📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsində şahid danışdı: “Həcini tanıyıram...”

2021-12-18 13:27:00

Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsində şahid danışdı: “Həcini tanıyıram...”

Bakı Ağır Cinayətlər Məhkəməsində Azər Paşayevin sədrliyi ilə Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirovun, onunla birgə mühakimə olunan Çingiz Səfərov, Rahil Babayev, Zəfər Abdulov, Eldar Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Məhkəmə prosesi davam etdiyi dövrdə zərərçəkənlərdən Xumara Şabanova dünyasını dəyişib. İttihama görə, Daşqın Nəsirov 2 ahıl qadının - 80 yaşlı Əzizəxanım Atayevanın və mərhum Xumara Şabanovanın Türkan qəsəbəsində, dəniz sahilində yerləşən torpaq sahələrini saxtakarlıqla ələ keçirib. Zərərçəkənlərin şikayətindən sonra həyata keçirilmiş istintaq tədbirləri ilə Türkan qəsəbəsi sakinləri Daşqın Nəsirov və Çingiz Səfərovun 2019-cu ilin iyul ayında Xəzər Rayon İcra Hakimiyyətinin Türkan qəsəbə nümayəndəsi vəzifəsində işləmiş Rahil Babayevi vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etməsi müəyyənləşib. Məlum olub ki, qəsəbə sakinləri 1939-cu il təvəllüdlü Əzizəxanım Atayevanın və 1928-ci il təvəllüdlü Xumara Şabanovanın ölmələrinə dair saxta sənədlər hazırladıqdan sonra Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə yalan məlumatlar daxil ediblər, bununla da dövlətə məxsus olan orta bazar qiyməti daha yüksək olan torpaq sahəsini və həmin torpaq sahəsinə dair əmlak hüquqlarını dələduzluq etməklə ələ keçiriblər. Çingiz Səfərov və Daşqın Nəsirov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 320.2 (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) və başqa maddələri ilə, icra nümayəndəsi işləmiş Rahil Babayev isə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı)  maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs-qətimkan tədbiri seçilib. Sonradan isə Daşqın Nəsirov Binəqədi Rayon Məhkəməsinin qərarı ilə qanunsuz olaraq azadlığa buraxılıb. Məhkəmə zərərçəkənlər və onların qanuni nümayəndəsinin Daşqın Nəsirovun məhkəmə dövründə həbsdə saxlanılması haqda vəsatətlərini təmin etməyib. İş üzrə təqsirləndirilən şəxslərdən yalnız Çingiz Səfərov özünü ittiham üzrə qismən təqsirli bilir. Daşqın Nəsirov əsas fiqurant olsa da, özünü təqsirli bilmir.

Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi (FOTO/VİDEO)

Dekabrın 17-də keçirilən prosesdə Xumara Şabanovanın oğlu Dəyanət Şabanov zərərçəkmişin hüquqi varisi qismində tanınıb. Bundan sonra prosesdə Türkan  qəsəbəsində torpaq alqı-satqısı ilə məşğul olmuş Qərib Nadirov şahid qismində dindirilib. Hakimin “təqsirləndirilən şəxslərdən kimləri tanıyırsız” sualına şahid həbsdə olan Xəzər rayonunun icra başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi olmuş Rahil Babayevlə Çingiz Səfərovu işarə edərək “bunlar kənd adamlarıdır, həcilərdir”. Hakim “başqa kimi tanıyırsız” sualına şahid zalda əyləşən təqsirləndirilən Daşqın Nəsirovu göstərərək “həcini tanıyıram, o da kənd adamıdır” cavabını verib.

Şahid deyib ki, Türkan bələdiyyəsinin keçmiş sədri Mehman Ağayevin tapşırığı ilə Daşqın Nəsirova torpaq satmasına dair etibarnamə verib. Əvəzində 100 manat pul alıb. Şahidə dövlət ittihamçısı, vəkillər torpaq alqı-satqısı ilə bağlı bir neçə sual verib. Qərib Nadirov deyib ki, alqı-satqı ofisi açsa da, işləyə bilməyib. Buna görə də ofisi bağlayıb.

Zərərçəkmişlərə məxsus torpaq sahələrinə onların xəbəri olmadan mülkiyyət hüququna dair çıxarış alınıb. Bu barədə danışan Eldar Mirzəyev bildirib ki, həmin torpaq sahələrinə çıxarış almaq üçün 1 saylı Bakı Ərazi İdarəsinə o ərazilərin icarə müqavilələri və nortarial qaydada təsdiqlənmiş məktublar təqdim edilmişdi. Onlar da həmin sənədlərə əsaslanaraq, çıxarış veriblər.

Zeynəb Xanlarovanın axtarışda olan qohumu onun bağ evində gizlənir - iddia

Daşqın Nəsirov

Eldar Mirzəyevin məhkəmədə dediklərilə istintaqa ifadəsi arasında ziddiyyətlər olduğuna görə onun prokurorluqdakı ifadəsi elan edilib. Həmin ifadədə yazılıb ki, sözügedən çıxarışların verilməsi üçün idarənin rəisi, hazırda təqsirləndirilən şəxslər arasında Zəfər Abdulovdan göstəriş gəlib: “Rəhbərim olduğu üçün onun tapşırığına əməl eləmişəm”.

Lakin o, istintaqa ifadəsini təsdiqləməyib. Mirzəyevin vəkili deyib ki, o, istintaqda müdafiəçisi olmadan dindirilib. Bundan sonra proses dekabrın 24-nə qədər təxirə salınıb.

İş üzrə təqsirləndirilən şəxslər Xəzər rayonunun icra başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi olmuş Rahil Babayev, Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulov, onun müavini olmuş Eldar Mirzəyev, eləcə də Çingiz Səfərov və Daşqın Nəsirovdur. Təqsirləndirilən 5 nəfərdən ikisi - Babayev və Səfərov həbsdədir. Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu olan Nəsirov əvvəl bu işə görə axtarışda olub, 2020-ci ilin dekabrında həbs edilib. Lakin 4 ay sonra səhhətində problemlər olması əsas gətirilərək, ev dustaqlığına buraxılıb. Saxta sənədlərlə dəniz sahilində ümumilikdə 1.12 hektar torpaq sahəsinin mənimsənildiyi iddia olunan yaşlı qadınlar - Əzizəxanım Atayeva və Xumara Şabanova bu iş üzrə zərərçəkmiş qismində tanınıb.

Şabanovanın yaxınları deyir ki, bundan sonra məhkəmə prosesində onun oğlu Dəyanət Şabanovun zərərçəkmişin hüquqi varisi qismində tanınması üçün məhkəməyə ərizə veriləcək. Sözügedən məhkəmə prosesi 7 aydır ki, davam edir.

Adları çəkilən 5 nəfərdən əlavə, bu işdə təqsirləndirilən daha iki nəfər də var. Bunlar Türkan bələdiyyəsinin keçmiş sədri Mehman Ağayev və qəsəbədə torpaq alqı-satqısıyla məşğul olmuş Qərib Nadirovdur. Ağayev axtarışa verilib, Nadirovun işinə isə ayrıca icraatda baxılır. Cinayət işinin materiallarında iddia olunur ki, torpaq alqı-satqısı ilə məşğul olan Çingiz Səfərov, Qərib Nadirov və Çingiz Nəsirovun təhriki ilə sabiq icra nümayəndəsi və bələdiyyə sədri, eləcə də Dövlət Reyestr Xidmətinin vəzifəliləri əlbir olub. Nəticədə Türkan qəsəbəsində dəniz sahilində yerləşən, Atayeva və Şabanovaya məxsus ümumilikdə 1.12 hektar torpaq sahəsi saxta sənədlərlə qanunsuz satılıb. İstintaq saxta sənədlərlə satılmış torpaq sahələrini 190 min manat dəyərləndirib. Təqsirləndirilən şəxslərə qarşı CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 320.2 (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələrilə ittiham irəli sürülüb. Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Təqsirləndirilən şəxslərdən yalnız Səfərov özünü sənədlərin saxtalaşdırılması ittihamı üzrə qismən təqsirli bilir, qalan ittihamları qəbul etmir. Digərləri isə ittihamların heç biri ilə razılaşmır.