📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Zəngəzur dəhlizi mütləq açılmalıdır, əks halda Laçın dəhlizi bağlanacaq" - SAMİR HÜMBƏTOV

2021-12-22 15:42:00

"Azərbaycanla Ermənistan arasında bir-iki il ərzində sülh sazişinin imzalanacağı inandırıcı gəlmir"

"Hesab edirəm ki, Ermənistan qondarma erməni soyqırımı ilə bağlı iddiadan əl çəkəcək, eyni zamanda Türkiyə və Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq"

"Qərb Gürcüstanın sözügedən platformada olmasını istəmir, ona görə də hələlik Türkiyə formatın adını "3+3" şəklində saxlayıb"

Bugünkü sayımızda siyasi şərhçi Samir Hümbətovla noyabrın 26-da Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən Soçi görüşü, 15 dekabrda Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutan Brüssel görüşü, o cümlədən Ermənistan hakimiyyətinin 1926 və 1974-cü il xəritələrinə istinad etmə səbəbləri, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələrin təyinatı məsələsi, Gürcüstanın "3+3" formatında iştirak imkanı və digər önəmli məsələlərlə bağlı söhbətləşdik.

"Proseslərin gedişini təhlil etdikdə və çıxan nəticələrə baxdıqda, o zaman Brüssel görüşünün daha məhsuldar olduğunu deyə bilərik"

- Samir bəy, bildiyiniz kimi, buyaxınlarda Ermənistan və Azərbaycan liderlərinin Soçi, ardınca Brüssel görüşü baş tutub. Sizcə, bu görüşlərdən hansını daha məhsuldar hesab etmək olar?

- Təbii ki, proseslərin gedişini təhlil etdikdə və çıxan nəticələrə baxdıqda, o zaman Brüssel görüşünün daha məhsuldar olduğunu deyə bilərik. Çünki artıq burda konkret olaraq Ermənistan baş naziri ilə Azərbaycan prezidenti arasında birbaşa görüş oldu. Yəni, Rusiyadan fərqli olaraq, Avropa İttifaqı liderlərin təkbətək görüşünü təşkil edib onlar arasında sual altında qalan məsələlərin müzakirəsinə şərait yaratdılar. Bildiyimiz kimi, nəticə etibarı ilə hər iki tərəf təsdiq etdi ki, dəmiryolu açılması məsələsi gündəmə gəldi, artıq bununla bağlı işlər var. Hətta sərhədlərin delimitasiyası və demarkasiyası işlərinin aparılması ilə bağlı da razılıq məsələsi var. Düzdür, sərhədlərdə postun qurulması kimi məsələlər də mövcuddur. Təbii ki, bu, gələcək dövrə aiddir. Belə ki, orda post qurula da, qurulmaya da bilər. Sözsüz ki, bunlar detalların içində gedir. Lakin ümumilikdə baxdıqda, Brüssel görüşü Soçi görüşündən daha məhsuldar oldu.

"Bu cür görüşlər neytral bölgələrdə keçirilməli və liderlərin təkbətək görüşünə şərait yaradılmalıdır ki, nəticə ortaya qoya bilsinlər"

- Bundan sonra neçə belə görüş keçirilməlidir ki, sonda sərhədlərin delimitasiyası və demarkasiyası öz həllini tapsın, hər iki tərəfi qane edən sülh sazişi imzalansın?

- Düşünürəm ki, belə görüşlər çox olmalıdır, bu, yalnız Brüssel görüşü ilə bitməməlidir. Hesab edirəm ki, bu cür görüşlər neytral bölgələrdə keçirilməli və liderlərin təkbətək görüşünə şərait yaradılmalıdır ki, nəticə ortaya qoya bilsinlər. Çünki mələsənin həlli bir-iki görüşlə alınan deyil. Bu səbəbdən də ildə ən azı 3-4 görüş olmalıdır ki, bəzi məsələlərdə razılıq əldə oluna bilsin. Çünki cəmiyyətlərin də prosesə hazırlanması məsələsi var. Bu gün Ermənistan cəmiyyətində Azərbaycana və azərbaycanlılara qarşı bir aqressiya var. Bunu aradan qaldırmaq üçün isə Nikol Paşinyanın üzərinə böyük məsuliyyət düşür. Təbii ki, Paşinyanın bunu etməsi üçün ortada müəyyən bir razılıqlar olmalıdır və bundan sonra o, mərhələli şəkildə aqressiyanı aradan qaldırmağa çalışmalıdır. Məsələn, bugünlərdə Azərbaycan 10 erməni terrorçusunu geri qaytardı. Bu, o deməkdir ki, Azərbaycan humanizm prinsipini əsas tutaraq bir jest edir. İndi Paşinyanın bunu təbliğ etməsi lazımdır ki, bəs, Azərbaycanla müəyyən bir danışığa getdik və nəticədə hərbçilərimizi geri qaytardı. Eyni zamanda, davamı olaraq ikitərəfli, üzbəüz görüşlər təşkil olunmalıdır ki, 2-3 və ya 5 il ərzində sülh prosesinin əldə edilməsinə imkan yaradılsın. Lakin sərhədlərin delimitasiyası və demarkasiyası işlərinin yaxın vaxtlarda başlayıb uğurla gedəcəyini düşünürəm. Bəzi xırda detallar ola bilər ki, orda fikirayrılığı olsun. Ancaq bu, o demək deyil ki, məsələ tam belə davam edəcək. Yəni, tezliklə bununla bağlı ortada nəticə olacaq. Sülh sazişinə gəldikdə isə bu, uzunmüddətli bir prosesdir. Şəxsən mənə Azərbaycanla Ermənistan arasında bir-iki il ərzində sülh sazişinin imzalanacağı inandırıcı gəlmir.

"Makron Ermənistanla bağlı niyyətlərini həyata keçirməyə, prezident seçkilərində erməni lobbisindən dəstək almağa çalışır"

- Məlumunuzdur ki, Fransa prezidenti Emmanuel Makron yaranmış fürsətdən istifadə edib dekabrın 15-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla qeyri-formal görüş keçirib. Sizcə, Fransanın "Mən də varam" deməklə məqsədi nədir? Nə kimi nəticə, dividend əldə etmək niyyətindədir?

- Birincisi, Makronun bu addımı atmaqda əsas səbəbi ATƏT-in Minsk qrupunun yenidən aktivləşdirilməsidir. İkincisi, Ermənistana bu və digər formada dəstək verilməsidir. Üçüncüsü isə Qarabağ münaqişəsi ilə bağlı dominantlığın yalnız Rusiyanın əlində olmadığını, yəni Fransa və Avropanın digər ölkələrinin, o cümlədən ABŞ da daxil olmaqla, Qərbin prosesdə iştirakını nümayiş etdirməkdir. Yəni, Makronun tələm-tələsik liderlərlə görüşməsi, "Heç vaxt erməniləri tək qoymayacağıq" deməsi və ardınca Azərbaycan dilində tvit atması onu göstərir ki, Fransa bu məsələdə maraqlıdır. Bildiyimiz kimi, ikinci Qarabağ savaşından sonra ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı konkret fikir söylənildi. Belə ki, 12 dekabr 2020-ci il tarixdə ölkə başçısı həmsədrləri qəbul edərkən, "Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir", deyə bildirib. Təbii ki, burda Fransanın əsas məqsədi Ermənistanla bağlı niyyətlərini həyata keçirmək, ona dəstək verməkdir. Qarşıda Fransada prezident seçkilərinin gəldiyini nəzərə alsaq, qəti şəkildə demək olar ki, Makron məhz bu yolla erməni lobbisindən dəstək almağa çalışır.

"Paşinyan artıq reallığı anlamaşa başlayıb və bilir ki, Ermənistan razılıq verməsə belə, Azərbaycan Zəngəzur dəhlizinin açılmasına nail olacaq"

- Necə düşünürsünüz, Zəngəzur dəhlizini Laçın dəhlizi ilə eyniləşdirmək doğrudur?

- Bildiyiniz kimi, ölkə başçısı İlham Əliyev NATO baş katibi Yens Stoltonberq ilə keçirdiyi mətbuat konfransında qeyd edib ki, Zəngəzur dəhlizi Laçın dəhlizi ilə eynifunksiyalı və eynihüquqlu olacaq. Belə ki, Ermənistan tərəfindən Zəngəzur dəhlizində gömrük postu qoyulacaqsa, Laçın dəhlizində də Azərbaycan tərəfi gömrük postu quracaq. Odur ki, qarşılıqlı addım atılmalıdır. Təbii ki, burda mütləq şəkildə eyniləşdirmə olmalıdır. Yəni, biz Laçın dəhlizinə nə dərəcədə status vermişiksə, həmin status Zəngəzur dəhlizinə də verilməlidir. Bu, birmənalıdır. Onu da bildirim ki, Paşinyan artıq reallığı anlamaşa başlayıb və bilir ki, Ermənistan razılıq verməsə belə, Azərbaycan Zəngəzur dəhlizinin açılmasına nail olacaq. Bu dəhliz mütləq açılmalıdır. Əks halda Laçın dəhlizi bağlanacaq. Odur ki, mahiyyət etibarı ilə hər iki dəhlizin statusu eyni olmalıdır. Yəni, Laçın dəhlizi Qarabağ erməniləri ilə Ermənistan ermənilərini birləşdirməyə kömək etdiyi kimi, Zəngəzur dəhlizi də Naxçıvanla Azərbaycanı birləşdirməyə kömək etməlidir. Bu səbəbdən də dəhlizlərin eyni statusu olmalı, 5 km-lik enlilikdə təhlükəsizlik zolağı çəkilməli, şosse yolu olmalı, dəmiryolu xətti işləməli, o cümlədən infrastruktur üçün digər layihələr həyata keçirilməlidir. Dəmiryol xəttinin 2023-cü ilin axırına qədər istifadəyə verilməsinə dair verilən açıqlamalar onu göstərir ki, böyük ehtimalla, bu vaxta qədər digər şosse yolunun açılması da nəzərdə tutulub. Təbii ki, Paşinyan bunun hamısını açıb cəmiyyətə deyə bilməz.

"Düşünürəm ki, yaxın vaxtlarda Türkiyə ilə Ermənistanın xüsusi nümayəndələri arasında danışıqlar başlayacaq  və bu da bir sıra məsələnin həllinə gətirib çıxara bilər"

- Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələrin təyinatı məsələsinin artıq icra olunduğunu nəzərə alsaq, bunun rəsmi Bakı ilə İrəvan arasında danışıqlara, hələ də razılaşdırılmamış məsələlərin həllinə təsiri ola bilər?

- Əlbəttə olmalıdır və düşünürəm ki, olacaq. Bunun üçün hər iki ölkədən xüsusi nümayəndə qismində təyin olunan insanlara baxmaq kifayətdir. Onlardan biri Türkiyənin 7 il ABŞ-da səfiri olmuş şəxsdir, digəri isə Ermənistan parlamentinin vitse-spikeridir. Elə-belə adam təyin etməyiblər və bu, olduqca vacib məsələdir. Əgər bu missiya üçün sıradan bir şəxsi təyin etsəydilər, o zaman bu, imitasiya xarekteri daşıyan danışıq olardı. Amma xüsusi nümayəndə qismində ən güclü diplomatların, yüksək ranqlı şəxslərin təyin olunması onu göstərir ki, burda Türkiyə ilə Azərbaycan arasında koordinasiyalı çalışma da var. Bu isə onu göstərir ki, atılan bütün addımlarda Türkiyə həm də Azərbaycanın sözünü demiş olacaq. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu özü də bildirib ki, Türkiyə bölgədə atdığı bütün addımlarda, xüsusilə Cənubi Qafqazla bağlı məsələlərdə Azərbaycanla məsləhətləşmələr aparır və birgə qərarlar verir. Yəni, burda söhbət təkcə Azərbaycan-Türkiyə və ya Azərbaycan-Ermənistan əlaqələrindən getmir. Burda həm də üçlü əlaqələrdən söhbət gedir. Yəni, Azərbaycanın demək istədiyini Türkiyənin xüsusi nümayəndəsi açıq şəkildə Ermənistana çatdıracaq. Bu baxımdan, biz bu məsələdə rahat ola bilərik. Fikrimcə, Türkiyə atdığı bütün addımları Azərbaycanla məsləhətləşəcək. Düşünürəm ki, yaxın vaxtlarda Türkiyə ilə Ermənistanın xüsusi nümayəndələri arasında danışıqlar başlayacaq və bu da bir sıra məsələnin həllinə gətirib çıxara bilər. Məsələn, hesab edirəm ki, Ermənistan qondarma erməni soyqırımı ilə bağlı iddiadan əl çəkəcək, eyni zamanda Türkiyə və Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq. Bu, həm də sülh müqaviləsinə gedən başlanğıc səbəblərdən biri olacaq.

"Hesab edirəm ki, Paşinyan hökuməti Türkiyə ilə münasibətləri normallaşdırmaq məqsədiylə qondarma erməni soyqırımı iddiasından əl çəkmək və Ermənistan cəmiyyətini sakitləşdirmək üçün arxivlərin açılmasına gedə bilər"

- Sizin zənninizcə, erməni lobbisi Paşinyan və komandasına qondarma erməni soyqırımı ilə bağlı iddiadan əl çəkməyə imkan vercək? Ümumiyyətlə, bu gün erməni lobbisinin rəsmi İrəvana təsir imkanları var?

- Paşinyanı hakimiyyətə gətirən elə Qərbdə oturan erməni lobbisidir. Lobbinin nə deməsindən asılı olmayaraq, Paşinyan bu addımı atırsa, deməli koordinasiyalı bir gediş var. Yəni, Paşinyan lobbi ilə məsləhətləşdikdən sonra belə bir addım atır. Baxın, semkiqabağı Paşinyan Fransaya səfər etdi və orda erməni lobbisinin nümayəndələri ilə görüşdü. Buna qədər isə Ermənistan rəhbərliyində olan şəxslərdən heç biri Qərbdəki erməni lobbisi ilə məsləhətləşmələr aparmayıb. Paşinyan belə bir addım atırsa, deməli o, bu yolu koordinasiyalı şəkildə gedir. İndi lobbini inandırmaq, onu yola gətirmək artıq Paşinyanın üzərinə düşən öhdəlikdir. Odur ki, bizim üçün önəmli olan erməni lobbisinin nə deməsi deyil, Ermənistan hökumətinin hansı addım atması və nə kimi qərar qəbul etməsidir. Hesab edirəm ki, Paşinyan hökuməti Türkiyə ilə münasibətləri normallaşdırmaq məqsədiylə qondarma erməni soyqırımı iddiasından əl çəkmək və Ermənistan cəmiyyətini sakitləşdirmək üçün arxivlərin açılmasına gedə bilər. Nəticədə isə elan edə bilər ki, ay camaat, sən demə türklər erməni əhalini qırmayıb. Yəni, belə bir addım ata bilər. Düşünürəm ki, bunun üçün müvafiq komissiya qurula və ortaq bir çalışma həyata keçirilə bilər.

"Ermənistanın hansı xəritəni irəli sürməsindən, hansını tanımasından asılı olmayaraq, fakt odur ki, Azərbaycan razılıq verməsə, heç bir dövlət gəlib burda delimitasiyası və demarkasiyası işləri apara bilməz"

- Bəy, son məlumatlara görə, Ermənistan hakimiyyəti 1926 və 1974-cü il xəritələrinə istinad edir. Bu xəritələrə istinad Azərbaycanın maraqlarına cavab verir?

- Ermənistan tərəfinin 1926 və 1974-cü il xəritələrinə istinad etmə səbəbi ondan ibarətdir ki, həmin zaman, SSRİ dövründə kolxoz, sovxoz vardı və ərazilərin bir hissəsi "qardaşlıq" adı ilə Ermənistana verilirdi. Yəni, kolxozlar arasında cüzi dəyişikliklər olub və bu gün bizim üçün strateji əhəmiyyətə malik ərazilər Ermənistana verilib. Ermənistan hakimiyyəti məhz bu səbəbdən həmin xəritələri təqdim edirlər. Amma məsələ burasındadır ki, Rusiya və digər ölkələr özbaşına delimitasiyası və demarkasiyası işləri apara bilməz. Onsuz da qanuni şəkildə bizə hansı sərhədlər uyğun gəlirsə, hərbçilərimiz yavaş-yavaş həmin sərhədlərə qədər yerləşməyə başlayırlar. Sərhədlərin rəsmi şəkildə çəkilməsi isə müəyyən bir zaman alacaq. Onu da qeyd edim ki, Azərbaycan SSRİ zamanında qanuni şəkildə hansı sərhədlər olubsa, həmin xəritəni qəbul etdiyini bildirib. Bundan başqa, 1992-ci ildə həm Ermənistan, həm də Azərbaycan BMT-yə qəbul edilərkən, məhz həmin xəritələrin əsasında qəbul edilib. Yəni, sərhədlər beynəlxalq birlik tərəfindən tanınıb. Bir sözlə, Ermənistanın hansı xəritəni irəli sürməsindən, hansını tanımasından asılı olmayaraq, fakt odur ki, Azərbaycan razılıq verməsə, heç bir dövlət gəlib burda delimitasiyası və demarkasiyası işləri apara bilməz. Azərbaycan isə ancaq öz milli maraqlarına cavab verən xəritələrlə işləməyə razılıq verə bilər.

"Gürcüstanın rəsmi mövqeyindən sonra formatın adını dəyişib "3+2" də qoya bilərdilər, amma formatın adını bu cür saxlayırlar ki, bəlkə Gürcüstan gələcəkdə hansısa bir formada razılığa gələ bilər"

- Bildiyiniz kimi, dekabrın 10-da Moskva şəhərində Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiyanın iştirakı ilə "3+3" formatında keçilən regional platformanın ilk toplantısı keçirilib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə bugünlərdə qeyd edib ki, "3+3" platforması çərçivəsində növbəti görüş Ankarada keçiriləcək. O da məlumdur ki, Gürcüstan rəsmi şəkildə bu formatda iştirak etməyəcəyini bildirib. Elə isə formatın adının "3+3" kimi saxlanılması nə anlam daşıyır? Ola bilərmi ki, Gürcüstanın fikrindən daşınacağını düşünürlər?

- Təbii ki, Gürcüstanın rəsmi mövqeyindən sonra formatın adını dəyişib "3+2" də qoya bilərdilər. Amma formatın adını bu cür saxlayırlar ki, bəlkə Gürcüstan gələcəkdə hansısa bir formada razılığa gələ bilər. Amma məsələ burasındadır ki, Gürcüstanın belə bir razılığa gəlməsi real görünmür. Çünki Gürcüstan hökuməti açıq şəkildə bildirir ki, Rusiya bizim ərazilərimizi işğal edib və buna görə də işğalçı dövlətlə bir platformada ola bilmərik. Üstəlik, oktyabrın 18-də ABŞ müdafiə naziri Lloyd Austin Tiflisə səfəri zamanı Gürcüstanın "3+3" platformasında iştirakı ehtimalı haqda sualı cavablandırarakən, bildirib ki, Rusiya 2008-ci il razılaşmasına əməl etməli, qoşunlarını Abxaziya və Cənubi Osetiyadan çıxarmalıdır. Gördüyünüz kimi, həm Gürcüstanın, həm də ABŞ-ın məsələ ilə bağlı mövqeyi üst-üstə düşür. Bu, o deməkdir ki, Qərb Gürcüstanın sözügedən platformada olmasını istəmir. Ona görə də hələlik Türkiyə formatın adını "3+3" şəklində saxlayıb, lakin yekun nəticə əldə olunan zaman Gürcüstanın mövqeyində dəyişiklik olmasa, onda format "3+2" şəklini ala bilər. Ancaq hələlik bunu etməməklə, əslində Gürcüstana açıq qapı imkanı yaradırlar. Rəsmi Tiflisin isə buna nə cür reaksiya verəcəyi zaman içində bilinəcək. Hesab edirəm ki, bu format Gürcüstanın milli marağına cavab vermirsə ora qatılmayacaq və bu, bir o qədər inandırıcı da görünmür.

Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU