“Zerkalnı” maşın və telefon nömrəsi “xəstəliyi”...
İnsanlar niyə həyatlarını bu cür mənasız işlərlə “zənginləşdirmək” istəyir?; sosioloq: “Çalışmalıyıq ki, insanlar bir-biri ilə dəyərlər üzərində yarışsınlar”
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun oğlu Elşən Babaşzadənin 275 min dollar (450 min manat) dəyərində olan avtomobilinə 77-LL-077 ilə başlayan bahalı dövlət nömrə nişanı alması azərbaycanlıların bahalı, cüt rəqəmli, qoşa hərfli nömrələrə olan böyük marağı ilə bağlı məsələni gündəmə gətirib.
Bu bir faktdır ki, “zerkalnı” avtomobil və yaxud mobil nömrə dəbi uzun illərdir ki, Azərbaycanda mövcuddur. Bu, sanki bir hobbiyə çevrilib. Maraqlıdır ki, bu dəblə təkcə məmurlar, məmur övladları, tanınmışlar, varlılar deyil, həmçinin heç də varlı olmayan, kasıb insanlar da ayaqlaşmağa çalışır, bunun üçün bankdan kredit götürməkdən belə çəkinmirlər. Qeyd edək ki, “zerkalnı” nömrələr bəzən adi vətəndaşın bir illik maaşı və yaxud ondan daha baha başa gəlir. O ki qaldı 77 seriyası ilə başlayan avtomobil nömrələrinə, artıq bir neçə aydır ki, paytaxt Bakıda rast gəlmək olur.
Bəs bu cür nömrələrin rəsmi dövlət rüsumu, qiyməti neçəyədir? Kimlər rəsmi qaydada bu cür nömrə ala bilər?
Mövzu ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin mövqeyini öyrənməyə çalışsaq da, çoxsaylı zənglərimiz cavabsız qaldı.
Daha əvvəllər isə DYP-dən bildirilmişdi ki, heç kim özbaşına dövlət nişanı sata bilməz: “Qeydiyyat nişanı avtomobil satışa çıxarıldığı halda maşınla bir yerdə satıla bilər”.
Lakin faktiki olaraq hər birimizə məlumdur ki, avtomobil nömrələrinin əlifba ilə satışı qeyri-şəffafdır. Bu məsələdə hətta “qara bazar” da formalaşıb. Üstəlik, avtomobil nömrələrinin qanuni elektron satışı, boş qalan yerlərin siyahısı haqda heç bir yerdə məlumat əldə etmək mümkün deyil. İnternet resuslarında açıq-aşkar bununla bağlı alver gedir. Araşdıranda məlum olur ki, bu cür elan saytlarında cəlbedici nömrələrin qiyməti min, 10 min, bəzən 100 min manatlarla ölçülür.

Elməddin Muradlı
Hurriyyet.az xəbər verir ki, mövzu ilə bağlı Nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, avtomobil nömrələrinin satışı hələ də qanunda əks olunan formada həyata keçirilmir: “Yol hərəkəti qanunun tələblərinə görə, dövlət nömrə nişanları Dövlət Yol Polisi İdarəsinin internet resuslarında açıq şəkildə satışa çıxarılmalıdır. Orada hərflərin və rəqəmlərin kombinasiyasına uyğun olaraq qeyd olunmalıdır ki, hansı nömrələr satışdadır və həmin nömrələri neçəyə almaq mümkündür. Hər nömrənin də üzərində qiyməti qeyd olunmalı və onlayn satış imkanı yaradılmalıdır, necə ki, cərimələr ilə belə bir sistem mövcuddur. Beləliklə, nömrələrlə bağlı da bu cür eyni sistem yaradılmalı və bu, vətəndaşlara açıq şəkildə təqdim olunmalıdır. Lakin qeyd etdiyim kimi, çox təəssüf ki, qanunun bu müddəası bu günə qədər icra olunmur, hansı ki, təxminən 13 ildir mövcuddur. Üstəlik, internet resursunda bunu yaratmaq, işə salmaq o qədər də çətin proses deyil. Ümid edirəm ki, DYP bu məsələni bir qədər də sürətləndirər.
Nömrələrin fərdi şəxslər tərəfindən satılması məsələsinə gəldikdə, bunun qarşısı alınmalıdır. Vətəndaşlar internetdə nömrə satırlar. Bir şeyin ki, adı dövlət nömrə nişanıdır, yəni qanunvericilikdə bunun adı belə gedir, dövlətə məxsus olan nömrəni vətəndaş necə sata bilər? Bu məsələ də öz həllini tapmalıdır.
Rüsumlara gəldikdə isə əvvəllər adi nömrələr 25 manat idisə, indi 30 manat, digər 2500 manata qədər olan nömrələr isə 1000 manatdan 3000 manata qədərdir və bu, rəsmi rüsumdur. Təklif edirəm ki, gələcəkdə yeni mexanizmlə bahalı nömrələr hərrac yolu ilə satılsın. Hər halda, optimal variant da budur. Kimsə əgər 10-20 min manata nömrə almaq istəyirsə, qoy hərrac yolu ilə alsın.
Bahalı nömrəyə görə özünə güvənən, özünü hörmətli sayan insanlar təəssüf ki, yalnız bir neçə müsəlman ölkəsində mövcuddur. Bildiyim qədər buna bir az da Rusiyada maraq var. Təsəvvür edin, bir ərəb şeyxi bir nömrəyə 7 milyon pul ödəyir. Yəni dəlidir, pul onun üçün önəmli deyil. Azərbaycanda da bu cür insanlar var. Bir çoxu da telefon nömrəsi ilə maşının nömrəsinin uyğun gəlməsini istəyir.
Bu məsələ artıq cəmiyyətimizdə özünə yer tutub. Təsəvvür edin, tutaq ki, mən adi nömrə ilə kiməsə zəng edəndə götürmürlər, lakin 211 - ilə başlayan nömrədən zəng edəndə dərhal zəngimə cavab verirlər. Və yaxud adi nömrə maşını ilə harasa gedəndə məni buraxmırlar, amma 002 nömrə maşını ilə gedəndə qapını özlərini açırlar ki, keçin. Təəssüflər olsun ki, bu reallıqdır.
Daha bir məsələ, həm bahalı, həm də adi maşın nömrələrinin ikinci nüsxəsinin çıxarılma məsələsi də öz həllini tapmalıdır. Şəxsən bu məni narahat edən məsələdir. Tutaq ki, mən 3 min manat ödəyib, dövlət rüsumlu maşın nömrəsi almışam. Kimsə gedib həmin nömrəni çıxartsa, itsə, vəssalam, onu heç cürə əldə edə bilməyəcəm. Bir daha niyə yenidən nömrə almalıyam? DYP bu məsələyə də diqqət ayırmalıdır".
Maraqlıdır ki, “zerkalnı” bahalı nömrə marağı təkcə Azərbaycanda deyil, Şərq ölkələrinin demək olar ki, əksəriyyətində mövcuddur, xüsusən də ərəb ölkələrində. Məsələn, bir müddət bundan əvvəl tarixin ən bahalı avtomobil nömrələrindən biri olan “666-6666" Qətərdəki bir xeyriyyə auksionunda satılıb, nə az, nə çox - 2.75 milyon dollara. Bir neçə il öncə isə dünyanın ”1" rəqəmli ən bahalı nömrəsini BƏƏ-də Əbu-Dabi şəhər sakini gənc Səid Abdul Qaffar Horeyli almışdı, qiyməti 14 211 032 dollara.
Bəs bahalı, cüt rəqəmli, qoşa hərfli nömrələrə həvəs haradandır? İnsanlar niyə həyatlarını bu cür mənasız işlərlə “zənginləşdirmək” istəsin?

Fərqanə Mehmanqızı
Mövzu ilə bağlı psixoloq Fərqanə Mehmanqızı qeyd edir ki, bahalı nömrə əldə etmək istəyi cəmiyyətin psixologiyasından irəli gələn məsələdir:
“Bu, cəmiyyətin özünəməxsus adətidir. Əlbəttə ki, hər bir cəmiyyətin özünəməxsus qaydaları, avtoritet saydığı baxışları var. Düşünürəm ki, bu da bizə aid olan bir xüsusiyyətdir. Lakin bu, təkcə Azərbaycanda, ərəb ölkələrində deyil, Gürcüstanda, hətta Avropa ölkələrində də var. Xatırlayıram ki, Avropa ölkələrinin birində maşın festivalında maşınların üzərində xüsusi nömrələr qoyulmuşdu. İnanmıram ki, həmin nömrələr təsadüfi idi. Düşünürəm ki, bu bir ritmdir. Burada həm sosial mühitin təsiri, həm də insanların öz baxışı var.
Unutmaq olmaz ki, hələ qədimdən nömrələr, rəqəmlərlə bağlı inanclar olub. Məsələn, bəzi ölkələrdə indi də 13 rəqəmi ilə başlayan maşın nömrəsi, hətta hotel otaqları, mərtəbələr yoxdur. Yəni 12-ci mərtəbədən sonra 14-cü mərtəbə gəlir və sairə. Bu o deməkdir ki, nömrələr, rəqəmlər həyatımızda hansısa rol oynayır. Bildiyiniz kimi, numerologiya elmi də var. Ona görə də rəqəmləri inancdan da irəli gələ bilər. Məsələn, mənim bütün mobil nömrələrimdə 7 rəqəmi var. Bu mənim 7 rəqəmini sevməyim və onun uğur gətirəcəyinə inanmağımla bağlıdır. Bu, hər kəsdə ola bilər".

Əhməd Qəşəmoğlu
Sosioloq Əhməd Qəşəmoğlu isə qeyd edib ki, bu birbaşa olaraq mənəvi dəyərlərin arxa plana keçməsinin göstəricisidir:
“Bu, çox faciəli bir haldır. Bir cəmiyyətdə ki, mənəvi dəyərlər arxa plana keçir, orada vəziyyət getdikcə gərginləşir, kriminal durum artır və sairə. İstər Şərq, istər Azərbaycanda ona dost olmayan, onu istəməyən qüvvələrin maraq dairəsindədir ki, cəmiyyət üçün mühüm olan mənəvi dəyərlər arxana plan keçsin, gərginlik, qarşıdurma artsın. Bu, elan olunmamış bir psixoloji müharibədir.
Diqqət etsək görərik ki, orta əsrlərdə Şərq ölkələrində mənəvi dəyərlər daha üstün idi və həmin zamanlar dövlətlə, çox böyük inkişaf edirdi. Məsələn, Çin, Hindistan və sairə. İndi isə Şərqdə geriləmə, parçalanma baş verir. Səbəb gözə görünməyən silah, mənəvi dəyərlərin arxa plana sıxışdırılmasıdır.
Axı “zerkalnı” nömrə, bahalı maşın nə deməkdir? Bu, insanların maddi cəhətdən özlərini nümayiş etdirməsidir. İnsan psixologiyası elədir ki, o, həmişə hər şeydə, hər yerdə özünü təsdiq etməyə çalışır. Bu beşikdən insanın mənəvi tələbatıdır. Ola bilər ki, mühit insanın özünü mənəvi dəyərlərlə təsdiq etməsinə şərait yaratsın, onda insan başqalarına da kömək edir. O zaman ki, insan başlayır özünü maddi dəyərlərlə təsdiqləməyə, onda ətrafındakılara da ziyan dəyir. Ona görə də bu məsələyə çox ciddi diqqət etmək lazımdır. Ölkənin gələcəyini düşünmək istəyiriksə, çalışmalıyıq ki, insanlar bir-biri ilə dəyərlər üzərində yarışsınlar. Bu istiqamətdə işlər görülməlidir".