📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

SƏHHƏTİNDƏ PROBLEM YARANAN JURNALİST - Fərid İsmayılov hərbi xidmətdə qarşılaşdığı problemdən yazdı

2022-02-22 00:37:00

SƏHHƏTİNDƏ PROBLEM YARANAN JURNALİST - Fərid İsmayılov hərbi xidmətdə qarşılaşdığı problemdən yazdı

Xəbər verdiyimiz kimi, tanınmış jurnalist, hazırda hərbi xidmətdə olan Fərid İsmayılovun səhhətində problem yaranıb. Hurriyyet.az-da dərc olunan “Hərbi xidmətdə olan jurnalistin səhhətində problem yaranıb – FƏRİD İSMAYILOV 2 GÜN REANİMASİYADA SAXLANILIB” sərlövhəli yazıda qeyd etmişdik ki, bu haqda jurnalist özünün “Facebook” səhifəsində açıqlama yayıb.

Hurriyyet.az xəbər verir ki, bu gün jurnalist özünün Facebook səhifəsində daha geniş açıqlama verib. Həmin açıqlamanı olduğu kimi təqdim edirik:

"Əziz dostlar, hörmətli yoldaşlar! Bir müddətdir ki, çoxunuz yazırsınız, soruşursunuz, nə baş verdiyini bilmək istəyirsiniz. Bu yazım bir qədər uzun olacaq, amma artıq yazmaq məcburiyyətindəyəm. Əslində nə baş verib?

2021-ci ilin iyun ayında Kəlbəcər Rayon SHXÇDX tərəfindən zəng edilərək idarəyə yaxınlaşmağım xahiş edildi. Bildirildi ki, hərbi xidmətə çağırış müddətim bitir və hərbi həkim komissiyasının rəyi üçün müayinə olunmalıyam. Ertəsi gün idarəyə getdim və idarənin bir işçisi ilə müayinə olunmaq üçün xəstəxanaya getdik. Kardiologiya şöbəsində müayinə olunandan sonra həkim nəticəyə baxıb "digər müayinələrə ehtiyac yoxdur, baş həkimə yaxınlaşın", baş həkim nəticəyə baxıb "hərbi xidmətə yararsızsan" dedi və idarənin işçisi sənədləri alıb mənimlə Kəlbəcər Rayon SHXÇDX-ə getdi. İdarədən isə "sən get, biz sənin hərbi xidmətə yararsızlığınla bağlı sənədləri hazırlayıb bitirəndə çağıracayıq". Bakıya geri qayıtdım və bir neçə gün sonra əsgər qidasının keyfiyyətini tənqid edən post paylaşdım. İyul ayında Kəlbəcər Rayon SHXÇDX-dən zəng gəldi. "Sənədlərdə çatışmazlıq var, idarəyə gəlin" deyildi. Yenə ertəsi gün idarəyə getdim. Məni yenidən müayinə edib "hərbi xidmətə yararlı" etdilər. Özüm dəfələrlə ordu haqqında reportajlar hazırladığım üçün heç nəyə etiraz etmədim. Vətənə xidmət, əlavə təcrübə, hərbi texnika haqqında biliklərin öyrənilməsi və s. kimi amillərə görə hərbi xidmətə getmək qərarını verdim.

20 iyul 2021-ci il tarixində hərbi xidmətə getməyimlə bağlı çağırış vərəqi verildi. 19 iyul tarixində Gəncə şəhərinə getdim və idarənin bir işçisinə zəng etdim. 23 iyul tarixində idarəyə yaxınlaşmağım bildirildi. 23 iyul tarixində idarəyə getdim və idarənin işçisi məni bir mülki maşına əyləşdirib Silahlı Qüvvələrin "N" saylı hərbi hissəsinə apardı. Hərbi hissədən mənim adımın onların siyahısında olmaması barədə məlumat verildi. Qeyd edim ki, hansı ordu korpusunda xidmət edəcəyimlə bağlı məlumat 23 iyul tarixində bəlli olub və elektron xidmətdə açıqlanıb. İdarə işçisinin 10-a yaxın zəngindən sonra maşına əyləşib növbəti hərbi hissəyə getdik. Bəlli oldu ki, mindən artıq çağırışçıdan yalnız 1 Kəlbəcər Rayon SHXÇDX-dən çağırılıb. 24 iyul - 29 iyul tarixlərində hərbi hissənin qərargahında 10 dəfə oldum. Məni yanına çağıran rütbəlilər eyni sözü deyirdi: "Nə problemin olsa, mənə yaxınlaş, bir əmi, dayı kimi".

31 iyul tarixində sağlamlığımda yaranmış problemə görə Ağdam rayonunda yerləşən hərbi hospitala yerləşdirildim. 6 avqust tarixində sağalıb xidməti yerimə qayıtdım. 26 sentyabr tarixində xidməti yerim dəyişdirildi. X rayonunda yerləşən Y kəndində xidmətə davam etdim. 1 gün keçməmişdi ki, 40-60 olan təzyiqə görə hərbi hissənin tibb məntəqəsinə göndərildim. Daha sonra Ağdam rayonunda yerləşən hərbi hospitala. Məntəqə şəraitində saxlanılmalı olduğum hərbi hissənin tibb məntəqəsindən bildirildi. Tibb məntəqəsində olan bərbad şərait, həkimlərin qeyri-peşəkar fəaliyyətinə görə heç bir narahatlıq olmadığını bildirib xidməti yerimə qayıtdım. Bir neçə gün müddətində xidməti yerimdə olan çavuş məni nəzarətdə saxladı, tez-tez mənimlə maraqlandı.

Oktyabr ayının 11-də xidmətə davam etmək üçün respublikanın ən çətin taborlarından birinə göndərildim. Noyabr ayının 23-də səhhətimdə yaranmış problemə görə növbəti dəfə Ağdam rayonunda yerləşən hərbi hospitala göndərildim, oradan isə Naftalan şəhərində yerləşən tibb mərkəzinə. Hospitalın işçiləri gecə-gundüz əziyyət çəksələr də ağrılarım keçmirdi. Dekabr ayının 1-də Ağdam rayonunda yerləşən hərbi hospitalın komandiri müayinəm üçün Gəncə şəhərində yerləşən hərbi hospitala göndərilməyim üçün xidmət etdiyim hərbi hissənin tibb məntəqəsinə müraciət etdi. Xidməti yerimə qayıtdım. Lakin həftələrlə gözləsəm tibb məntəqəsindən "növbəti həftə, növbəti həftə" cavabları gəlirdi. Bu müddətdə xidməti yerimdə olan tibb xidməti leytenantı ağrılarımın azalması üçün bacardığını etdi.

Yanvar ayının 18-də xidməti yerimdə yıxıldım və hərbi hissənin tibb məntəqəsinə göndərildim. Heç bir sınıq, problemin olmadığı bildirildi. "Maz vur, düzələcək" diaqnozu qoyuldu. Yanvar ayının 25-dən etibarən ağrılarım başladı, ayın 29-da sol nahiyəmdə olan ağrılar şiddətləndi və növbəti dəfə hərbi hissənin tibb məntəqəsinə göndərildim. "Heç nəyin yoxdur, isti çaydan çox iç keçəcək" cavabından sonra başa düşdüm burada vəziyyətim daha da ağırlaşacaq. Buna görə də Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisinə müraciət etdim. Bu müraciətə görə ilkin olaraq mübahisələr, hədələr başladı. 31 yanvar tarixində Ağdam rayonunda yerləşən hərbi hospitala yerləşdirildim və "pnevmotoraks" diaqnozu qoyuldu. Bunun üçün də əməliyyat olundum. Fevral ayının 3-də isə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirildim. 18 fevral tarixində sağalıb Ağdama, 19 iyul tarixində isə oradan xidmət etdiyim hərbi hissəyə aparıldım. Məlum oldu ki, xidməti yerimi növbəti dəfə dəyişiblər. 12 mart tarixindən etibarən geridə qalan xidmətimi Talış kənd-Suqaovuşan istiqamətində davam etdirəcəm.

Bu ötən 7 ayda mənə dəstək olan onlarla insan oldu. "Kanal 13" ailəm, "Hürriyyət TV", hərbi bloggerlər, jurnalistlər, hüquq müdafiəçiləri, siyasi partiyalar, QHT-lər və digərləri, hər birinizə minnətdaram!

Eyni zamanda, dəyərli, vicdanlı həkimlərimizə öz minnətdarlığımı bildirirəm.

Aldığım məlumata görə günahkarların bir qismi cəzalandırılıb, lakin bu kifayət deyil, bacardığım hər şeyi edəcəm".

 

Hurriyyet.az