Zığ ərazisində ölülər mühasirəyə alınıb
Sosial şəbəkədə Böyükağa Abdullayev adlı istifadəçi Zığ yolunun sağ tərəfində Zeytun bağları ərazisində salınmış qəbristanlığa gedərkən gördüyü xoşagəlməz halları səhifəsində paylaşıb. O sözügedən qəbristanlığa gedən yolun tamamilə bağlanıldığını bildirib:
"03.10.2021-ci il tarixdə Zığ yolunun sağ tərəfində Zeytun Bağları Ərazisində salınmış qəbristanlıqda dəfn etdiyimiz ölülərimizi anmağa-yad etməyə, üstlərində bir yasin oxutdurmağa getmişdik. Dəhşətli bir mənzərə ilə üzləşdik. Qəbristanlığa gedən yol tamamilə bağlanmışdır. Qəbristanlıq dörd bir yandan setka hasara alınmışdır. Qəbirə baş çəkmək üçün maşınını saxlayıb gərək 1 km dar bir cığırla piyada gedəsən. Baş daşlarında yazılan yazılardan görünür ki, qəbristanlıq hələ 1960-cı illərdə salınmışdır. Molladan soruşdum ki, ay molla bəlkə sən bilərsən bu nə məsələdir. Molla bildirdi ki, 2 aydan artıqdır ki, bir qrup naməlum maskalı şəxslər tərəfindən ölülərlə birlikdə mühasirəyə düşmüşlər. Heç yerdən kömək yoxdur. Qəbristanlığa çəkilən suyun da qabağını bağlamışdılar. Durum çox acınacaqlıdır. Xahiş edirlər ki, ölülərin mühasirədən azad edilməsi yönümündə yuxarı instansiyalara, Dövlət Qurumlarına müraciət edəsiniz ki, bizə köməklik göstərsinlər. Əziz dostlar, sizlərin hər birinizdən xahiş edirəm oxuyun, rəy bildirin və paylaşın. Paylaşaq ki, ölüləri mühasirədən qurtara bilək. Qəbristan əhlindən əl çəksinlər. Ey, bu gün Qəbristan əhlini mühasirəyə alanlar, inanın ki, öləndə sizi bu torpaq qəbul etməyəcəkdir. Ölülərlə işiniz olmasın. Gedin ölülərdən çox-çox aralıda biznesinizi qurun... Amalım ədalətsizliyə qarşı ədalətli mübarizə aparmaqdır".
YƏHYA