"Zəngəzur dəhlizinə marağımız azalıb, Ermənistan ərazisinə də müdaxilə etmək planımız yoxdur" - ELXAN ŞAHİNOĞLU
"Bu ölkələr isə konsulluq xidmətləri açmaqla boşuna pul xərcləyəcəklər, illər keçdikdən sonra da bağlamaq məcburiyyətində qalacaqlar"
"İranın ardınca Rusiya və Fransa da Qərbi Zəngəzurda konsulluq açmağa hazırlaşırlar. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sözlərinə görə, digər ölkələr də Zəngəzurda diplomatik nümayəndəliklər açmaq istəyirlər". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq hesab edir ki, bu dövlətlərdən biri də Kanada olacaq: "Bu ölkənin İrəvanda səfirliyi elə bu gün açıldı. Bu dövlətlər İrəvanın ağlaşmalarına və Qərb mediasında "Azərbaycan Qərbi Zəngəzuru ələ keçirəcək" səpgili yazılara o qədər inanıblar ki, konsulluq vasitəsilə buna mane olacaqları qənaətindədirlər".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin sözlərinə görə, Zəngəzur dəhlizinə marağımız azalıb, Ermənistan ərazisinə də müdaxilə etmək planımız yoxdur: "Bu ölkələr isə konsulluq xidmətləri açmaqla boşuna pul xərcləyəcəklər, illər keçdikdən sonra da bağlamaq məcburiyyətində qalacaqlar. Çünki konsulluq xidmətlərinin məqsədi həmin ərazilərdə vətəndaşlarına xidmət etməkdir, Fransanın Qərbi Zəngəzurda konsulluğuna müraciət edəcək nə qədər vətəndaşı var?"
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az