Zəngəzur dəhlizi ABŞ-ın maraqları kontekstində...
ABŞ Ermənistan ərazisindən keçməklə Türkiyə ilə Azərbaycan arasında birbaşa quru əlaqəsinin olmasında maraqlıdır. Bunu erməni politoloq Qrant Mikaelyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayenin son açıqlamalarını şərh edərkən deyib. ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayen bu yaxınlarda “Azadlıq” radiosuna müsahibəsində Vaşinqtonun Bakının Zəngəzur dəhlizi ideyasını dəstəkləyib-dəstəkləmədiyi sualına cavab verib. Onun sözlərinə görə, Amerika tərəfi adətən bu ideyadan İrəvanın irəli sürdüyü “Dünyanın kəsişməsi” layihəsinə çox oxşar olan ticarət yolu kimi danışır.
Mikaelyan amerikalı diplomatın sözlərini Bakının Zəngəzur dəhlizi ilə bağlı mövqeyinə dəstək kimi qiymətləndirir. Onun sözlərinə görə, Zəngəzur dəhlizi ilə bağlı mövqeyi çox qeyri-müəyyən olan Rusiyadan fərqli olaraq, ABŞ-ın bu mövzuda strateji marağı var. “ABŞ və Türkiyə Mərkəzi Asiyada öz təsirlərini artırmaqda maraqlıdırlar, bunun üçün Türkiyə ilə Xəzər dənizi arasında birbaşa əlaqə lazımdır. Onlar bu məqsədə çatmaq üçün Zəngəzur dəhlizinə bir vasitə kimi baxırlar. Və burada, doğrudan da, ABŞ-ın birbaşa marağı var ki, Azərbaycan və Türkiyənin Ermənistan ərazisindən keçməklə birbaşa quru əlaqəsi yaratsın”, ekspert izah edib.
ABŞ-ın Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizinin bərpasında Rusiyadan da maraqlı olması fikri nə dərəcədə doğrudur? Analitik Pol Qobl ABŞ-ın bu məsələdə mövqeyini dəyişdiyini düşünmür.
"Vaşinqton ticarət və nəqliyyat marşrutlarının, o cümlədən Sünik/Zəngəzur vasitəsilə bərpa olunmasının tərəfdarıdır, lakin mən Vaşinqtonda ekstraterritoriallıq və ya başqa bir prinsipə dəstək görmürəm", deyə diplomat bildirib. Politoloq Endryu Korıbko hesab edir ki, Birləşmiş Ştatlar Zəngəzur dəhlizində Rusiya qədər maraqlı deyil, çünki bu, Ermənistanla Azərbaycan arasında sülhü zəruri edəcək, Vaşinqton bunu istəmir, çünki onlar bölgədəki gərginlikdən dövlətləri parçalamaq və idarə etmək üçün istifadə etməyi planlaşdırır.
“Zəngəzur dəhlizi 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Atəşkəs Bəyannaməsində nəzərdə tutulub və ona əsasən, Rusiya sərhəd xidməti tərəfindən qorunmalıdır. Kreml bu dəhlizi Ermənistan və Azərbaycan arasında ticarət əlaqələrini gücləndirmək və regional çoxqütblü inteqrasiya işini irəli aparmaq üçün praqmatik yol kimi görür. Lakin məhz bu səbəblərə görə ABŞ dəhlizdən istifadəni dəstəkləmir, belə gedişat onun regional hegemon maraqlarına ziddir”, deyə ekspert əmindir. Analitik, geosiyasət və təhlükəsizlik sahəsində ekspert, “The Washington Outsider” jurnalının baş redaktoru İrina Tsukermanın fikrincə, erməni politoloq Ceyms O`Brayenin fikirlərini həddən artıq səxavətlə şərh edir.
“O`Brayen ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı məsələlərə heç bir şəkildə qarışacağını və ya siyasi addımlarla açıq şəkildə dəstəkləyəcəyini iddia etməyib. Görünür, ABŞ icra problemlərindən yarana biləcək mübahisələrdən qaçmaq istəyir.
Bununla belə, bu o deməkdir ki, dəhliz həyata keçirildikdən sonra ABŞ da istədiyi kreditə və ya təsirə malik olmaya bilər və ya çətin məsələlərin həllini gözləsə, o zaman yalnız kiçik rol oynaya bilər. Hələlik dəhlizin həyata keçirilməsində ABŞ-ın rolu ilə bağlı açıq və elan edilmiş plan yoxdur; daha doğrusu, Vaşinqton nəticələrdən dolayı faydalanmağa açıq görünür”, analitik deyir.
O hesab edir ki, ABŞ-ın daha birbaşa iştirakına mane olan bəzi maneələr arasında seçki ilində qlobal böhranların sayının çox olması, Türkiyə ilə gərgin münasibətlər, ABŞ-dakı erməni lobbisinin antaqonist təzyiqi, Dövlət Departamentinin bəzi üzvləri ilə Bakı arasında anlaşılmazlıq tarixi və Bayden administrasiyasının ümumiyyətlə qətiyyətsiz xarici siyasəti var.
“Əgər Bakı Vaşinqtondan daha aydın dəstək istəsə, o, buna təkan verməli və ABŞ-ı kənar müşahidəçi kimi yox, maraqlı tərəf kimi cəlb etməyə çalışmalıdır”, deyə redaktor qeyd edir.
Ümumiyyətlə, onun sözlərinə görə, Birləşmiş Ştatlar adətən Çin və Rusiyanın siyasi və iqtisadi təsirindən yan keçmək üçün strateji yerlərdə bir neçə iqtisadi dəhliz saxlayır.
“Hazırda ABŞ-ın üzləşdiyi ən böyük problemlərdən biri Qırmızı dənizdə husilərin yaratdığı maddi-texniki fasilələr səbəbindən Hindistan-Avropa-Yaxın Şərq Dəhlizinin (IMEC) uğursuzluğudur. Nəticədə Hindistan ABŞ-ın iştirakı olmadan Rusiya və Avrasiya İqtisadi İttifaqı ilə münasibətlərini gücləndirdi, Çin və daha az dərəcədə Rusiya da regionda artan oyunçulara çevrildi.
Bölgədəki müxtəlif ölkələrin ABŞ-ın iştirakı olmadan öz həll yolları ilə çıxış etdiyini görən Vaşinqton təsirini itirdiyini, Rusiya və Çindən yan keçərək ABŞ və müttəfiqlərini regional dinamikadan kənarlaşdıran sanksiyalara səbəb olduğunu başa düşür. Bu səbəbdən Birləşmiş Ştatlar üçün ideal çözüm üçün öz həll yolunu irəli sürmək və ya müstəqil inkişaf edən və məqsədlərinə çatmaq üçün əlverişli olan iqtisadi dəhlizləri dəstəkləməkdir”, deyə Zukerman yekunlaşdırıb.
Ülviyyə, Hurriyyet.az