobılın təkrarlanması bizə lazım deyil". Əgər Rusiya hədə-qorxu gəldiyi nüvə zərbəsini gerçəkləşdirərsə, yaxud Zaporojye AES-in başına qəza gələrsə, bundan ən böyük zərər görən ölkələrdən biri Türkiyə olacaq.
Müzakirələrin əməli nəticəsi kimi, prezident Ərdoğanın Ukraynaya səfəri zamanı Türkiyə ilə Ukrayna arasında hərbi münaqişə nəticəsində dağılmış infrastrukturun bərpasına dair saziş imzalanıb. Müqavilə iki ölkə arasında bərpa məsələləri üzrə işçi qrupunun yaradılmasını, habelə Ukraynada yollar, körpülər, su və elektrik infrastrukturu, xəstəxanalar, məktəblər və digər sosial-iqtisadi obyektlərin yenidən qurulması üzrə işlərin əlaqələndirilməsini nəzərdə tutur. Xatırlayırsınızsa, Ukrayna-Rusiya müharibəsinin başlandığı zaman prezident Zelenski Ukrayna dağıdılarsa onun bərpa xərclərinin Rusiyanın qarşılamalı olacağını bildirmişdi. Bundan çıxış edərək düşünə bilərik ki, Lvov görüşünün "səssiz anlaşmaları"ndan biri də Ukraynanın indiki şərtlərlə razılaşacağı təqdirdə ölkənin bərpa xərclərinin Rusiyanın öz öhdəsinə götürməsi ola bilər. Hər bir halda ölkənin yenidən qurulmasının külli miqdarda maliyyə vəsaitinə başa gələ gələcəyi bəllidir və Türkiyənin bu prosesdə yer alması ona sanballı gəir qazandıracaq. Bütün bunlarla yanaşı, Türkiyənin Qara dəniz dövlətləri olan Rusiya ilə Ukraynaya münasibətdə və bu iki dövlət arasında sülh yaratmaqda əsas məqsədi Qara dəniz hövzəsinə ABŞ-ı buraxmamaqdır. ABŞ-ın bu müharibədə əsas məqsədlərindən biri Qara dənizi ölkəsi olmamasına baxmayaraq, hansısa halda burada mövcud olmaq, Qara dənizi nəzarəti altına almaqdır ki, nəticədə Türkiyə bu nöqtədən də mühasirəyə düşə bilər. Bu səbəbdən Ankaraya nüharibənin mümkün qədər tez zamanda bitməsi, ABŞ-a isə alovlanan müharibəni "sakitləşdirmək" üçün Qara dənizə müdaxilə etməsi lazımdır.
Ülviyyə ŞÜKÜROVA,
Hurriyyet.az